"Heydər Əliyev mənə dedi ki, Zərifə..." - MÜSAHİBƏ

Azərbaycanın ictimai xadimi, Miniatür muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova SİA-ya müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

- Zərifə xanım uşaqlıq illəriniz necə keçib? Harda yaşamısınız?

- Bakıda Zərgərpalan küçəsində doğulmuşam. Atam Laçın rayonunda çalışırdı. Daha sonra Mircəfər Bağırov onu sədrlikdən çıxartdı və partiyadan uzaqlaşdırdı. O zamanlarda Bağırov Filarmoniyanın yanındakı binada yaşayırdı. Bir gün atam onunla evindən çıxarkən rastlaşır və tələb edir ki, onun biletini qaytarsın, əks təqdirdə onu gülələyəcək. Ümumiyyətlə, Bağırov bizim evdə çox olub, əsasən də anamın yeməklərini çox sevirdi. Lakin 1937-ci ildə Mir Cəfər Bağırovun göstərişi ilə atamı gəlib evdən apardılar. Elə həmin gün atamın 15 dəqiqəlik məhkəməsi baş verir və onu güləliyirlər. Bizə isə bu haqqda heç bir məlumat verilmədi və üstəlik dedilər ki, ona 10 il iş veriblər, məktub yazmağa da, icazə verilmir. Yəni mənim sizə dediyim bu məlumatları çox sonra öyrənmişəm. Belə ki, mən Moskvada ölkəmizi basketboll üzrə təmsil edirdim. Həmin yarışdan qayıdanda eşidim ki, NKVD-nin sədri Quskov digər vaqonda gedir. Biz Xarkov şəhərinə çatanda gözətçidən xahiş etdim ki, məni onun yanına aparsın, amma o qoymadı və dedi ki, Rostov şəhərində qatar dayandığı zaman yaxınlaşarsız. Qatar Rostovda dayandı və mən onun yanına girdim və gəlmə səbəbimi açıqladım.O isə mənə cavabında Bakıda gözləyəcəyini və qarşılayacağını bildirdi. Bakıya gəldiyim zamanda qəbuluna getdim və həmin vaxt Bağırovun istintaqı gedirdi. Quskov mənə ərizə yazdırdı və atamla bağlı hər bir şeyi həmin vərəqdə qeyd etdim ki, onun işinə baxılsın. Mən daimi olaraq ora gedib gəlirdim. Bir gün yenə getdim və zala daxil oldum. Zalda çoxlu insanlar var idi. Onların içərisindən biri mənə yaxınlaşdı və dedi ki, Zərifə, qızım necəsən?. Mən duruxmuş bir vəziyyət ona baxdım və tanımadım ki, o kimdir. Lakin o məni və ailə üzvlərimin hər birinin adını bilirdi. Həmin kişi də Bağırovun qurbanlarından imiş və 16 il idi ki, onu sürgün etmişdilər. O, mənə dedi ki, siz axrıncı dəfə atana haçan yemək göndərmisiz, dedim 1938-ci il 3 iyulda. Mənə dedi bax həmin gün sənin atanı güləliyiblər. Bir il ərzində atama görə istintaq işi açıldı və məlum oldu ki, atamın heç bir günahı yoxdur.

- Uşaqlığınızın ən unudulmaz anları nələrdir?

- Yadıma gəlir ki, uşaq vaxtı mən və qardaşım Tahir skarlatin xəstəliyinə yoluxmuşduq. Onunla birgə otaqda yatırdıq. Atam hər zaman Laçından gələndə bizə nəsə gətirərdi. Gün gəldi xəstəlikdən qurtulduq, atam bizi Nizamidə yerləşən şirniyyat dükanına apardı və bizə orda çoxlu növbə-növ şirniyyatlar aldı. Mən indiyənə kimi həmin günlərimi unutmuram.

- Miniatür kitab muzeyinin sizin həyatınızda rolu nədir? Neçə ildir kitab muzeyi fəaliyyət göstərir?

- Bu il mənim 90 illiyimdir. 23 apreldə isə muzeyin 20 illiyi olacaq. Noyabr ayında isə mənim kolleksiyamın 40 illiyi tamam olur.

- Muzeydə neçə kitab sərgilənir və hansı ölkələrdə çap olunur?

- Muzeydə 8860 kitab var. Bunlar 83 ölkədə çap olunub. Biz qeyd aparmışıq və məlum olub ki, muzeyimizə gələn ziyarətçilərin çoxu xaricilərdir. Yalnız 2021-ci ildə pandmeiya səbəbindən səfərlər ləğv olunduğuna görə yerli turistlər daha çox muzeyə gəlib.

-Ən kiçik kitabınızın ölçüsü nə qədərdi?

- Muzeyimizdə ən kiçik kitabın ölçüsü 0,75 sm-dır. Bu kitab Yaponiyanın “Topan” nəşriyyatında 3 dildə nəşr olunub. Burada ən qədim kitab 1632-ci ildə Səudi Ərəbistanda çap olunan Quran kitabıdır. Amma 19-cu əsrin ortasında Polşada bir sənətkar bu kitabı kiçildərək, balaca formata salıb.

- İstərdim mükafatlarınızla barədə danışaq. Cənab Prezident İlham Əliyev bu yaxınlarda sizi “Şərəf” ordeni ilə təltif etmişdir. Bununla bağlı nə demək istərdiniz?

- İlk olaraq Cənab Prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Mənim əziyyətimi yüksək səviyyədə qiymətləndirdilər. Bununla yanaşı Prezident məni 75 illiyim münasibətilə də, “Şərəf” ordeninə layiq görmüşdü.

- Ulu öndər Heydər Əliyevlə yaxın dostluq münasibətiniz olub. Həmçinin muzeyin yerini Ulu Öndər məsləhət görüb. Bilirsiz ki, gələn il Heydər Əliyevin 100 illiyidir. Bununla bağlı bir planınız varmı?

- Mən Ulu Öndərin 100 illik yubleyi ilə bağlı 2 cildlik minatür kitab buraxmışam. Heydər Əliyevin 1993-cu il 3 oktyabrda andiçmə mərasimi keçirilirdi. Həmin tədbirdə mən də iştirak edirdim. O zaman Heydər Əliyev çox səlis şəkildə öz çıxışını etdi. Özümə söz verdim ki, mən bu çıxışı çap etdirməliyəm. 1993-1994-cü illər bilirsiz ki, çətin dönəmlər idi. Lakin mən özümə sponsor tapdım və bu kitabı 2 dildə çap etdirdim. Kitabın təqdimatı 3 iyun 1995-ci ildə Milli kitabxananın xarici ədəbiyyat zalında keçirildi. Həmin təqdimata 2 min kitabımı aparmışdım. Orada çıxış edən zaman qeyd etdim ki, mənə muzeyimi açmaq üçün yer verilsin. Heydər Əliyev kitablara baxdı və onun ən çox “Fərhad və Şirin”, “Əlişir Nəvai” əsərləri xoşuna gəldi. Bu kitablarıda mən onun özünə bağışladım. Daha sonra Puşkinin və rusiyalı rəssam Rerixin haqqında olan kitabların onun diqqətini çəkdi. Eyni zamanda mən Qedeyrin keçmiş katibinin 10 tonda kitablarını çıxartmışdım. Bu zaman Heydər Əliyevə dedim ki, baxın Qedeyer, yoxdu amma kitabları qalıb. Heydər Əliyev mənə dedi ki, Zərifə, elə kitablar qalır. Bundan sonra mən muzey üçün yer seçməyə başladım və bu gördüyünüz binanı 3 ilə təmir etdirdim.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə