Restoranlarda "servis haqqı" qanunauyğundur? - MÜNASİBƏT BİLDİRİLDİ

Restoranlarda "servis haqqı" qanunauyğundur? - MÜNASİBƏT BİLDİRİLDİ

"Əlavə xidmət haqqının tələb edilməsi istehlakçı hüquqlarının pozulmasıdır. Müştəriyə təqdim olunan bütün məhsulların qiyməti artıqlaması ilə hesablanır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.

Onun sözlərinə görə, əslində məntiqlə baxsaq, restoran özü xidmət sahəsidir: "Buranın da öz yazılmamış qanunları var. Əgər müştəriyə qabaqcadan qeyd olunursa ki, onlardan servis xidməti tələb olunacaq, bu halda müştərinin yemək yedikdən sonra servis haqqından imtina etməsi düzgün deyil. Səbəb odur ki, müştəriyə bu barədə məlumat verilib və təqdim olunan qəbzdə də bu barədə qeyd var. Müştərinin ödədiyi məbləğdən vergi ödənilir (qəbz Vergi Məcəlləsinə uyğun olmalıdır). Burada gizlin heç nə yoxdur. Yemək menyusunda da bu, qeyd edilməlidir. Servis xidmətləri bir çox ölkələrdə adətən 5-25 faiz civarında olur”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, bəzi ölkələrdə, ümumiyyətlə, servis xidməti məsələsi yoxdur: "Servis xidmətinə müştəriyə xidmət edən ofisiantın pulu da əlavə olunur. Yəni, müştərinin servisə görə ödədiyi faizin içində qabyuyanın pulu, ofisiantın pulu, süfrə aksesuarlarından istifadə pulu aid edilir. Yemək bura aid edilmir. Bu səbəbdən də menyuda servis ayrı, xörəklərin məbləği ayrı göstərilir. Bəzi hallarda isə ofisiantın pulu "çayevoy" qismində ayrı göstərilir. "Azərbaycan Respublikası İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda restoran, servis xidməti, çay pulu ilə bağlı bir qeyd yoxdur.

Məsələn, ABŞ-də “çay pulu”nun verilməsi restoran tərəfindən verilən minimum əməkhaqqından əlavə dolanışıq üçün pul hesab olunur. Burada faiz yoxdur ki, mən bu ofisianta bu qədər çay pulu qoymalıyam. Müxtəlif məbləğlər qoyaraq çekdə onu qeyd edə bilərlər. Yaxşı xidmət göstərən ofisianta tələbat böyükdür. Hər kəs öz restoranında belə ofisiantları görmək istəyir. Onların çay pulları da yüksək olur. Bizdə bununla bağlı hər hansı qanunvericilik yoxdur. Yalnız Vergi Məcəlləsi baxımından nə qədər vəsaiti büdəcəyə köçürməlisən qeydi var. Qanunvericilikdə ABŞ-də olduğu kimi qaydalar müəyyən olunsa, yazılmamış daxili qaydaya ehtiyac duyulmaz".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə