Həmzə Soltan sarayı müəmması… - FOTOLAR

El arasında Laçın rayonunun Sultanlar kəndi kimi tanınan inzibati yaşayış mərkəzi (müəyyən dövrlərdə Əsədlər, Əsədsultanlar, müəyyən dövrlərdə isə Hüsülü adlandırılıb). Kənd uzun illər Qaraçorlu mahalının mərkəzi kimi fəaliyyət göstərib. Qaraçorlu mahalı tərkibində bir nеçə tayfa icması və кənd camaatı cəmlənmib o dövrdə. Qaraçorlu mahalının ən böyüк icması Hacısamlı camaatı olub.

Kəndin bu hissəsinin şəkil 2017-ci ildə erməni işğalı dövrü çəkilib

Sultanlar kəndini Kosalar kəndindən (Ağoğlan monastrından Laçın Minkənd yolu istiqamətində) Həkəri çayının Minkənd qolunun axarının əksi istiqaməti ilə 1500 metr məsafə ayırır. Kənd Azərbaycan tarixinin öyrənilməsi baxımdan olduqca maraqlı və əvəzsiz bir ərazidir. Burada hündür dağ silsiləsinin ətəyində böyük saray komplekslərinin qəbirüstü abidələrin və qəbir daşlarının eləcədə Alban dövrü memarlıq abidələrinin qalıqları mövcud olmuşdur.

Şəkil 1985-ci ildə müəllif tərəfindən çəkilib

Bir çox mənbələrə görə Zəngəzur vilayətinin Qaraçorlu mahalı uzun illər Sultanlar kəndindən idarə olunmuşdur. 1727-ci ilə aid olan Osmanlı arxivlərində “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə qaraçorlular haqqında qiymətli məlumatlar saxlanılır. Azərbaycan Dövlət Tarix Arxivində saxlanan (F.24, siyahı 1, saxlama vahidi 142) 1823-cü ilə aid “Qarabağ əyalətinin kameral təsviri” adlı sənəddə Qaraçorlu mahalı haqqında məlumat var. Bu sənədə görə 7 kənddən ibarət olan Qaraçorlu mahalında qaraçorlu, şeylanlı, gəloxçu, təhməzli, şadmanlı, yurdaxlı tayfalarının yaşadığı qeyd olunur və bu tayfaların hamısı indidə mövcuddur.

Qaraçorlu tayfaları, Osmanlı Dövlətinin tərkibində idi. Qaraçorlu mahalı 1730-cu ildə Osmanlı dövlətinin tərkibində qatılmaq barədə saziş bağlamışdı. Sazişin şərtlərinə görə Mahaldan toplanan vergilərin yarısı Osmanlının Gəncə xəzinəsinə verilir, qalan yarısı isə qaraçorluların sərəncamında qalırdı. Qaraçorlu camaatı Səfəvi dövründə, Osmanlı dövləti ilə olan əlaqələrindən dolayı Səfəvi xəzinəsinə vergi ödəmirdi. Qaraçorlu mahalı Nadir şah Əfşarın hakimiyyətinə qədər yarımmüstəqil həyat tərzi sürüb.

Nadir şah Qaraçorlu mahalını osmanlılardan geri almaq üçün 1735-ci ildə hücum edərək mahalın başçısı Rüstəm bəy Qaraçorlunu öldürüb mahalı öz tərkibinə qatmışdı. Bu barədə tarixçi Mir Mehdi Xəzani “Qarabağnamə” əsərində müfəssəl məlumat verir. O dövrdə Sultanlar kəndi ciddi dağıntıya məruz qalmışdı. Beləki inzibati binalar tamamilə dağıdılaraq yerlə yeksan edilmişdi. Böyük ehtimalla mahalın ilk saray kompleksi də Nadir şahın qoşunları tərəfindən dağıdılmışdı.

Ehtimala görə Vaxtı ilə 400 yaşayış evi olan bu yaşayış məntəqəsində iki saray kompleksi olub. Bu sarayların birincisi “Soltan Əhməd” bəzən də “Soltan Əjdər” sarayı adlandırılırdı. Sarayın bu adları daşıması maraqlı hadisədir. Çünki bu kəndin tarixində nə Sultan Əhməd və nə də Sultan Əjdər barədə məlumatlara rast gəlinmir. Mahalın üsyankar rəhbərinin adı isə Rüstəm olmuşdur. Bu sarayın dəqiq tikilmə tarixi, parametrləri, ümumi görüntüsü hələlik elmə məlum deyil.

Sarayın mühafizə divarları yaxınlığında Qafqaz Albaniyası dövrünə aid ikimərtəbəli bazilika mövcud olmuşdur. Bu bazilikanın qalıqları dövrümüzə qədər gəlib çatmışdır.

Nadir şahın qələbəsindən sonra qaraçorluların Qarabağdan köçü başlamış, onların bir qismi Qaradağ mahalına, bir qismi isə Dərələyəz mahalına köçmüşdür. Qaraçorlu elinə Nadir şah Həmzə Sultan Hacısamlını başçı təyin etmişdir. Həmzə Sultan həm elin minbaşısı, həm də mahalın naibi olmuşdu.

1747-ci ildə Nadir şahın ölümündən sonra Qaraçorlu mahalı yeni yaranan Qarabağ xanlığının tərkibinə qatılmışdır. 1761-ci ildə Qaraçorlu elinin başçısı Həmzə Sultan Hacısamlı özünə köhnə saray qalıqları üzərində, daha müasir bir saray binası inşa etdirmişdi. Bundan sonrakı bütün dövrlərdə Sultanlıq rus işğalına qədər qədim Zəngəzur vilayətinin əsas mərkəzlərindən biri kimi Qarabağ xanlığının tərkibində olmuşdu. Təsüflə qeyd etmək lazımdır ki, bu sarayında memarlıq quruluşu barədə heç bir rəsmi məlumat mövcud deyil.

1992-ci il erməni işğalından öncə apardığımız müşahidələr zamanı Kompleksin uçuqları arasında sarayın ətrafı qalın qala divarları ilə çevrələndiyi açıq görünürdü. Sarayın ümümi mənzərəsindən aydın olurduki, qəsrin hündür qülləsi olmuşdur. Qəsrin cənub tərəfinin küncündə giriş qapısının qalıqları var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray əyanlarının istifadə etdikləri evin ikimərtəbəli olduğu güman edilir. Çünki saray yanaşı tikilditi Alban bazilikasından alçaq görünə bilməzdi. Saray geniş və böyük zala xeyli sayda yardımçı otaqlara və divanxanaya malik olub.

Şəkil 1985-ci ildə müəllif tərəfindən çəkilib.

Sovet dövrü sarayın qalıqları baxımsızlıq üzündən həm bəzi insanlar tərəfindən istismar edilir və həm də ciddi təbii dağıntılara məruz qalırdı. Həmzə Soltan sarıyı, 1992-ci il erməni işğalından sonra öz mövcudiyyətini tamamilə itirdi. Beləki bütün saray qalıqları ermənilər tərəfindən ərazidən götürüldü. Kənddə salamat qalan sarayın mühafizə divarları yaxınlığındakı Qafqaz Albaniyası dövrünə aid bazilikanın yalnız bir hissəsi olub ki bunu da ermənilər təmir edərək tanınmaz hala salıblar.

Sultanlardakı alban dövrü bazilika. Şəkil 1985-ci ildə müəllif tərəfindən çəkilib.

Bu bazilika dövrü mətbuatda həmişə səhv olaraq Həmzə Soltan sarayı adlandırılır. Bu tamamilə yanlışdır. Bu yanlışlığı yaradan Dağlıq Qarabağ Muxtar Vilayətinin Abidələrin Bərpası İdarəsinin erməni rəhbərləri idi. Adı çəkilən idarə 1991-ci ildə bir layihə hazırlayıb, alban dövrü bazilikanı Həmzə Soltan adı altında bəırpa etmək üçün, Vilayətin Şuşa Regional Abidələri Bərpa İdarəsinə göndərmişdi. Eskizdə göstərilən tağlar bazilikaya deyil saraya aid idi. Eskizdə görünən tağlar bilərəkdən bazilikaya birləşdirilmişdi. Alban memarlığında əsasən kilsə və monastrların tikintisində bu cür tağlardan istifadə olunurdu. Bu abidənin quruluşu isə onun dini xarakterli olmadığını göstərir.

1991-ci ildə abidə üzərində Şuşa Regional Bərpa İdarəsi tərəfindən xeyli bərpa işləri aparılmışdı. Beləki abidənin ön divarı bərpa edilmiş yan tərəfində tağlar quraşdırılmağa başlamışdı.

Lakin 1992-ci ildə başlanan erməni işğalı bu abidə üzərindəki bərpa işlərini yarımçıq qoydu. Abidənin ümumi memarlıq quruluşu onun alban memarlığına aid olduğunu bir daha təsdiq edir. Çünki şahlıq, xanlıq və ya sultanlıq dövrünün sarayları mütləq şəkildə dövrünün milli memarlığı üslubunda inşa edilir. Sarayların daha bir üzəlliyi ondadırki bu tipli tikintilərin oxşarı olmur. Bu abidənin isə ümumiyyətlə Qarabağ Memarlığına aidiyyatı yoxdur. Sultanlar kəndindəki abidə qalığı isə quruluşuna görə alban dövrü memarlığına aiddir. Biz bu abidəni səhv olaraq Həmzə Soltan sarayı adlandırırıq.

Bu abidənin daha bir oxşarı indiki Ermənistan Respublikası Gorus rayonunun Xənəzək (Xantsax) kəndindədir. Xənəzək kəndindəki bu oxşar abidənin yan tərəfində tağların olmadığını, adi divar olduğunu görürük. Bu müqayisə Sultanlar kəndindəki bazilikanın Həmzə Soltan sarayının olmadığını sübut edir. Xənəzək kəndində keçən əsrin 30-40-cı illərinə qədər azərbaycanlılar yaşayıb, bu kəndi Sultanlardan cəmi 12 kilometr məsafə ayırır. Belə bir yaxınlıq istər istəməz əhalinin adət və ənənələrində yaşayış evlərinin tikinti quruluşunda eyniliyin və ya oxşarlığı yaradan amillərdən biridir.

Sultanlar kəndindəki Bazilikanın ərazisinin ölçüsü təsəvürümüzdə bundan böyük olmadığı təsüratını yaradır. Belə bir kiçik ərazidə belə bir memarlıq üslubunda inşa edilən tikintini saray kompleksi adlandırmaq mümkünsüzdür.

Bu abidəyə tamam başqa bir rakursdan, yanaşanda belə onun saray kompleksinə uyğunluğu hiss olunmur. Güman edirik ki erməni işğalından azad olan Sultanlar kəndində, Həmzə Sultan sarayının gələcək tədqiqatlar nəticəsində üzə çıxarmaq mümkün olacaq.

1992-ci il işğalından sonra Ermənistan Hökumət 2007-ci ildə Sultanlar kəndinin adını dəyişərək Melikatun adlandırdılar. Onlar bu bazilikanı təmir edərək işğal dövrü otel kimi istifadə edirdilər. Bazilikanın birinci mərtəbəsibdəki otağın ölçüsü: eni 3,9 metr, uzunluğu 6,6 metr, hündürlüyü 3,65 metr, ikinci mərtəbə – eni 3,9 metr. uzunluğu 6,2 metr, hündürlüyü 3,9 metr Divarın qalınlığı 1,2 metrdir.

İşğal dövrü ermənilər Sovet dövrü “Həmzə Soltan” sarayı adlandırdıqları abidəni təmir edərək turistlərin qonaq evi (otel) kimi istifadə edirdilər.

Sarayın arxasında işğal dövrü ermənilər tərəfindən inşa edilən ikimərtəbəli müasir ev, abidənin ümumi quruluşunu və mövcud olmuş lanşaftını korlayır.

Ermənilər abidəni təmir edərək abidəyə onun orginal görkəminə uyğun olmayan yeni bir görkəm verdilər. Ermənilər yaratdıqları Otelin həyətinə qəbristanlıqdan gətirdiklərə bir at və bir qoç heykəli qoydular. Ermənilər bu abidənin erməni mədəniyyətinə aid olduğunu təbliğ edərkən bu daş fiqurlarının erməni tarixinə və mədəniyyətinə aid olmadığını görünür heç vaxt düşünməyiblər.

Maraqlıdır ki, ermənilər abidənin təmiri zamanı, özlərinin tərtib etdikləri bu yeni eskiz layihəsinə deyil, Sovet dövrü DQMV-nin Abidələrin Bərpası İdarəsinin hazırladığı eskiz layihəsinə üstünlük verdilər.

44 günlük ikinci Qarabağ müharibəsi Sultanlar kəndini də azad etdi. Bu kənddə olan, kurqanlar, bədii daş nümunələri, türbələr və qəbirüstü abidələr, su dəyirmanları yenidən Sultanlar camaatının istifadəsinə veriləcək.

Soltanlar kəndinin etnik tərkibi bütün tarixi dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri əvvəllər qara damlardan və sonralar müasirləşən bir və ya ikimərtəbəli yaşayış evlərdən ibarət idi.

Faiq İsmayılov, AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə