Şağan kəndinə virtual səyahət edək

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 7 nömrəli filialı yeni virtual sərgi hazırlayaraq oxucuların istifadəsinə verib. SİA-nın məlumatına görə, fotosərgi Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri - Şağan kəndinə həsr olunub.

Arxeoloji qazıntıların nəticələrindən məlum olub ki, bu ərazidə əhali hələ bizim eramızdan 3 min il əvvəl məskunlaşıb.

Şağan kəndində respublikamızın ictimai, siyasi, mədəni həyatında əhəmiyyətli rol oynayan bir çox şəxsiyyətlər yaşayıb, yaradıb. Qəmər Almaszadə, Bəbir Məmmədzadə, Adil Gəray, Hamlet Xanızadə, Bəxtiyar Xanızadə, Təvəkkül Səlimov, Bəhruz Zeynalov və başqaları bu kəndin yetirmələridir.

Kəndin bir çox abidələri bu günümüzədək gəlib çatıb. Bunlardan XII əsrin sonu XIII əsrin əvvəllərində inşa edilən 24 metr hündürlükdə dördbürclü (hazırda qalanın bir bürcü salamatdır) qalanı göstərmək olar. Həmçinin 1320-1321-ci illərə aid olan qubala-türbəni (alban abidəsi), 1658-ci ildə inşa olunan piri, 1889-cu ildə tikilən məscidi, tarixi 1894-1895-ci illərə təsadüf edilən mədrəsəni, 1895-ci ildə Hacı Atababanın tikdirdiyi hamamı, kənd qəbiristanlığında olan dördsütunlu türbəni (1907), 40 sərdabanı (əmanət qəbirlər) qeyd etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə