“Dövlət ipoteka fonduna ayrılan vəsait çox deyil” - SORĞU

Öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınan əşyaların girovu ipoteka kreditidir. İpoteka dəyəri şəxsi vəsaitlərindən daha çox olan mənzil almağı planlaşdıran insanlar üçün nəzərdə tutulub. Azərbaycan banklarında ipoteka krediti üzrə aylıq ödənişlər ya aylıq annuitet, ya da əsas borcun bərabər hissələrlə bağlanması yolu ilə həyata keçirilir.
SİA ipoteka ilə bağlı ekspert fikirlərini təqdim edir:

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı:
“Bu gün ipoteka kreditləri üzrə statistikaya nəzər yetirsək, həm ipotekaya müraciət edənlərin, həm də ipoteka ilə mənzil alanların sayında artım müşahidə olunduğunu görəcəyik. Baxmayaraq ki, bazara alternativ məhsullar təklif olunmağa başlayıb, kommersiya bankları artıq bu işə qoşulub. Yəni öz vəsaitləri hesabına ipoteka kreditləri verirlər. Buna baxmayaraq dövlət ipotekasına olan marağın daha çox olduğunu müşahidə edirik. Bu onu deməyə əsas verir ki, istər faiz dərəcələri, istərsə də digər şərtlər baxımından Azərbaycanda ipoteka şərtləri region üzrə demək olar ki, ən əlçatan şərtlərdən biridir. Amma illər üzrə daşınmaz əmlak qiymətlərinin artımı tədricən ipoteka prosesinə öz mənfi təsirini göstərib. Xüsusilə Azərbaycanda bu daha qabarıq şəkildə müşahidə olunur.
Faktiki olaraq ipoteka üçün yararlı olan mənzillərin təklif portfeli günü-gündən daralır. Bu isə ipoteka ilə mənzil almaq istəyənlərin mənzil tapmasında problem yaradır. Hesab edirəm ki, bu baxımdan Azərbaycanda ipoteka prosesi sürətləndirilməlidir. Eyni zamanda təklifin həcminin artılması istiqamətində müəyyən mexanizmlər tətbiq olunmalıdır. Bu problem həll olunarsa, Azərbaycanda ipoteka kreditlərinin verilməsi ilə bağlı hər hansı bir ciddi narahatlıq törədən məqam müşahidə olunmaz.
Dövlət ipotekasında tələb və təklifdən asılı olaraq bəzi bankların müəyyən dövlərdə ipoteka üzrə faiz dərəcələrini 6,15-7 faizə qədər endirdiyinin də şahidi oluruq.
Hesab edirəm ki, bu tədricən yeni qərarların qəbul edilməsinə təkan verə bilər”.

İqtisadçı Asif İbrahimov:
“İpoteka ilə bağlı çatışmazlıq həddindən artıq çoxdur. Bu həm ipoteka mexanizminin Azərbaycanda işləməsi ilə bağlı çatışmazlıq, həm də ümumi problemlərdən qaynaqlanan çatışmazlıq olaraq qiymətləndirilir. Dövlət ipoteka fonduna ayrılan vəsait o qədər də çox deyil. İnsanlar bundan lazımi qaydada yararlana bilmir, bir çox çətinliklərlə üzləşirlər. İstənilən Azərbaycan vətəndaşı periodik olaraq müraciətlər edir və hazırda ipoteka fondu tərəfindən hər hansı bir vəsaitin ayrılmaması ilə bağlı banklardan onlara cavab gəlir. Digər problemlərin çoxu isə gəlirlərin göstərilməsi, daha əvvəl kredit borcu ilə bağlı yaranmış problemlərdən ibarət olur. Bu cür problemlər vətəndaşın ipoteka vasitəsilə ev almaqdan faydalanmasına imkan vermir, çətinliyə yol açır. Bununla bağlı problem yetərli qədər ciddidir. Düşünürəm ki, ipotekanın verilməsi ilə bağlı müvafiq qanunvericiliyə dəyişiklik edilməli, şərtlər sadələşdirilməlidir. Eyni zamanda ipoteka fonduna ayrılan vəsaitin artılması da yaxşı olar ki, insanlar daha çox yararlana bilsin”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə