Metroda sıxlıqla bağlı hansı tədbirlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI

Metroda sıxlıqla bağlı hansı tədbirlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI

"Gözlənildiyi kimi yeni tədris ilinin başlaması ilə metroda sıxlıq xüsusi qaydada artıb. Hal-hazırda monitorinqlərimiz davam edir". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq"Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, yeni qrafik elan edilərkən 10-15 gün metropolitendə xüsusi monitorinqlər aparılır: "Bu, həm də sərnişin axınının sabitləşməsi dövrüdür. Yəni, bu müddətdə sərnişinlərin səmti müəyyən etməsi, metrodan istifadə vaxtının dəqiqləşdirilməsi ilə bağlı məsələlər tam həllini tapır. Daha sonra metropoliten sabit olaraq müəyyən mexanizmlər tətbiq edə bilir. Bu mexanizmlər müxtəlif spektrli ola bilər. Hələlik operativ qaydada müşahidə və monitorinqlər davam etdirilir".

Qurum rəsmisi onu da qeyd edib ki, yaxın günlərdə görülə biləcək tədbirlərlə bağlı məlumat veriləcək: "Xüsusi olaraq qeyd edim ki, monitorinqlər kimi görülən tədbirlər də operativ qaydada tətbiq olunur. Məsələn, günorta saatlarında ehtiyat qatarlarının buraxılması, sərnişin axınının öyrənilməsi, platformalarda əlahiddə sıxlığın yaranmaması, ifrat sıxlığa qarşı qabaqlayıcı tədbirlərin görülməsi öz həllini tapır. Ümumilikdə hər hansı bir yenilik tətbiq olunarsa, təbii ki ictimaiyyəti bununla bağlı məlumatlandıracağıq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə