Azərbaycan mədəniyyətinə itki üz verib

Xəbər verdiyimiz kimi, Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış teatr və kino aktyoru, respublikanın Xalq artisti, Prezident mükafatçısı Əjdər Qüdrət oğlu Həmidov 2020-ci il noyabr ayının 24-də ömrünün 67-ci ilində vəfat edib.

SİA-nın məlumatına görə, Əjdər Qüdrət oğlu Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Mollakamallı kəndində anadan olub.

1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən gənc aktyor bu teatrın səhnəsində Vəzir (“Lənkəran xanının vəziri”, M.F.Axundzadə), Qulu (“Tamahkar”, S.S.Axundov), Milis (“Bəxt üzüyü”, V.Səmədoğlu), Həfçi Məlik (“Adamın adamı”, Anar), Sərsəri (“Bütün Şərq bilsin”, N.Həsənzadə), Dursunəli (“Dursunəli və balıbadı”, S.Qənizadə) və s. müxtəlif səpkili rollar oynayıb.

1990-cı ildə Akademik Milli Dram Teatrının heyətinə qəbul edilən Əjdər Həmidov bu sənət ocağında bir-birindən maraqlı obrazlar yaradıb. Aktyor bu illər ərzində Şeytan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), 1-ci kafir (“Burla Xatun”, N.Xəzri), Daşdəmir (“Bu dünyanın adamları”, H.Orucov), Vanya yüzbaşı, Müxbir, Fərəc, Almurad (“Hökmdar və qızı” – “Qarabağnamə”, “Dəlilər və ağıllılar”, “Boy çiçəyi”, “Mənim günahım” İ.Əfəndiyev), Məşədi Oruc, Hacı Kazım, Məkkə Məhəmməd (“Ölülər”, “Dəli yığıncağı”, C.Məmmədquluzadə), Şou-Zəli (“Hələ sevirəm deməmişdilər”, R.Novruz), Dito (“Kaş araba aşmayaydı”, O.İoseliani), Əmir (“Füzuli və Əsmər”, M.Seyidzadə), Əzrail (“Teleskop”, Elçin), Yəhudi (“Qadın məhəbbəti”, V.Hüqo), Nəcəf (“Qurbətdən gələn məktublar”, H.Həsənov), Balarza (“Almaz”, C.Cabbarlı) və başqa müxtəlif xarakterli obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Kinoda da özünəməxsus aktyor oyunu ilə seçilən Əjdər Həmidov “Azərbaycanfilm"in istehsal etdiyi “Kişi sözü” (Qasım), “Lətifə” (Əhməd), “Hacı Qara” (Kərəməli) və s. filmlərdə, “Yoxlama” (Müfəttiş) çoxseriyalı televiziya filmində maraqlı obrazlar yaradıb.

Əjdər Həmidov 2002-ci ildə respublikanın Əməkdar artisti, 2018-ci ildə Xalq artisti fəxri adlarına, habelə müxtəlif illərdə Prezident mükafatlarına layiq görülüb.

Milli teatr və kino sənətimizin zənginləşməsində öz dəst-xətti olan, sənət ömründə öz təbiiliyi, həyatiliyi, emosional təsiri ilə seçilən obrazlar qalereyası yaratmış Əjdər Həmidovun xatirəsi onu tanıyan, sevən çoxsaylı tamaşaçıların, eləcə də sənət dostlarının, həmkarlarının qəlbində yaşayacaq.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə