"Binaların tikinti və istismara icazəsi prosesi şəffaf aparılmalıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
2023-cü il iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalanıb. Bizə məlumdur ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra tikinti-şəhərsalma sahəsində kifayət qədər uğurlu işlər həyata keçirilib. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, tikinti sektoru ölkənin sosial və iqtisadi vəziyyətinə, ətraf mühitə təsir edən əsas sahələrdəndir. Ona görə də tikinti-şəhərsalma sahəsində işlər o şəkildə aparılmalıdır ki, ekoloji problemlər olmasın, insanların rahatlığı üçün hər cür şərait yaradılsın, tikilən binalar öz keyfiyyəti ilə diqqəti cəlb etsin, təbii fəlakətlər baş verdiyi təqdirdə binalara heç bir zərər dəyməsin. Amma təəssüf ki, tikinti sektorunun dinamik inkişafı ilə bərabər bəzi sahələrdə müəyyən nöqsanlar, çatışmazlıqlar və bu baxımdan özünü doğrultmayan binalarımız var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, dövlət başçısı tərəfindən verilən fərman bir daha onu vurğulayır ki, tikilən binaların tikintiyə və istismara icazə alınması prosesi son nəticədə bütün tələblərə cavab verəcək şəkildə şəffaf aparılmalıdır: “Azərbaycan bugünkü gündə dünyanın ən uğurlu tikintisini ortaya qoymaq üçün rəqabət aparan bir dövlətdir. Bu rəqabətin qalibi olmaq və tikilən binaların öz keyfiyyəti ilə diqqəti cəlb etməsi üçün bir tərəfdən tikinti-şəhərsalma sahəsində tədbirlər, digər tərəfdən insan faktoru böyük əhəmiyyət kəsb edir. Tikintini aparan şirkət və bu şirkətə məxsus olan insanlar bir tərəfdən qanunu, başqa bir tərəfdən isə Azərbaycan iqtisadiyyatının inkişafını əsas tutmalıdır”.
Deputat sözlərinə davam edərək bildirib ki, ayrı-ayrı binalar, onun mərtəbələri ilə bağlı bütün proseslər diqqətlə qayda-qanuna əsasən yerinə yetirilmiş olsa, təbii ki, heç bir problem yaşanmaz: “Bu gün Aəzrbaycanda bu uğurlarla yanaşı ən böyük çatışmazlıq sənədi olmayan tikililərdir. Bu binalar qeyri-qanuni əsaslarla tikildiyinə görə insanların rahatlığını təmin edə bilmir. Məhz buna görə də fərmanda qeyd olunduğu kimi binalar o şəkildə möhkəm tikilməlidir ki, gələcəkdə hər hansı bir problem yaşanmasın. Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycanda tikinti-şəhərsalma sahəsində fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyətinin artırılması son nəticədə ölkədə insan amilinə hesablanan bir fərmandır. Bu mənada imzalanan fərmanın böyük əhəmiyyəti var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB