Avtomobillərin qiyməti hansı hallarda ucuzlaşacaq? - SORĞU

Avtomobillərin qiyməti hansı hallarda ucuzlaşacaq? - SORĞU

Məlum olduğu üzrə, Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 18-də keçirilən iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq. Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur. Bəs, bu avtomobillərin qiymətinə təsir edəcək? SİA mövzu ilə bağlı iqtisadçı və nəqliyyat məsələləri üzrə ekspertlərin fikirlərini öyrənib.

İqtisadçı ekspert Samir Heydərov: "Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində 10 ildən çoxdur ki, Azərbaycanda avtomobil istehsalına başlanılıb. Belə ki, Naxçıvan, Neftçala və Hacıqabulda avtomobillər istehsal olunur.

Pandemiya dönəmində avtomobillərin istehsal tempi aşağı olsa da 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 456 ədəd minik avtomobili istehsal edilib. Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən 2022 ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 64.6% artıb.

İstehsal artımı ilə yanaşı yığılan hazır avtomobillərin anbarlardakı sayı iki ayda yığılan hazır avtomobillərin sayından çoxdur. Hazır avtomobillər 2023-cü ilin martın 1-nə olan statistikaya görə 465 ədəd təşkil edir.

Bütün bunları nəzərə alaraq avtomobil istehsalının artım tempini daha da sürətləndirmək üçün hökumət 2023-cü ilin mayın 1-dən Azərbaycanda istehsal olunan avtomobillər üçün ƏDV-nin tətbiqini 10 il müddətinə dayandırır. Bu addım yerli avtomobil istehsalını daha da canlandıraraq həm istehsalın həcmini artıracaq, həm də yerli avtomobillərin qiymətinin aşağı düşməsinə səbəb olaraq onların rəqabət qabiliyyətini artıracaq. Satış həcminin artması məşğulluq səviyyəsini artıracaq və bu sahədə çalışan işçilərin əmək haqlarının artmasına səbəb olacaqdır".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov: "Azərbaycanda istehsal olunan avtomobillərin ƏDV-dən azad olunması çox böyük addımdır. Buradan belə nəticəyə gəlirik ki, dövlət vətəndaşlar üçün nəqliyyat vasitələrinin əlçatanlığını bir qədər də artırmaq istiqamətində işlər aparır.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasıın alt qrupunda xüsusi bir yol xəritəsi hazırlanmışdı. O yol xəritəsi əsasında ölkəmizə idxal olunan yeni ekoloji təmiz nəqliyyat vasitələri ƏDV-dən azad edildi. Daha sonra elektromobillər ümumiyyətlə gömrük rüsumlarından azad edildi. Bunu etməkdə əsas məqsəd vətəndaşların bu növ avtomobillərə marağını artırmaq, onların ölkəmizə gətirilməsini və ölkədaxili satılmasını stimullaşdırmaq idi. Bu da öz bəhrəsini verdi. Belə ki, bu gün Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinə böyük maraq var. Vətəndaşlar avtomobil alarkən ilk növbədə bu avtomobillərlə maraqlanılar.

Hibrid avtomobillər də xüsusən çox populyardır. 2023-cü ildən elektromobillərə də maraq getdikcə artır. Elektromobillərin infrastrukturu olan elektrikdoldurma məntəqələrinin sayının artırılması istiqamətində işlər görülür. Ötən il ərzində ölkəmizə elektrikdoldurma məntəqlərinin yaradılması üçün lazım olan elektirk cihazları avadanlıqlarının idxalı da gömrük rüsumlarından tamamilə azad edilib.

Bu addımlar yeni avtomobillərin qiymətlərinin enməsinə və vətəndaşlar üçün daha əlçatan olmasına gətirib çıxaracaq. Burada məqsədlərdən biri odur ki, ölkənin köhnəlmiş avtomobil parkı yenilənsin və Azərbyacan ekosistemi yaxşılaşdırılsın.

Sadəcə bu gün hələlik ölkəmizdə il ərzində 2 minə qədər minik avtomobili istehsal olunur. Bu avtomobillər çox rahatlıqla satılır. Qiymət tərəfdən də çox cəlbedicidir. Amma son dövrlər ərzində müşahidə edirik ki, dövlət iri avtomobil sənayesi ölkələri ilə müəyyən müqavilələr imzalayır, araşdırma və təhlillər aparılır. Son belə müqavilələrdən biri Özbəkistanla bağlanmışdı. Müqavilənin şərtlərinə görə, Özbəkistanda istehsal olunan avtomobillər üçün Azərbaycanda etiyat hissələri istehsal olunacaq. Sonrakı mərhələdə isə güman etmək olar ki, həmin avtomobillər artıq Azərbaycanda da istehsal olunacaq.

Qiymətlərə təsir isə indiki dövrdə hələ olmayacaq. Dediyim kimi, ölkəmizdə ilə 2 minə yaxın avtomobil istehsal olunur. Amma Azərbaycanın illik tələbatı ən azı 60 min avtomobildir. Yaxın perspektivdə, əgər ölkəmizdə 10 min avtomobil istehsal olunsa, bu Azərbaycan avtomobil bazarına təsir edər. Çünki bu avtomobillər daha ucuz, daha cəlbedici və münasib olacaq ki, vətəndaşlar da belə avtomobillərə üstünlük verir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə