“Masdar” şirkətinin Azərbaycan ofisinin açılması əlamətdar hadisədir

Birləşmiş Ərəb Əmirliklərinin mediası Əbu-Dabinin “Masdar” enerji şirkətinin Bakı ofisinin açılması ilə bağlı geniş məqalələr dərc edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, rəsmi WAM agentliyi, “Əl İttihad”, “PRnewswire”, “Əl Xalic” qəzet və portallarında dərc olunmuş məqalələrdə Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimindəki çıxışında Azərbaycanın təmiz enerji məqsədlərinə nail olunmasında “Masdar” şirkəti ilə tərəfdaşlığın rolunu vurğuladığı diqqətə çatdırılıb.

Yazılarda qeyd olunub ki, dünyada ən sürətlə inkişaf edən bərpa olunan enerji şirkətlərindən biri olan “Masdar” dəstək öhdəliyi çərçivəsində Azərbaycanın paytaxtı Bakıdakı Port Baku Qülləsində biznes ofisinin açıldığını elan edib. Biznes ofisinin açılış mərasimində BƏƏ-nin Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Əl Bluşi, Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, “Masdar” şirkətinin baş direktoru Cəmil Əl Ramahi iştirak ediblər.

Cəmil Əl Ramahi BƏƏ mətbuatına müsahibəsində bildirib ki, “Masdar” təmiz enerji hədəflərinə nail olmaq, həmçinin qabaqcıl texnologiyalara uyğun olaraq bərpa olunan enerji sektorunun artımını sürətləndirmək məqsədilə Azərbaycanda hökumət və digər tərəfdaşlarla sıx əməkdaşlıq edəcək. “Bakıda yeni ofisimizin açılması Azərbaycanın təmiz enerji sektorunun inkişafına artan marağını və “Masdar”ın istehsal gücünü maksimum həddə çatdırmağı hədəfləyən qlobal layihələr portfelinin miqyasını təsdiqləyir. Biz Azərbaycandakı tərəfdaşlarımızla bərpa olunan enerji məqsədlərinə nail olunmasına töhfə verən dünya səviyyəli layihələri inkişaf etdirməyə davam etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”, -deyə o vurğulayıb.

WAM agentliyi BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, “Masdar” şirkətinin İdarə Heyətinin sədri Sultan bin Əhməd Əl Cabirin aşağıdakı fikirlərini sitat gətirib: “Liderlik vizyonuna uyğun olaraq, “Masdar” iqtisadi və sosial inkişafa nail olmaq üçün keyfiyyətli tərəfdaşlıq yanaşmasının tətbiqinə diqqət yetirir. İqtisadi artım üçün imkanlar yaratmaq məqsədilə və davamlı inkişaf hədəflərinə uyğun olaraq, şirkətin Azərbaycanda artan fəaliyyətini dəstəkləmək üçün Bakıda “Masdar”ın ofisinin açılması qərara alınıb. Bu addım BƏƏ-də Dayanıqlılıq İli və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP28) iyirmi səkkizinci sessiyasına hazırlıq ilə üst-üstə düşdüyü üçün xüsusi əhəmiyyət kəsb edir”.

Məqalələrdə diqqətə çatdırılıb ki, Azərbaycan 2030-cu ilədək bərpa olunan mənbələrindən əldə edilən enerjinin payını 30 faizə çatdırmağı hədəfləyir, eyni zamanda, iqtisadiyyatını şaxələndirməyə və istixana qazı emissiyalarını azaltmağa çalışır. Hökumət ölkədə inkişafı təşviq etmək və yaşıl enerjinin istehsalçısı və ixracatçısı kimi mövqeyini möhkəmlətmək məqsədilə strateji prioritet kimi bərpa olunan enerji mənbələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyub.

Oxuculara məlumat verilib ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində “Masdar” Azərbaycanda ümumi gücü 4 giqavat olan günəş fotovoltaik enerjisi, quruda külək enerjisi, dəniz külək enerjisi və yaşıl hidrogen üçün inteqrasiya olunmuş layihələrin işlənib hazırlanmasına dair sazişlər imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə