"Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsində...

“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb. SİA-nın məlumatına görə, nəşrin yeni nömrəsinin özəl mövzuları yenə də Azərbaycan Cümhuriyyətindən başlayır və bu dövrün maraqlı, faciəvi şəxsiyyətlərindən birindən - Ömər Faiq Nemanzadədən, onun naməlim məktublarından bəhs edilir...

“Ədəbiyyat” rubrikasında mərhum şair, böyük vətəndaş, qəlbi vətən yanğısı, poeziyası vətən həsrəti ilə yanıb-yaxılan Şahmar Əkbərzadədən və poeziyamızın ağsaqqallarından olan Fikrət Sadıqdan söz açılır....

Bu aralar mədəniyyət xadimlərimizdən itirdiklərimizin sırasında dünyaca məşhur, amma məşhur olduğu qədər də faciəli taleli Eldar Əliyevdən söz açır istedadlı musiqişünas alimimiz Zümrüd Dadaşzadə...

Eyni zamanda, yerlərdən redaksiyaya gələn yazılardan jurnalın arxivində növbəsini gözləyən Ramiz Ramazanlının bölgə teatrı haqqında yazısı hər kəsin marağına səbəb olacaq...

Dünya mədəniyyətinin və bizim də incəsənətimizin dünyaya inteqrasiyasının gözəl bir nümunəsi ilə qarşılaşacaqsınız bu dəfə - Quzey Kıprısın Müasir İncəsənət Muzeyi və həmyerlilərimizin də iştirak etdiyi layihələr haqqında professor Əli Efdalın yazısı...

Son dövrün ən fəal muzey fəaliyyətində payın çoxunun Milli Xalça Muzeyinə düşdüyü heç kəsə sirr deyil və bu nömrədə muzeyin direktoru Şirin Məlikova ilə müsahibənin səbəbi də elə budur...

“Vətən uzaqda deyil”də bəstəkar Xədicə Zeynalova, “Portret”də arxeologiya elminin bilicilərindən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, “Multikulturalizm”də dəyərlərimizin təhlili, ikidilliliyin faydaları, azadlıq mücahidlərinin taleyi, “Həmkarlarımız”ın gənc fotoqraf simaları, “Mədəni irs”imizin vazkeçilməz məqamları və ən nəhayət “Elm”imizin müqtədir və yeni adları bu nömrədə oxucunu bir çox mətləblərdən hali edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə