"Pul siyasəti ilə bağlı növbəti qərar sentyabrda açıqlanacaq" - AMB-NİN SƏDRİ

"Pul siyasəti ilə bağlı növbəti qərar sentyabrda açıqlanacaq" - AMB-NİN SƏDRİ

"Faiz dəhlizi parametrlərinin dinamikası, pul siyasəti alətlərinin adekvat tətbiqi və makro-prudensial tələblərdə edilən dəyişikliklər məcmu tələbin izafi artımını məhdudlaşdırmaqdadır". SİA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Sədr qeyd edib ki, pul bazarında əməliyyatlar üzrə orta faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya verməkdə davam edir: "May ayından başlayaraq gündəlik əsasda açıqlanan və banklar arasında milli valyutada bağlanan təminatsız əqdlərin orta çəkili faiz dərəcəsini əks etdirən AZIR (Azerbaijan Interbank Rate) indeksi artım meyillidir. Belə ki, cari ilin əvvəlindən bəri 1 günlük AZIR indeksi 1.87, 1 həftəlik AZIR indeksi isə 1.04 faiz bəndi qalxmışdır. Pul təklifinin daha effektiv tənzimlənməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin daha da məhdudlaşdırılması və de-dollarlaşma meyillərinin dəstəklənməsi üçün məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxılmışdır. Qərara alınmışdır ki, 2023-cü ilin iyul ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (2023-cü ilin 15 avqust tarixindən) etibarən məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar. Məcburi ehtiyat normalarının hüquqi şəxslərin depozitlərinin məbləğindən asılı olaraq diferensial tətbiqi likvidliyin təmərküzləşməsini azaltmağa və əlavə vəsaitin sterilizasiyasına imkan yaradacaqdır".

"Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcəkdir.

Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il sentyabr ayının 20-də açıqlanacaqdır"-, deyə sədr əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə