“Sənətə dəstək ol” adlı xeyriyyə aksiyasına start verilib

“Kreativ Azərbaycan” portalı Mədəniyyət Nazirliyinin dəstəyi və “Azəri Ekspress” şirkətinin tərəfdaşlığı ilə “Sənətə dəstək ol” adlı xeyriyyə aksiyası keçirir. SİA-nın məlumatına görə, aksiya maddi vəziyyəti çətin olan yaradıcı insanlara dəstək məqsədi daşıyır.

Aksiyaya teatrşünas-tənqidçi Anar Burcəliyev də qoşulub. Bu barədə o, öz “Facebook” sosial şəbəkəsində paylaşım edib.

Teatrşünas bildirib ki, belə bir çətin günlərdə “Sənətə dəstək ol” adlı xeyriyyə aksiyasının başlanılması çox uğurlu bir addımdır.

“Bu təşəbbüs yaradıcı insanlara dəstək üçün nəzərdə tutulub. Qərara gəldim ki, sənət dostlarıma dəstək məqsədilə mən də bu aksiyaya qoşulum. Bu məqsədlə “Məqalələrim, resenziyalarım, oçerklərim və müsahibələrim” (1989-2018) kitabımı (I cild) oxucuların ixtiyarına verirəm. Bütün qələm əhli olan sənət dostlarımı da “Sənətə dəstək ol” xeyriyyə aksiyası çərçivəsində çətin maddi vəziyyətə düşən yaradıcı insanlara dəstək olmağa çağırıram”, - deyə A.Burcəliyev bildirib.

Xatırladaq ki, aksiya çərçivəsində çətin maddi vəziyyətə düşən yaradıcı insanlar haqqında məlumat veriləcək və onların əsərləri sosial şəbəkələr vasitəsilə satışa çıxarılacaq. Alınan əsərlər isə “Azəri Ekspress” şirkətinin dəstəyi ilə çatdırılacaq. Əsərləri alanlara koronavirusla bağlı məhdudiyyətlər müddəti bitdikdən sonra Mədəniyyət Nazirliyi tərəfindən xüsusi təşəkkür diplomu da təqdim olunacaq.

Əlavə məlumat və suallarla bağlı “Kreativ Azərbaycan” portalı ilə əlaqə saxlamaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə