Azərbaycan nümayəndə heyəti Türkiyədə Novruz şənliklərində iştirak edib FOTOLAR

Türkiyə Respublikasında TÜRKSOY təşkilatı tərəfindən Novruz şənlikləri və “Kastamonu – türk dünyasının mədəni paytaxtı ili”nin açılış mərasimləri keçirilib. SİA-nın məlumatına görə, tədbirlərdə nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin aparıcı məsləhətçisi Elgün Əliyev, Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova, “Halay” folklor rəqs ansamblı iştirak edib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının “Yallı” folklor kollektivi uğurla təmsil olunub.

Nəzərdə tutulmuş tədbirlər planına müvafiq olaraq mart ayının 21-də Kastamonu şəhərində mədəniyyət ilinin açılış mərasimi təşkil olunub. Şəhərinin mərkəzində Novruz tonqalı yandırılıb. Novruzun simvolu kimi səməni və xonçası nümayiş olunub. Şəhərin əsas küçəsi boyunca Novruz yürüşü təşkil olunub. Yürüşdə kollektivlər tərəfindən dünyanı sülhə çağıran, türk xalqlarına rifah arzulayan şüarlar səsləndirilib. Tədbirdə Türkiyə Respublikasının rəsmi şəxsləri, TÜRKSOY-un rəhbərliyi, təşkilata üzv dövlətlərinin nümayəndələri və bədii kollektivləri (ümumilikdə 18 dövlətdən 350-ə yaxın) təmsil olunub.

Açılış mərasimi öncəsi Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş tərəfindən nümayəndə heyətlərinin üzvləri və mətbuat işçiləri ilə görüş təşkil edilib. Görüş zamanı Azərbaycan heyəti tərəfindən xatirə hədiyyələri təqdim edilib.

“Kastamonu – türk dünyasının paytaxtı ili”nin açılış tədbiri böyük coşqu ilə başlayıb. Çıxış edən rəsmilər – TÜKRSOY-un baş katibi D.Kaseinov, Türkiyənin baş naziri Binali Yıldırım, Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş və digər şəxslər Novruzun dostluq, sülh, qardaşlıq, əmin-amanlığa çağırış simvolu və ortaq mədəniyyət göstəricisi olduğunu vurğulayıblar.

Qeyd olunub ki, Novruz 2009-cu ildə YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ Siyahısına daxil edilib, 2010-cu ildə isə BMT tərəfindən 21 mart Beynəlxalq Novruz günü kimi təsbit olunub. Tədbirlərdə Halay və Yallı kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb. Ümumilikdə qeyd etmək lazımdır ki, Kastamonu qədim sənətkarlıq və folklor ənənələrinin qorunduğu bölgələr sırasındadır. İl ərzində türkdilli dövlətlərin iştirakı ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Novruz şənliklərinin növbəti mərhələləri Ankara və İstanbul şəhərlərində keçirilib. Halay bədii kollektivi Ankaranın Çankaya universitetinin mədəniyyət mərkəzində öz nömrələri ilə çıxış edib. Növbəti çıxış isə Ankaranın Keçiörən bələdiyyəsinin nəzdində olan Nəcib Fazil Kısakürək adına Mədəniyyət Mərkəzində təşkil olunub. Tədbir Ankarada təşkil olunmuş tədbirlərin zirvəsi kimi qeyd olunub. TÜRKSOY-un baş katibi açılış nitqində türk dünyasının Novruz tonqalı ətrafında birləşməsinin ümumi birliyin rəmzi olduğunu vurğulayıb. Halay folklor rəqs kollektivi bir neçə nömrə ilə çıxış edərək milli folklorumuzun xalq yaradıcılığımızın mühüm elementlərindən olan folklor rəqslərini tamaşaçıların diqqətinə çatdırıb.

Novruzun Türkiyə şənlikləri İstanbul konsertləri ilə başa çatmış olub. İstanbul Bayrampaşa bələdiyyəsinin iştirakı ilə ilk öncə bayram yürüşü təşkil olunub. İstanbulda bayram tonqalının yandırılması yerli sakinlər tərəfindən də rəğbətlə qarşılanıb. Bayrampaşa idman salonunda təşkil edilən konsert proqramında Halay folklor rəqs ansamblı və Yallı qrupu ayr-ayrılıqda möhtəşəm rəqs və musiqi proqramları ilə çıxış ediblər. Halay folklor rəqs ansambılının uğurlu çıxışları digər ölkələrdən olan nümayəndələrin də diqqətini çəkib. Belə ki, bir sıra ölkənin nümayəndələri kollektivin onların dövlətlərində təşkil ediləcək bədii proqramlarda görmək arzusunda olduqlarını bildiriblər.

Hazırda Novruz şənlikləri Balkan yarımadası ölkələrində davam etməkdədir. Aprel ayının 5-nə qədər keçiriləcək Novruz şənliklərində ölkəmizi Aşıq Əli Pənahoğlu təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə