Bülbülün evinin bərpasında ciddi nöqsanlara yol verilir - FOTOLAR
Abidələrin bərpası, yüksək peşəkarlıq və böyük məsuliyyət tələb edən bir işdir. Bərpa - (dağıdılmış abidənin fraqmentləri daxil olmaqla) - binanın itirilmiş elementlərinin, dəlillərə əsaslanaraq kompleks şəkildə yenidən yaradılması, abidənin görünüşünü təhrif etmədən tarixi, memarlıq və bədii görünüşünü saxlamaqla abidənin fiziki durumunu təmin edən tədbirlər kompleksidir.
Bərpa işlərinə və ya bərpa işlərinin layihələşdirilməsinə bərpa sənətində xüsusi təcrübəsi olan mütəxəsislər cəlb edilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Şuşanın tarixi gözəlliyini özünə qaytaracağıq” deyəndə məhz mədəni dəyərlərimizin, illərlə formalaşan tarixi ənənələrimizin eləcədə QarabağMemarlığının qorunub saxlanmasını nəzərdə tuturdu.
Qarabağın tarix və mədəniyyət abidələrinin bərpası Şuşa şəhərindən Bülbülün ev muzeyindən başlandı desəm bəlkədə yanılmaram. Lakin layihədə yol verilən ciddi nöqsanlar, bütün ümidlərimizi və sevinclərimizi puç etdi. Bülbül kimi dahi bir şəxsiyyətin evinin bərpası, bərpa sahəsində təcrübəli və Qarabağ memarlığının mahir bilicisi olan, bərpaçı memarlara həvalə edilməli idi.
Bərpa adi təmir – tikinti işləri deyil, bərpa zamanı binaya heç bir əlavələr və dəyişikliklər edilməməlidir. Xüsusəndə dünya miqyasında tanınan belə bir dahi şəxsiyyətin evinə.
Bərpa layihəsi hazırlandıqdan sonra mütləq bu sahənin ekspert və mütəxəsislərinin müzakirəsinə çıxarılmalı, təklif edilən düzəliş və rəylər nəzərə alındıqdan sonra tətbiq edilməli idi. Bülbül kimdir? Onun evinin bərpqsında biz niyə tələsikliyə yol verdik?

Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül), Azərbaycan opera müğənnisi, təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisidir. Bülbül Azərbaycanın professional musiqi sənətinin inkişafı tarixində, geniş diapazonlu fəaliyyətə malik böyük şəxsiyyət olmuşdur. O, xalq xanəndəliyindən opera müğənnisi, vokal sənəti müəllimi kimi geniş yaradıcılıq yolu keçmişdir. Dünya vokal sənəti təcrübəsində əvəzi olmayan fenomendir. O, artıq bir evin bir ailənin deyil, bütöv Azərbaycanın övladıdır. Bülbülün evinin bərpasına onun yalnız ailə üzvləri deyil, Azərbaycanın bütün ziyalıları məsuliyyət daşıyır.
Bəlkə də bu yüksək keyfiyyətlərinə, və azərbaycan üçün önəminə görə, Bülbülün ev muzeyi işğal dövrü ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb yararsız hala salınmışdı. Bərpa qaydalarına görə, Evin bərpası, mütləq şəkildə layihəçilər tərəfindən təqdim edilən evin ilkin görüntülərinə uyğun həll edilməli idi. Şəkildəki görüntülərə uyğun.

Lakin layihədə ehtiyac olmadığı halda, evin divarlarına və evin ümumi görünüşünə lüzumsuz dəyişikliklər edildi.

Binanın giriş qapısına darvazasına diqqət edin. Darvaza öz əzəli görkəmindən məhrum edilərək hansısa müasir bir villanın giriş qapısına bənzədilmişdir. Beləki darvaza mövcud olandan yarım dəfə hündürləşdirilmiş, eni genişləndirilmişdir. Şuşa memarlığından anlayışı olan hər kəs bilirki, bu görüntüdə təsvir edilən, belə formalı darvazalar Şuşa memarlığı üçün xarakterik deyil. XVIII-XIX-XX əsr Şuşa evlərinin quruluşuna diqqət yetirsəniz bu fərqi öz gözlərinizlə görəcəksiniz. Ümumiyyətlə XVIII-XIX əsr Şuşa evlərinin daşdan hörülmüş tağlarla tamamlanan kiçik ölçülü taxta darvazalar olub.

Layihədə, mühafizə divarlarının üzərində çardaqların qurulması isə ümumiyyətlə başadüşülən deyil.
Bu şəkilə diqqətlə baxanda görürük ki, evin giriş qapısı (darvazası) mühafizə divarından hündür olmayıb. XIX əsr memarlığına uyğun olan bu ev, 1983-cü ildə təmir edilərkən darvazanında sökülüb formasının dəyişdrilərək, dəmir darvaza ilə əvəz olunması istisna olunmur. Lakin hər iki halda darvazanın ümumi quruluşu layihədə göstərilən formadan kəskin şəkildə fərqlənir.

Pilləkənin ətrafına məhəccərlərin vurulması da edilən əlavələrdəndir ki, bu da bərpa işlərində yolverilməz hal hesab olunur. Evin qarşısına vurulan məgəccərin bədii quruluşunun necə və haradan əldə edildiyi barədə layihədə məlumat verilmir. Evin məhəccərinin bədii quruluşunun evin inşa edildiyi dövrün memarlıq üslubuna uyğun olub olmamasıda mübahisə mövzusu ola bilər.
Evin divarlarının malalanmasında (suvaq) işlərində bərkidici kimi “Mətanət A” brendli bəkidicinin göstərilməsi. Layihə rəhbərinin ümumiyyətlə bərpa işlərindən xəbərsiz olduğunu göstərir.

Dözülməz hallardan biri də odur ki, abidənin bərpası, sanki dağılmaqda olan hansısa bir əyalət məktəbinin təmiri kimi aparılır. Mühafizə divarları bərpa edilmək əvəzinə sökülüb yenidə tikilir.

Binanın daxilində uyğun bilmədikləri hissələri sökülür. Evin çardağı səliqə ilə sökülüb kənarlaşdırılmaq əvəzinə uçurdulub bir anın içərisinə tökülür.

Əgər Şuşanın bərpasını biz bu qayda ilə aparsaq Şuşada mədəni irsimizin adi bir nümunəsinin belə yaşamasına zəmanət olmayacaq.
Təcili olaraq Bülbülün ev muzeyində təmir işləri dayandırılmalı, layihədə yol verilən qüsurlar aradan qaldırılmalıdır. Nəinki Şuşada bütün işğaldan azad olunmuş ərazilərin hamısında tarix və mədəniyyət abidələrinin bərpası işlərinə mütəxəsislərdən ibarət ictimai nəzarət təmin edilməlidir. Bu məsuliyyət hissini artırar, bərpa işlərinin keyfiyyətini yüksəldə bilər.
Faiq İsmayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB