Mahnı Teatrının kollektivi əsgərlərimizə dəstək olub FOTOLAR

Rəşid Behbudov adına Mahnı Teatrında cəbhədə qələbə qazanan Azərbaycan ordusuna dəstək məqsədilə tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, ilk olaraq, vətən uğrunda şəhid olan Azərbaycan oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Mahnı Teatrının direktoru Kazım Qasımov aprelin 2-dən etibarən, Ermənistan Silahlı Qüvvələrinin bütün cəbhə boyu Azərbaycanın mövqelərini, yaşayış məntəqələrini intensiv atəşə tutmasına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin hücuma keçərək mühüm əhəmiyyət kəsb edən yüksəkliklərə nəzarəti ələ keçirməsindən, işğalçıların təxribatını dəf edən Azərbaycan ordusunun 16 hərbçisinin həlak olduğundan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin aprelin 2-də Təhlükəsizlik Şurasının iclasını keçirməsindən danışıb. Direktor bütün sənət adamlarının Ali Baş Komandanın ətrafında sıx birləşdiyini, onun bütün əmr və göstərişlərini dərhal yerinə yetirməyə hazır olduqlarını bildirib. Azadlığa gedən yolun şəhidsiz mümkün olmadığını söyləyən Kazım Qasımov şəhid ailələrinə səbr diləyib.

Daha sonra tədbirdə çıxış edən xalq artisti İlqar Muradov, əməkdar artistlər Loğman Kərimov, Aybəniz Haşımova, Salman Qəmbərov, Mircavad Cəfərov və digərləri ermənilərin informasiya məkanındakı təxribatından danışıblar və hər kəsi sosial şəbəkələrdə tariximizlə bağlı paylaşımlar, Qarabağ xanlığı, Qərbi Azərbaycan torpaqlarının Azərbaycana məxsusluğunu sübut edən tarixi faktlar paylaşmağa dəvət edbilər. Bildirilib ki, lazım gələrsə incəsənət xadimləri əsgərlərə mənəvi dəstək olaraq, qərargahlar yaratmağa və onların qarşısında çıxışlara da hazırdırlar.

Qeyd edək ki, çıxış edənlər Azərbaycan ordusunun gücünə inandıqlarını bildirib, ilk çağırışda xalqın Ali Baş Komandanın səsinə səs verməyə hazır olduqlarını söyləyib, Azərbaycan əsgərinə uğurlar diləyərək yalnız irəli getməyi arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...