"Kənd təsərrüfatı məhsullarının xaricdən idxalına məcburiyyət yaranır" - İQTİSADÇI DANIŞDI
"Kənd təsərrüfatı məhsullarının idxal edilməməsi, daxili istehsalın gücünə təmin edilməsi önəmlidir. Bəzi məhsullar var ölkəmizdə yetişdirilməsi çətin və uzun prosesdir, ona görə xaricdən idxal edilir. Amma ənənəvi məhsulların idxalı minimuma endirilə bilər və ya xaricdən gətirməkdən tamamilə imtina olunması mümkündür. İstənilən halda düşünürəm ki, kənd təsərrüfatı məhsullarının əkilməsi, istehsalı qeyri-bərabər planlaşdırılır, düzgün addım atılmır. Məsələn, pambıq becərilməsi elə formalaşdırılıb ki, hər yerdə əkilməlidir, plan təqdim edilməlidir və s. Amma bir məhsula tələbatı müəyyən etmək üçün bazar monitorinqi aparılmalıdır, tələb və təklif dəyərləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.
Onun sözlərinə görə, bəzən monitorinqlərdə aldadıcı məqamlar da olur: "Statistik məlumatlar düzgün olmayanda, buna uyğun qurulan iş də səmərə vermir. Təsərrüfatçı ilə təmaslar, alimlərin hesablamaları, ekspertlərin fikirləri nəzərə alınmalıdır. Nəticə istənilən göstəricini vermirsə, demək nə isə düzgün aparılmayıb.
Azərbaycanda becərilməsi mümkün olan ən azından daxili tələbatı qarşılayacaq səviyyədə istehsal qurmaq mümkündür. Elə kartof, portağal kimi qidaların ölkəmizdə yetişdirilməsinə diqqət idxaldan asılılığı minimuma endirə bilər".
İqtisadçı sözlərinə davam edərək bildirib ki, kənd təsərrüfatının inkişafı, idxaldan asılılığı minimuma endirmək üçün düzgün siyasət aparılmalı, rəhbərlik edən şəxslərin, nazirin və komandasının bu sahəyə bağlılığı olmalıdır: "Təəssüf ki, kadr təyinatında bu məqam nəzərə alınmır. Təyin edilən şəxs öz komandasını formalaşdırır, nəticədə sahə haqqında dərin məlumatı olmayan şəxslər yığılır. Bütün bunlar kənd təsərrüfatı məhsullarının xaricdən idxalına məcburiyyət yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB