“Oyuq”çu uşaqlar “Can Qarabağ” mahnısına klip çəkdiriblər

Fəaliyyətində, repertuar seçimi və mədəni-sosial aksiyalarında vətənpərvərlik mövzusunu daim diqqət mərkəzində saxlayan, yetişən nəsillərin bu ruhda formalaşmasında öz missiyasını layiqincə davam etdirməyə çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti layihəsini də sənətsevərlərin ixtiyarına verib.

Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, sənət ocağının nəzdindəki “Oyuq” teatr-studiyası özünün hərbi-vətənpərvərlik ideyalı növbəti klipini ərsəyə gətirib.

“Qarabağ Azərbaycandır!” şüarı ilə bundan öncə də bir neçə klip və videoçarx hazırlayan teatr təmsilçiləri bu dəfə sözləri və musiqisi Bəhram Nəsibova məxsus “Qarabağ” (“Can Qarabağ” adı ilə tanınan) mahnısına klip çəkiblər.

İstedadlı uşaq və yeniyetmələrin toplandığı studiyanın vokalçı yetirmələri dillər əzbərinə çevrilən bu mahnıya yeni nəfəs verməklə zəfər sevinclərini bölüşməyə çalışıblar.

“Qarabağ Azərbaycandır” layihəsinin davamı olan klipin ideya müəllifi Səidə Haqverdiyeva, rejissoru Tofiq Teymuroğlu, operatoru Mərdan Məmmədovdur.

Xatırladaq ki, bu mahnı və ona çəkilən klip teatrın “Uşaq və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi”nə yönələn çoxşaxəli fəaliyyətinin bir istiqamətidir. Mövzu ilə bağlı daha bir klip və videotamaşa da hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...