Anar Kərimov beynəlxalq vebinarda çıxış edib

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) “Bəşər sivilizasiyasının qurulmasında və sülh dəyərlərinin yayılmasında İslam incəsənətinin rolu” mövzusunda beynəlxalq onlayn vebinar baş tutub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, vebinarda ICESCO-nun baş direktoru Salim M. Əl-Malik, Bəhreynin Mədəniyyət və Antik Əşyalar İdarəsinin prezidenti Şeyxa Mai Bint Məhəmməd Əl-Xəlifə, BƏƏ-nin mədəniyyət və təhsilin inkişafı naziri Nura bin Məhəmməd Əl Kaabi, Misirin mədəniyyət naziri İnas Abdel Dayem, ICESCO, UNESCO, IRCICA təşkilatlarının nümayəndələri və digər rəsmilər iştirak etmişdir.

Tədbirdə ölkəmizi mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov təmsil edib.

Açılış nitqi ilə çıxış edən ICESCO-nun baş direktoru Salim M. Əl-Malik İslam incəsənətinin zənginliyindən, onun bəşər sivilizasiyasının formalaşmasındakı rolundan, ICESCO-nun İslam irsinin qorunması istiqamətində fəaliyyətindən bəhs edib.

İslam sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələri qeyd edən Anar Kərimov 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağ bölgəsində mövcud olan İslam irsinin vəziyyətindən də danışıb. O, Ermənistan tərəfindən məscidlərin dağıdılmasının və təhqir olunmasının Azərbaycanın tarixi-mədəni irsinin, eyni zamanda İslam irsinin məhv edilməsi məqsədi daşıdığını qeyd edib. Dini mənşəyindən asılı olmayaraq mədəni irsin qorunmalı olduğunu qeyd edən Anar Kərimov Ermənistanın əməllərinə qlobal mədəniyyət institutları tərəfindən obyektiv qiymətin verilməsinin, bu əməllərin pislənilməsinin zəruri olduğunu bildirib. Xüsusilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində islam sivilizasiyasın mədəniyyət və dini irsinə qarşı həyata keçirilmiş vandalizm aktlarının İCESCO və digər beynəlxalq təşkilatlar tərəfindən daha sərt pislənilməli olduğunu, müsəlman dünyasının öz mirasını qətiyyətlə müdafiə etməli olduğunu diqqətə çatdırıb.

Anar Kərimov çıxışında Azərbaycanda mədəni irsin qorunması, sülh və dialoqun təşviqi ilə bağlı görülən işlər, ICESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib. Qeyd edib ki, ICESCO ilə əməkdaşlıq çərçivəsində 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərləri “İslam mədəniyyətinin paytaxtı” elan edilmiş, 2015-ci ildə ICESCO-nun 12-ci Baş Konfransı Bakıda təşkil edilib.

2017-ci ilin Azərbaycanda ölkə başçısı cənab İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan olunduğunu qeyd edən Anar Kərimov il ərzində həyata keçirilən layihələr barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...