Mənsum İbrahimov: "Dünya muğam sevənlərinə onlayn konsert təqdim olunacaq" - MÜSAHİBƏ

SİA Xalq artisti, Prezident mükafatçısı Mənsum İbrahimovun müsahibəsini təqdim edir:

- Bildiyimiz kimi "Xarı bülbül" musiqi festivalı gerçəkləşdi. Bu çox böyük bir hadisə idi. Çünki bu festival həsrət qaldığımız və illər sonra qovuşduğumuz doğma torpağımız Şuşada idi. İllər sonra doğma diyara ayaq basmaq necə bir hissdir? Bu barədə fikirlərinizi bilmək istərdik.

- 32 ildən sonra bizim qürur paytaxtımız, müqəddəs şəhərimiz Şuşada "Xarı bülbül" musiqi festivalının yenidən keçirilməsi böyük bir tarixi hadisə oldu. Bu eyni zamanda Azərbaycan dövlətinin qələbəsinin göstəricisi idi. Çünki 44 gün ərzində Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz tarix yazaraq bizim doğma torpaqlarımızı mənfur düşmənlərdən azad etdi. Bu bayram onların sayəsində bizə qismət oldu. Bu az vaxt içərisində Heydər Əliyev Fondu tərəfindən belə möhtəşəm bir festivalın keçirilməsi çox möhtəşəm bir hadisədir və sözün əsl mənasında qürurverici idi. Şuşaya daxil olan andan bu qürur hissini yaşayırdıq. Bu hisslərimi sözlə ifadə etmək qeyri-mümkündür. Çünki mənim uşaqlığım Şuşada keçib. Şuşanın hər cığırın, dağın-daşın, bulaqların əzbərdən bilirdim. 30 ildir ki, bunun həsrətin çəkirdik və biz bu günü gözləyirdik. 1 il əvvəl mənfur düşmənlərimiz orada yallı gedirdi və biz də ürək ağrısı ilə onu müşahidə edirdik. Artıq biz ora Qarabağın sakinləri kimi qayıtdıq və dünyaya mesaj verdik ki, bu torpağın sahibləri artıq qayıdıb.

Sanki Şuşa şəhəri də sevinirdi, dağı-daşı canlanmışdı. Bu festival çox qürurverici idi. Mənim də orada bir sənətkar kimi çıxışım mənim üçün böyük xoşbəxtlik idi və özümü çox şanslı hiss edirəm. İfa etdiyim mahnının adı "Qaçaq Nəbi" idi. Bu mahnı da, təsadüfi seçilməmişdi. "Qaçaq Nəbi" mahnısı Zəngəzurun simvoludur. Milli qəhrəmanımız olan Qaçaq Nəbi və Həcər Zəngəzurda Erməni vandallarına qarşı vuruşmuşdular. Bu təəsüratlardan saatlarla danışmaq olar. Biz orada “Xan qızı” bulağından su içdik, Pənahəli xanın sarayını, Şuşa qalasını, Yuxarı Gövhərağa məscidini ziyarət etdik. Şuşa bazarına girdik. Orada təbii ki, vandallar bir çox yerləri dağıdıblar. Amma artıq Şuşada sürətli iş prosesi gedir. Bütün tarixi abidələr bərpa olunur, yollar çəkilir, infrastruktur qurulur. Düşünürəm ki, doğma torpaqlarımızda bir çox işlər görüləcək və biz artıq əbədi orada Qarabağ sakini kimi yaşayacayıq. Orada böyük muğam mərkəzləri, konsert salonları tikiləcək, yəqin ki, konservatoriyamızın filialları açılacaq, "Leyli və Məcnun" tamaşaya qoyulacaq və bizim mədəniyyət paytaxtımız bir çox mədəniyyət layihələrinə ev sahibliyi edəcək.

- Mümkünsə, sizi sevənlərə yeni layihələriniz barədə məlumat verərsinizmi?

- Əlbəttə mən bir sənət adamı kimi hər zaman yeniliklərimi davam etdirirəm və biz muğam qrupu olaraq da yeni layihələr üzərində çalışırıq. Mən muğam qrupum ilə birlikdə 2019-cu ildə sadəcə bir il ərzində 14 xarici ölkədə konsert vermişik. Eyni zamanda Azərbaycanın bölgələrində və Bakıda böyük layihələrə imza atmışıq. Hazırda da yeni mahnılar yazırıq, yeni muğamlar üzərində işləyirik və onlayn konsertlər veririk. Bu yaxınlarda mayın 28-i ilə bağlı Kanadadakı Azərbaycan Diasporundan da bizə təklif gəldi. Mən muğam qrupumla bərabər ayın 28-də dünya muğam sevənlərinə onlayn konsert verəcəyik. Bu yaxınlarda konsertin afişaları da təşkil olunacaq. Başqa ölkələrdən də təkliflər var. Ümid edirəm ki, pandemiyadan sonra biz fəaliyyətimizə və xarici səfərlərimizə davam edəcəyik.

- Gənclərin muğama marağı və muğam müsabiqələrinin muğamın inkişafına təsiri barədə nə düşünürsünüz?

- Bildiyimiz kimi Heydər Əliyev Fondu yaranan gündən muğamımızın ikinci inkişaf dövrü başlayıb. 2005-ci ildən başlayaraq muğam televiziya müsabiqələrinə start verildi və bu günə qədər 7 televiziya müsabiqəsi keçirilmişdir. Mən də bir sənətkar kimi o layihədə münsif qismində iştirak etmişəm. Hər müsabiqədə isə 20 istedadlı gənc seçərək xalqa təqdim etmişik. Bu da o deməkdir ki, bu günə qədər 7 müsabiqənin nəticəsi olaraq 140 nəfər gənc muğam ifaçısını xalqımıza təqdim etmişik. Deyə bilərik ki, heç bir dövrdə bu qədər gənc bu sənətə gəlməyib. Artıq onların bir çoxunun fəxri adları da var və Azərbaycan Televiziyasının solistləridirlər. Bununla yanaşı müsabiqə qaliblərindən 20 nəfər Opera Balet Teatrına işə qəbul olunub. Yeri gəlmişkən mən Opera Balet Teatrının rəhbərliyinə bu təşəbbüsə və gənclərə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Artıq onlar orada solistdir və baş rolların ifaçılarıdır. Bu gün muğamımız intibah dövrünü yaşayır, bütün dünyada tanınır və maraqla qarşılanır. Qeyd edim ki, bu inkişafda təşkil olunmuş 6 Beynəlxalq Muğam Müsabiqələrinin də böyük rolu var. Bu müsabiqələr sayəsində dünya muğamımız tanınır və sevilir. Dünyada da, Azərbaycanda da keçirilən Beynəlxalq Müsabiqələr muğamı gənclərə sevdirir və inkişaf etdirir.

- Sizcə, sənət dünyamızda hər şey düzgün təbliğ olunurmu? Daha yaxşı inkişaf üçün nə edə bilərik? Gənclərə muğam ifaçılarını daha yaxşı necə tanıda bilərik?

- Birinci növbədə bunu qeyd etmək istəyirəm ki, muğam kütləvi musiqi deyil. Muğam bir fəlsəfədir. O, bizim tariximizdir, mədəniyyətimizdir. Qeyd etdiyim kimi, artıq gənclər də əvvəlki illərə nisbətən muğama maraq göstərir. Misal olaraq muğam tapmaşamız "Leyli və Məcnun"u demək istəyirəm. Bildiyimiz kimi dahi Üzeyir Hacıbəyov Şərqin ilk operası olan "Leyli və Məcnun"u muğamın üzərində qurmuşdur. Bu gün də bu tamaşaya gələnlərin əksəriyyəti gənclərdir. Şükürlər olsun ki, bu gün muğamın təbliğatı güclüdür və Heydər Əliyev Fondu muğam sahəsinin inkişafında təbliğata böyük üstünlük verir.

- Bildiyimiz kimi pandemiya hər bir iş və sənət dünyasına öz təsirini göstərdi. Siz nə düşünürsünüz bu barədə? Sizcə, bu problem sənət dünyamızın inkişafına necə təsir etdi?

- 2020-ci il çox gərgin başladı. Bütün dünya evə qapandı, reyslər və uçuşlar dayandı. Bu problem sənət dünyasına daha çox təsir göstərdi. Çünki sənət adamları hər zaman xalqla birbaşa təmasda olan insanlardır. Hər zaman tamaşaçı alqışını, nəfəsini hiss edən insanlardır. Bütün bunlara baxmayaraq, biz yenə də işlərimizi dayandırmırıq. Əlimizdən gəldiyi qədər televiziya verilişlərində, canlı efirlərdə çıxış edirik. Əlbəttə bu, canlı təmas kimi olmur. Onun yerini tutmur. Vaksinlərin gətirilməsi və insanların peyvənd olunması bizə ümid verir ki, tezliklə bu bəladan qurtulacayıq və normal həyata qayıdacayıq. Çünki bizim qarşıda çox mədəniyyət layihələrimiz var. Artıq tarixi torpaqlarımız özümüzə qayıdıb. Orada qurub, yaratmaq lazımdır. Doğma torpaqlarımızda böyük konsertlər, böyük festivallar və tədbirlər keçiriləcək.

Allah xalqımıza can sağlığı versin. Xalqımızın gözü aydın olsun. Çünki artıq biz doğma torpaqlarımızdayıq, Qarabağdayıq. Biz orada ədədi olacayıq, yaşayıb, yaradacayıq. Eşq olsun Azərbaycan dövlətinə, Azərbaycan xalqına, bu möhtəşəm qələbəni bizə yaşadan Ali Baş Komandana, Milli ordumuza. İgid şəhidlərimizin ruhu qarşısında və qazilərimizin qarşısında baş əyirəm.

Təşəkkür edirəm müsahibəyə görə. Sizə də uğurlar arzu edirəm!

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə