“BMA-nın Türkiyənin ali təhsil ocaqları ilə elmi əməkdaşlığı” SEMİNAR-FOTOLAR

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illik yubileyi ərəfəsində “Bakı Musiqi Akademiyasının Türkiyənin ali təhsil ocaqları ilə elmi əməkdaşlığı” mövzusunda “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi laboratoriyasında onlayn rejimində növbəti elmi seminar təşkil olunub.

BMA-dan SİA-ya bildirilib ki, seminarı laboratoriyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova keçirib.

Məruzəçi uzun illər Bakı Musiqi Akademiyası və Türkiyənin nüfuzlu elm ocaqları arasında elmi əməkdaşlığın yüksək müstəvidə keçirilməsini, ilk növbədə Ü.Hacıbəyli adına BMA-nın rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəylinin, elmi işlər üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor G.A.Abdullazadənin elm və təhsil sahəsində nüfuzları, möhtəşəm fəaliyyətləri, əldə etdikləri nailiyyətlər sahəsində baş tutmasını xüsusilə vurğulayıb.

H.Məmmədova BMA-nın təşkilatçılığı, iştirakı və dəstəyi ilə Türkiyədə keçirilmiş konqres və beynəlxalq konfranslarda görülən işlərin yüksək qiymətləndirilməsini qeyd edib. “Uluslararası Müzik və Dans Konqresləri”, 33-cü İSME Dünya Konqresi, “İSME Legacy beynəlxalq konfransı” bilavasitə BMA-nın rəhbərliyi və yaxından iştirakı ilə bir neçə illər ərzində keçirilir.

Qeyd olunan konfrans və konqreslər bir çox dövlətlərdən olan elm insanlarını birləşdirərək, dünyəvi mədəniyyətin xalqlararası bağlılığı haqqında fikirləri işıqlandırır. Keçirilən konfrans və konqreslərdə BMA-nı təmsil edən professor müəllim heyəti müxtəlif mövzularda çıxışları ilə böyük marağa səbəb olublar.

Bundan əlavə məruzəçi bildirib ki, elmi işlər üzrə prorektor G.Abdullazadənin rəhbərliyi altında Azərbaycanın ənənəvi musiqi irsinin toplanması, notlaşdırılması və araşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilib. Layihələrin fəal iştirakçılarından olmuş H.Məmmədova bildirib ki, layihə çərçivəsində yurdumuzun bir çox bölgələrinə səfərlər baş tutub. Bölgələrimizin etnoqrafiyası, folkloru və mədəniyyəti ilə tanışlıq ekspedisiya iştirakçılarına əvəzsiz zövq bəxş edib.

Seminarın sonunda çıxış edən professor G.Abdullazadə, elmi laboratoriyanın müdiri, dosent N.İsmayılzadə, aparıcı elmi işçi, dosent A.Abduləliyev və başqaları seminardan məmnun qaldıqlarını bildirdilər və məruzəçiyə yaradıcılıq uğurları arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə