"3914 reklamın yayımı dayandırılıb" - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

"3914 reklamın yayımı dayandırılıb" - QURUM RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

"2023-cü ilin 6 ayı ərzində açıq məkanda ölkə üzrə 3914 reklamın yayımı dayandırılıb. Sökülən reklamların 472-si dövlət dili normalarının pozulması ilə əlaqədar olub. Açıq məkan reklamlarında dil normalarının pozulması hallarına daha çox Bakı şəhərində rast gəlinib". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin təhrif olunması ilə bağlı paytaxda yayımı dayandırılan reklamların sayı cari ilin ikinci rübündə birinci rüblə müqayisədə 11% çox olub: "Bu ilin 6 ayı ərzində ADRA tərəfindən açıq məkan reklamlarındakı qanunauyğunsuzluqları aradan qaldırmaları üçün sahibkarlara 5294 xəbərdarlıq, icrası məcburi göstəriş və bildiriş təqdim olunub".

"Yerlərdə sahibkarlarla görüşlər keçirilərək onların sualları cavablandırılıb. Maarifləndirmə işlərinin nəticəsi olaraq 6 ay ərzində demontaj olunan reklamların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb. Ümumilikdə yarım ildə açıq məkanda reklam yerləşdirmək üçün ADRA-ya 25831 müraciət daxil olub və 103387 reklamın yayımına icazə verilib",- deyə qurum rəsmisi əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə