Haqq, ədalət harayı.....!
Mən müəlliməm! Ömrümün müdrik çağında həyat yoluma nəzər salmaq keçdi könlümdən. Dərk etməyə başlayandan bu günə kimi yaşadıqlarımı bir an xatırlamaq xoş olsa belə həyəcanlandırdı, sevincli olduğu qədər kövrəltdi məni. Qazandıqlarım da var idi, xəyal kimi ötən fürsətlər, itkilər də az deyildi. Heyfsləndim itkilərim üçün, özümü qınadım dəyərlərə vaxtında vaxt ayıra bilmədiyim – dəyər vermədiyim üçün. Özümü danladım, hərdən uman yerdən küsdüyüm dost-tanışlardan, hətta sənətə-çörəyə çatdırdığım insanlardan incidiyim üçün;
- Sən, səni əllərindən tutub ilk sözləri yazmağı öyrədən, səni sən edən ilk müəllimini nədən indi, müdrikləşən dövrdə yada salıb, dəyərləndirirsən? Göylərdəmi uçurdun? Xəyallar aləmində idinmi? Düzdür hər zaman ehtiramla, hörmətlə yanaşdın müəllimlərinə. Unutma ki, müəlliminin sənə bəxş etdiyi əbədi təmənnasız sənət vəsiqənin yanında bu yanaşma, ancaq bir təsəllidir sənin özün üçün. Varlığın qədər sevdiyin sənəti, musiqini axı o sevdirib sənə. Bu gün ayrıla bilmədiyin o ilahi, sehirli səsləri yazmağı, oxumağı ilk dəfə o həkk edib sənin təmiz, pak hələ yazılmamış həyat səhifələrinə. Nədəndir belə unutqanlıq -peşimanlıq? Bəlkə bu ömür-sənət yoluna yazılmış sınaqlardan – “zarafatlardan” biridir? Nə bilim?
Elə isə sənin də kimlərdənsə-sənət, çörək verdiklərindən inciməyə haqqın varmı? Görünür, bu da taleyin zarafatlarından biridir. Həyatın sınaqlarını, oyunlarını dərk edib etiraf etmək üçündür - ucalmaq üçün! Bəlkə də bu gün bu yazının yazılması üçündür belə bir vaxtı ötmüş, amma dəyərini itirməmiş halal, haqq ədalət harayı!
Həyatı dərk edən zaman,
Anlayır səhvlərini insan.
Gör nə qədər baha başa gəlir,
Dərk etmək sənə, insan
İlk müəllim
Tarı ilk dəfə 13 yaşımda əlimə almaq qismət oldu mənə. Bəlkə də bu səbəbdən 13 rəqəmi həyatım boyu mənə düşərli oldu. Bəxtim gətirmişdi. Bir çox görkəmli, tanınmış musiqiçilərin ilk müəllimi olmuş tarzən, pedaqoq Səfər Rəcəbli mənim də ilk müəllimim oldu. Körpə yaşlarından işıq üzünə həsrət qalan bu insan bir çox musiqiçilərin sənət yoluna nur saçmış, böyük qəlbində olan sevgini öz şagirdləri ilə paylaşmış və musiqini onlara elə sevdirmişdir ki, bu ilahi sevgi ömür boyu onlarla birgə yaşamış, uğurlara sevinmiş, üzüntülərin təsirini musiqi təranələri vasitəsilə yüngülləşdirərək, hər kəsi həyata, yaşamağa, yaratmağa səsləmişdir. Sənətə olan bu sevgini mən ilk məhəbbət adlandırardım. İnciməsin məndən sevib-sevilənlər. Onların yazısına ilk məhəbbət yox, son məhəbbət yazılıb.
Bağışla məni ilk məhəbbətim,
Nə biləydim ki, son məhəbbət var.
Məhəbbətin özünün-özündən
Bax, beləcə qisas almağı var.
İki gəncin ilk məhəbbətindən fərqli olaraq bu məhəbbət uzunömürlü olmuş, musiqi xəzinəmizi bəzəyərək, sənət incilərinin yaranmasına səbəb olmuşdur. Bir il ərzində bir çox xalq mahnılarını, rəqsləri, rəngləri öyrəndim. Tarda ifa etdiyim xalq musiqimizin möhtəşəm melodiyaları rəng qatdı mənim yeniyetmə çağlarıma.
Segah çalma,
Öldürər məni,
Şüştər, Humayun
Yandırar məni
Bayatı-Şiraz
Qandırar məni.
Rast çal, Şur çal
Bir də Cahargah,
Bəlkə onlar
Arzularıma
Çatdırar məni
Ayrıla bilmədiyim bu sənəti davam etdirmək arzusu ilə musiqi məktəbinə daxil oldum. İndiyədək şifahi öyrənib çaldıqlarımın yazılı əlifbasını öyrənməyə başladım. Burada da bəxtim gətirmişdi. Musiqi əlifbasını, notları çox asan yolla, böyük səbrlə öyrədən müəllimim bir il ərizində mənə iki sinfin proqramını keçəcək, ilin sonunda görkəmli polyak bəstəkarı M.Oginskinin “Polonez” əsərini fortepianonun müşayiətilə çalmağıma nail oldu. Bu, məndən çox, müəllimimi sevindirdi, onun qələbəsi idi. Mənə musiqi əlifbasını öyrədən həmin müəllim bu gün böyük hörmət və etiramla yad etdiyim, ömrünün 81-ci ilini yaşayan tarzən-pedaqoq Sahib Axundovdur. Bəli, ilk baxışda sadə görünən 7 əsas və 5 köməkçi səslərdən ibarət musiqi əlifbasını: Do, re, mi, fa, sol, lya, si notlarını öyrətdi mənə. Unutmayaq ki, hər kəsin əzbər bildiyi bu sadə notlarla musiqisevərləri məftun edən möhtəşəm sənət nümunələri-operalar, baletlər, simfoniyalar, gündəlik mənəvi tələbatımızı ödəyən musiqi inciləri, mahnılar, rəqslər yaranmış, həyatımızın ayrılmaz mənəvi qidasına çevrilmişdir. Bəli, hər birimizin əzbər bildiyimiz bu sadə notlar hesabına, bu notları bizə öyrədən ilk müəllimlərin hesabına, mənə musiqi əlifbasını öyrədən ilk müəllimim Sahib Axundov kimi sənətini sevən cəfakeş insanların hesabına sehirli musiqi aləmi öz sirlərini, qəlbini açdı bizə.
Yenə özümü qınadım. İlk sənət müəllimlərindən birinin sadə, təvazökar insan, yüksək mənəviyyat sahibi Sahib Axundovun təmənnasız xidmətlərini belə gec qələmə aldığım üçün...
Ayaq üstə deməliyəm son şeiri,
Dastanımın nöqtəsidir çünki o,
Əsla! Yazılmayan arzular var,
Yarat! Dastanımın davamıdır o!
Bağışlayın bizi
Əziz müəllimim! Həyatınızın ən gözəl illəri olan gəncliyi, ömrünüzü musiqiyə, musiqi irsinin qorunmasına, inkişafına həsr etdiniz. Sizə əta edilən fitri istedad, sevgi, səbr sayəsində heç bir mükafat, təmənna gözləmədən böyük şövqlə, həvəslə yaşayıb-yaratdınız. Kim üçün? Əlbəttə, bizim üçün! Musiqi dünyasını olduğu kimi, zənginləşdirərək gələcək nəslə catdırmağımız üçün. Bu möhtəşəm işi bir qəlbə sığmayan məhəbbətlə etdiniz. Həmin sevgi qəlblərə paylandı. Paylandıqca daha da şaxələndi. Sizin sənət sevginiz bu gün ürəklərdə çırpınır, musiqisevərləri yaşamağa yaratmağa sövq edir. Siz şagirdlərinizin varlığında musiqi kimi, sehirli, görünməyən səslərlə yaşayırsınız.
Unudulmaz müəllimim! Bizə ilahi, əfsanəvi, əsrarəngiz səslərlə yazılmış musiqi elmini elə sevdirdiniz ki, dəlicəsinə bu sənətin dərinliklərinə baş vurduq. İllər ötdü bu dərinliklərdən üzə çıxdıq. Görünür, sənətin möcüzələrini bizə əta edən müəllimlərimizi dəyərləndirmək ömrümüzün bu dövrünə - müdrik cağına yazılmışdı. Qəlbimdən keçənləri yazdığım zaman bir hayqırtı, haray, gecikmiş səda keçdi narahat könlümdən:
- Bağışlayın bizi! Sizi gec dəyərləndirdiyimiz üçün, haqqınızı vaxtında, uca adınıza layiq ödəyə bilmədiyimiz üçün.
- Bağışlayın bizi-yetirdiyiniz incəsənət xadimlərini, ənənələrinizi azad ölkəmizin bir çox musiqi məktəblərində, konsert salonlarında yaşadan tələbələrinizi. Bağışlayın bizi..
Düzdür, ilk müəllimlərimin yaradıcılıqlarını, onların musiqi mədəniyyətimizə bəxş etdikləri töhfələri yazdığım “Naxçıvan musiqi mədəniyyəti tarixindən - XX əsr” kitabımda işıqlandırmaq, hətta bir necə müəllimim haqqında monoqrafiyalar yazmaq nəsib oldu mənə. Ancaq yenə qəlbimdə natamam bir hiss, bir səs yaşayaraq hərdən incidir məni, sakitcə haray salır.
- Bağışlayın bizi....
Bağışlamağı bizə siz öyrətdiniz,
Bağışlayın bizi
Bu sevdaya “bəlaya” siz bizi saldınız.
“Bəla” da belə gözəl, şirin olarmış,
Bağışlayın,
Bağışlayın bizi
Nazim Paşa Quliyev
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB