"Hədəfimiz azad olunan ərazilərimizin dəyər zəncirinə inteqrasiyasını təmin etməkdir"
"Bizim gələcəyə yönəlmiş əsas hədəfimiz işğaldan azad olunan ərazilərimizi bərpa edərək həmin ərazilərin dəyər zəncirinə inteqrasiyasını təmin etməkdir. Bildiyiniz kimi, 2020-ci ildə cənab Ali Baş Komandan İlham Əliyevin yüksək iradəsi və rəşadətli ordumuzun əzmkarlığı sayəsində Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad etdi. Bu qələbə həm də türk dünyasının qələbəsi olaraq türk birliyinin etno-siyasi coğrafiyasını bərpa etdi. İşğal dövründə həmin ərazilər işğalçılar tərəfindən tamamilə dağıdılaraq yararsız hala salınmışdır. Məscidlər, mədrəsələr, digər tarix-mədəniyyət abidələri və evləri dağıdılmış, ərazilər minalanmışdır". SİA xəbər verir ki, bu sözləri Türk Dövlətləri II Aqrobiznes Forumunda Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O qeyd edib ki, hal-hazırda həmin ərazilərdə böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, “ağıllı şəhər”lər və “ağıllı kənd”lər salınır: "Həmçinin cənab Prezident İlham Əliyev tərəfindən “yaşıl enerji zonası” elan edilən işğaldan azad olunan ərazilərimiz böyük aqrar potensiala malik olmaqla, artıq 128 min hektar kənd təsərrüfatına yararlı torpaqlara sahibdir. İndi bizim əsas məqsədimiz həmin ərazidəki digər kənd təsərrüfatına yararlı torpaqları minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal və ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaqdır. Təbii ki, biz bu işləri siz – iş adamları ilə birgə görmək niyyətindəyik və buna görə sizləri Qarabağda və Şərqi Zəngəzurda investisiya imkanları ilə yaxından tanış olmağa dəvət edirəm. Gözləntimiz odur ki, türk birliyindən olan iş adamları sıx əməkdaşlıq quraraq ölkələrimizin sahib olduğu ən yaxşı təcrübələr və texnologiyalardan istifadə edərək işğaldan azad olunmuş ərazilərdə tətbiq etsinlər".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB