Koordinasiya qrupunun iclası keçirilib FOTO

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanından irəli gələn məsələlərin, o cümlədən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin icrasını təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı yaradılmış Koordinasiya qrupunun 25 noyabr 2020-ci il tarixində videoformatda iclası keçirilib.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, iclası giriş sözü ilə Koordinasiya qrupunun rəhbəri, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə açaraq ilk öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın böyük qələbəsi, ölkəmizin ərazilərinin işğaldan azad olunması münasibətilə iclas iştirakçılarını təbrik edib. Vətən müharibəsində tarixi zəfərimizin nəticəsi kimi noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunduğunu deyib.

V.Eyvazzadə müvəqqəti komendantlıqların nəzdindəki əməliyyat qərargahlarında nazirliyi təmsil edən nümayəndələrin işi ilə bağlı məlumat verib. Koordinasiya qrupunun fəaliyyətinə dair müvafiq tapşırıqları diqqətə çatdırdı. Eyni zamanda monitorinqlərin daha səmərəli təşkili məqsədilə mədəni irs – abidələr, muzey, kitabxana və digər istiqamətlər üzrə nazirliyin sahəvi ekspert qruplarının formalaşdırılmasının zəruri olduğu qeyd edilib.

Koordinasiya qrupunun əlaqələndiricisi, Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Vüqar Məmmədov müvəqqəti komendantlıqların nəzdindəki əməliyyat qərargahlarına daxil olan nazirliyin abidələr və müəssisələr üzrə nümayəndələri tərəfindən işğaldan azad olunmuş rayonların ərazilərində keçirilən monitorinqlərin bu günə olan nəticələri barədə məlumat verib. Bildirilib ki, ilkin monitorinqlər zamanı işğalçılar tərəfindən dağıdılmış 180 mədəniyyət müəssisəsi ilə bağlı qeydlər aparılıb, habelə 71 tarix-mədəniyyət abidəsinə və tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə baxış keçirilib.

V.Məmmədov koordinasiya qrupunun fəaliyyətindən irəli gələn məsələlərlə bağlı bir sıra məqamları nəzərə çatdırıb.

İclas daha sonra müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...