Niyə milli filmlərimiz xarici filmlər qədər sevilmir? - ARAŞDIRMA
Azərbaycanda kino sənəti bir əsrdən artıq dövr ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçmiş və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamışdır. Yaranma tarixi XX əsrin ilk onilliklərindəki Azərbaycan kinosu xalq adət-ənənələri və məişətinin dolğun təsvir olunduğu "Neft və milyonlar səltənətində", "Arşın mal alan" kimi ilk bədii filmlərlə, xüsusən, yadda qalmışdır. 1920-ci illərdə Azərbaycan Foto-Kino İdarəsinin təsis edilməsi, birinci dövlət kinofabrikinin açılması, aktyor və rejissor studiyalarının təşkili, sənədli və elmi-kütləvi filmlərin istehsalı milli kino sənətinin formalaşmağa başlamasının bariz nümunəsi sayıla bilər. Sonrakı illərdə cizgi kinosunun əsasının qoyulması, respublikada ilk səsli filmin ekranlara buraxılması və filmlərin Azərbaycan dilində səsləndirilməsi, yeni uğurlu kino əsərlərinin yaradılması Azərbaycan kinosunun təşəkkül tapdığını göstərir. Bu dövrdə Azərbaycan kinostudiyasında çəkilən bir sıra filmlər xarici ölkələrdə də rəğbətlə qarşılanmışdır. 1945-ci ildə ikinci dəfə ekranlaşdırılan "Arşın mal alan" filmi ayrı-ayrı dillərə dublyaj olunaraq, dünyanın müxtəlif guşələrində böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdir.
Kino peşəsi bilavasitə istedadla bağlıdır. Eyni zamanda, bu peşəyə girmək paradoksal şəkildə baş verir desək yanılmarıq. Bəli, belə bir stereotip var ki, kino adamı intellekt sahibidir və müəyyən “görmə qabiliyyəti”nə, liderlik keyfiyyətlərinə malik olmalıdır. Əslində, rejissor hekayələrin memarıdır və prosesi fırlatmaq bacarığı olmadan edə bilməz. Təsadüfi deyil ki, studiyalarda kinomühazirələr keçirilməyə başlayır və kinofaktura kimi məkanlar açılır. Ümumən nəzərdə tutulduqda bütün yaradıcı düşüncələr layiqli bir hekayəyə çevrilə bilməz. Pul üçün işləyəcək hansısa komandalar ola bilər. Ancaq onları bu ideya üçün işlətməyə çalışırlar. Yaradıcılıq prosesinin adamları yalnız pul üçün işləyə bilməzlər. Bir film üçün ideya nədir və onu necə axtarmaq lazımdır peşəkarlıq tələb edir.

"Gənc aktyorlar düşünürlər ki, fəaliyyətə başladılarsa yaxşı gəlir əldə etməlidirlər və ya yüksək qonorar almalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Film fondunun kinoarxiv şöbəsinin müdiri, rejissor, kinoşünas Rəşad Qasımov deyib.
"Mən onların bu fikri ilə razı deyiləm. İncəsənət elə bir sahədir ki, istər-istəməz qurban tələb edir. Bir film ərsəyə gətirilirsə, onun sınaq çəkilişlərindən bir obraz üçün 30 aktyor yoxlanılır və onlardan biri seçilir. Həmin seçilmiş aktyor filmə görə qonarar alır. Kino sənəti elə sənətdir ki, sərbəst fəaliyyət göstərmək, istedadına güvənmək lazımdır. Daim fəaliyyətdə olması işin yaxşı getməsi üçün vacib məqamlardandır deyə düşünürəm. Maddi sıxıntılar da olur, çünki bu, təkcə bizim ölkədə deyil, bütün dünyada baş verən haldır. Elə filmlər var ki, uğurlu olmur. Nə qədər çox vəsait ayrılsa da, bir az da şans lazımdır. Yerli publika üçün çəkilən filmlər var, beynəlxalq festivallar üçün çəkilən filmlər var. Bütün dünyada kino bir sənətdən çox biznesdir. Çəkilən hər bir film yaxşı gəlir gətirməlidir ki, gələn gəlirə uyğun da növbəti filmlər çəkilsin".

Respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının quruluşçu rejissoru Nicat Kazımov isə qeyd edir ki, keyfiyyətli film çəkmək üçün təsəvvür edəcəyim məbləğ 100 000 və daha yuxarı 5 milyon, 50 milyon civarında ola bilər. Filmin mövzusuna, əks etdirdiyi dövrə, orada istifadə olunan texniki vasitələrə və s. baxdıqda bu rəqəmlər dəyişə bilər. Elə filmlər var ki, orada qrafikadan istifadə olunur.
Niyə bizim filmlər dünya kinosu ilə müqayisəyə çıxarılanda uğurlu hesab olunmur?
Məncə, burada əsas problem kinorejissorların rejissorluqdan başqa cür anlamaqlarından irəli gəlir. Yəni bunlar diqqəti yalnız kameraya verirlər, işığa verirlər ki, o da operatorun işidir. Məncə, digər əsas problemimiz bizim kinoda rejissor problemidir. Boynumuza almalıyıq ki, əksər rejissorlar aktyorlarla işləməyi bacarmırlar. Halbuki aktyorla iş olmalıdır və ideal ortaq fikir olmalıdır. Ümumiyyətlə, sənətdə mən bunu nə üçün edirəm? Festival, müsabiqə üçün kimi fikirlərdən kənar durmaq lazımdır.
Hazırda dünyada müştərək filmlərin çəkilməsi tendensiyası geniş yayılıb. “Azərbaycanfilm” kinostudiyası da müxtəlif ölkələrin kino şirkətləri ilə birgə layihələrin həyata keçirilməsini diqqətdə saxlayır. Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə istehsalı olan “Mahmud və Məryəm” (2013) filmi, Rusiya kinematoqrafçıları ilə “Qorxma, mən səninləyəm!" (2013) bədii, alman mütəxəssisləri ilə birlikdə Qarabağ atlarından bəhs edən “Sarılar” (2016) sənədli və s. filmlər ərsəyə gəlib.

Ssenarist, aktrisa Reyhan Cəfərova isə xarici film mənim üçün geniş anlayışdır deyə qeyd edib. Bura yapon filmindən tutmuş, Hollivud istehsalına qədər olan filmləri aid etmək olar. Xarici filmlərlə yerli filmlərin müqayisəsinə gəlincə, filmdə vacib olan millilikdir, azərbaycanlı olaraq filmə baxanda özümüzü görməliyik. Məsələn: siz gürcü filmi ilə italyan filmini, fransız filmi ilə iran filmini səhv sala bilməzsiniz. Əgər söhbət inkişafdan gedirsə, dünyaya qapını milliliyə söykənərək açmaq lazımdır və təbii ki, kino təhsili olduqca vacibdir.
Film kütləvi işdir və hər kəsin çiynində öz yükü var. Amma rejissor filmin anasıdır. Doğulacaq övladın mənfi və müsbəti ondan bəhrələnir. Rejissor aktyora da cığır açır. Çünki filmi o görür.
Bir çox gənclərimiz daha çox xarici və türk seriallara üstünlük verirlər? Bunun səbəbini nədə görürsüz?
Yerli serial bazarı janr baxımından zəngin deyil. Müasir insanlar yenilik, dəyişiklik, dinamika sevir. Bizim serial bazarı “ucuzlu”dur. Aşağı büdcə ilə məhsul istehsal olunur deyə yenilik etmək də çətinləşir. Demirəm ki, pul oldu hər şey düzələcək. Bəzən kifayət qədər büdcəsi (yerli bazarla müqayisədə) olan seriallar da zəif alınır. Peşəkarlıq vacibdir. Serialın öz estetikası və üslubu var. Biz hələ yıxıla-yıxıla gəzməyi öyrənirik. Uğurlu seriallar da çəkilir. Hər şeyə pis deyib atmaq da düzgün deyil.
Serial kommersiya məhsuludur. Reytinqə xidmət etməliyik. Bütün dünyada belədir. Bizdə seriala televiziya kanalları vəsait ayırır. Məhsul baxılmalıdır. Yoxsa niyə pul versin ki? O ki qaldı zövqə, çalışırıq. Qulaqları yaxşı söz eşitsin, gözləri gözəllik görsün, qəlbləri fərəhlənsin.
Müəllif: Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB