Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri genişlənir FOTO

Ukraynanın Azərbaycandakı səfirinin müşaviri Sergiy Xabenko və mədəni-humanitar məsələlər üzrə 1-ci katibi Georgiy Selskiy noyabrın 27-də Azərbaycan Milli Kitabxanasında olublar. SİA-nın məlumatına görə, qonaqlar Milli Kitabxanada Milli Kitabxananın fəaliyyəti, təcrübəsi ilə yaxından tanış olmaq istəklərini bildiriblər. Söhbət əsnasında Azərbaycan Milli Kitabxanasının onlayn fəaliyyətini yüksək qiymətləndirən səfirin müşaviri dəfələrlə kitabxananın elektron kataloq və elektron kitabxanasından, sənədlərin sifarişi və elektron çatdırılması bölməsindən istifadə etdiyini və Milli Kitabxananın operativ onlayn xidmətlərinin səviyyəsindən çox məmnun qaldığını söyləyib.

Sonra onlar gələcək əməkdaşlıq barədə fikirlərini paylaşaraq iki ölkə arasında mədəniyyət, o cümlədən kitabxana işi sahəsində əməkdaşlığı inkişaf etdirmək, birgə layihə və tədbirlər keçirməyi planlaşdırıblar.

Daha sonra, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara Milli Kitabxana haqqında məlumat verərək, yeni layihələrdən, kitabxananın beynəlxalq əlaqələrindən söz açıb, o cümlədən Ukrayna Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair ikitərəfil müqavilənin olmasını və informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Həmçinin Kərim Tahirov Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında açılmış daimi Ukrayna guşəsi barədə qonaqlara məlumat verib. İki ölkə arasında beynəlxalq kitab mübadiləsinin və beynəlxalq əməkdaşlığın davamlı olmasını bildirərək tezliklə Ukrayna Milli Kitabxanasında da Azərbaycana dair guşənin açılacağından danışıb.

Kərim Tahirov müşavirə Milli Kitabxanaya hədiyyə etdiyi kitablara görə minnətdarlığını bildirib və öz növbəsində ona ölkəmizlə bağlı nəşrlər hədiyyə edib.

Qonaqlar Milli Kitabxananın beynəlxalq əməkdaşlıq zalı ilə də tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə