“Sehrli Dünya” qalibləri mükafatlandırıb- FOTO

"Sehrli Dünya" uşaq jurnalı Bakının Görədil kəndində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İstirahət Mərkəzində jurnalın elan etdiyi müsabiqə qaliblərini mükafatlandırıb. SİA-nın məlumatına görə, qaliblərlə yanaşı oxucular və abunəçilərin də iştirak etdiyi tədbirdə maraqlı fikir mübadiləsi aparılıb, jurnalın daha da maraqlı olması üçün təkliflər irəli sürülüb.

Hər şənbə belə bir görüşün keçirilməsini planlaşdırdıqlarını bildirən jurnalın baş redaktoru, yazıçı Gülzar İbrahimova gələcək tədbirlərin daha da maraqlı keçməsi üçün xüsusi yay planının hazırlandığını bildirib: "Jurnalımızda hər ay elan verilir. Redaksiya hər həftə çimərlikdə oxucularını başına toplayacaq, onlara dənizdə, hovuzda üzmək öyrədəcək, "Qum qalası" müsabiqəsi, qaçış, futbol, voleybol və digər yarışlar da keçiriləcək. Bir sözlə, uşaqlara əsl yay sevinci hədiyyə edəcəyik. Jurnalın uzun ömürlü olması, uşaqlar tərəfindən sevilməsi üçün hərtərəfli iş aparılır. Tədbirin keçirilməsindən, səmimi ab-havadan hiss olunur ki, jurnalın məqsədi uşaqları sevindirməkdir".

Tədbirdə rəssamlar hazırda uşaqlar arasında ən çox xoşlanan "face art" – üz incəsənəti müsabiqəsi keçirdib. Bundan başqa, "Sehrli Dünya" jurnalının məxsusən uşaqlar üçün hazırladığı "Okey-key" oyunu oynanılıb. Oyunun qaliblərinə "Sərhədçi"dən xüsusi hədiyyələr və Gülzar nənənin nağıllar kitab dəsti təqdim edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə