Paula Selinq yenidən Avroviziya səhnəsində görünə bilər

Avroviziya Mahnı Müsabiqəsindən sonra dünyada tanınan simalar Aleksandr Ribak və Paula Selinq birlikdə duet oxumağa hazırlaşır. SİA-nın Norveç mətbuatına istinadən verdiyi xəbərə görə, 2009-cu ildə Norveçi təmsil etməklə Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyini vətəninə qazandıran Aleksandr Ribak, 2010-cu ildə Rumıniyanı təmsil edərək müsabiqədə 3-cü yerə çıxan Paula Selinqlə duet oxuyacağını bildirib. Belə ki, duet ortaqları ilkin olaraq müzakirə aparmaq üçün ötən gün Rumıniyada görüşüblər. Sözləri və musiqisi Ribaka məxsus olan mahnının adı "Göstərəcəm"dir (I’ll Show You).
Qeyd edək ki, Avropada solo ifaçı kimi tanınmış Paula Selinq A.Ribakla görüşündən sonra mətbuata verdiyi açıqlamasında Stokolmda ölkəsini yenidən təmsil etmək üçün milli seçimə qoşulacağını da bildirib.
Onu da əlavə edək ki, Avropanın bir neçə ölkəsində televiziya kanallarında çıxış edən Paula Selinqin gələn il Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək şansı yüksək qiymətləndirilir. Bundan əlavə, Aleksandr Ribak və Paula Selinq bu gün axşam Bakı vaxtilə saat 11:00-dan 02:00-a qədər Niderlandın "Eurovision Radio İnternational" radiosunda 3 saatlıq canlı yayımda iştirak edəcək və aparıcı Juergen Boerniqin suallarını cavablandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə