Ta qədimdən xalqımız baharın ilk xəbərçiləri sayılan çərşənbələrdə öz adət-ənənələrini, inanclarını yaşadıb, təbiətin canlanmasını qeyd edib. Yaradılışla bağlı olan Novruzun – baharın gəlişinin əsasında su, od, hava (yel) və torpaq dayandığına görə, onlar xüsusi günlərə bölünərək, mərasimlərlə qarşılanıb. Bu il Su çərşənbəsi fevralın 25-nə, Od çərşənbəsi martın 4-nə, Yel çərşənbəsi martın 11-nə, İlaxır, yaxud da Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edir.
SİA xəbər verir ki, İlk çərşənbə olan Su çərşənbəsi fərqli və rəngarəng mərasimlərlə qeyd olunur. Hər rayonda, şəhərin səs-küyündən uzaq, təbiətin qoynunda keçirilən mərasimlərdə xalq suyun təmizləyici gücü ilə bağlı qədim inancını yaşadır.
Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Su çərşənbəsi ilə bağlı qeydlərini bölüşüb.
Folklorşünas bildirir ki, Novruz bayramının dörd əsas çərşənbəsindən biri olan Su çərşənbəsi xalq arasında “Əzəl çərşənbə” kimi də tanınır. Qədim inanclara görə, kainatın yaradılışı zamanı ilk su mövcud olub və həyatın mənbəyi sayılıb. Buna görə də Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Bu gün insanlar suyun gücünə inanaraq müxtəlif adət-ənənələr yerinə yetirir, onun vasitəsilə həm mənəvi, həm də fiziki təmizliyə nail olmağa çalışırlar.
Su çərşənbəsi ilə bağlı xalq arasında maraqlı inanclar mövcuddur. Deyirlər ki, bu gün su canlanır, oyanır və saflaşır. İnsanlar səhər tezdən bulaq başına gedir, axar suyun üzərindən atlanaraq ilin bütün ağırlıqlarını arxada qoyduqlarına inanırlar. Evdə su ilə təmizlik işləri aparılır, həyətlər yuyulur, hətta bəzən süfrəyə qoyulan suyun bərəkət gətirdiyinə inanılır.
“Yalançı çərşənbələr” və baharın aldadıcı səsləri
Atəş Əhmədlinin sözlərinə görə, qədim zamanlarda çərşənbələrin sayı dörd deyil, yeddi olub. İnsanlar hava dəyişikliklərinə görə çərşənbələri fərqləndirir, ilin gəlişini müəyyən etməyə çalışırdılar. Lakin zaman keçdikcə dörd əsas çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri formalaşdı və bu gün də həmin adətlər davam edir.
Novruzaqədərki çərşənbələrin hər biri öz enerjisi və təsiri ilə fərqlənir. Lakin xalq inanclarına görə, hər çərşənbə doğru deyil – fevral ayında qeyd olunan bəzi çərşənbələr “oğru” və ya “yalançı çərşənbə” adlandırılıb. Bunun səbəbi havanın bir anlıq isinməsi, günəşin görünməsi və baharın gəldiyi hissini yaratması olub. Amma ardınca yenidən qar yağır, şaxta düşür və baharın hələ tam gəlmədiyi anlaşılır. Bu çərşənbələr insanları yanıldan, lakin doğru çərşənbələrə aparan keçid mərhələləridir.
Suya deyilən niyyətlər, axan suların sirri
Azərbaycanın müxtəlif bölgələrində Su çərşənbəsi xüsusi adət-ənənələrlə qeyd edilir. Quba və Qusar kimi dağlıq ərazilərdə insanlar səhər tezdən çay kənarına gedir, oradan götürdükləri suyu evlərinə apararaq həyətlərinə və ağacların dibinə səpir, bunun bərəkət və firavanlıq gətirəcəyinə inanırlar. Lənkəranda isə çay suyu saxsı qablarla evə gətirilir, bu su ilə yuyunmaq ilin bütün bəlalarından qorunmaq anlamına gəlir. Bəzi kəndlərdə isə səhər tezdən evin girişinə su tökmək və qırmızı lent bağlamaq şərtdir – bu, ailəyə xoşbəxtlik gətirir.
Xüsusilə şimal bölgələrində – Şəki, Qax və Zaqatalada su ilə bağlı maraqlı inanclar var. Burada insanlar Novruz öncəsi kəndin ən təmiz bulağının suyundan gətirir, həmin sudan içir və yuyunaraq il boyu sağlam qalacaqlarına inanırlar. Bəzi bölgələrdə, məsələn, Şamaxıda su üzərindən atlanmaq adəti var – bu, insanın pis enerjidən, bəd nəzərdən təmizlənməsi deməkdir.
Kür və Araz çaylarının sahilində yerləşən kəndlərdə çayın axarına niyyət söyləmək ənənəsi var. İnsanlar arzularını suya danışaraq, onun suda axıb getməsini seyr edirlər. Deyirlər ki, niyyət çaya söyləniləndə daha tez qəbul olunur, çünki su daim hərəkətdədir.
Şəkidə əzəl çərşənbədə sübh tezdən bulaq başına gəlib,
“Ağırlığım-uğurluğum suya,
Azarım-bezarım suya”, – deyib, su üstündən atlanırlar. Sonra əl-üzlərini yuyur, bir-birilərinin üstünə su atırlar. Xəstəliyə tutulanları da su üstündən hoppandırırlar. İnsanlar günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and içərək, “Su haqqı, pis əməl sahibi olmayacağam”, – deyirlər.
Su çərşənbəsinin mənəvi dəyəri
Su çərşənbəsi miflərlə gerçəkliyin qovuşduğu, insanın təbiətlə bağını dərk etdiyi bir mərhələdir. Əfsanələrdə su sirli gücə malik varlıq kimi təsvir olunsa da, onun həyati əhəmiyyəti reallıqda danılmazdır. Bu çərşənbə bizə yalnız qədim inancları xatırlatmır, eyni zamanda, suyun təmizləyici, dirildici və birləşdirici gücünü dərk etməyə təsir göstərir.
Su çərşənbəsi süfrəsində şirniyyatlar, qoz-fındıq və quru meyvələr xüsusi yer tutur. Bu nemətlər bolluq, bərəkət və gözəl günlərin rəmzi sayılır. İnsanlar inanırlar ki, bu gün süfrəyə qoyulan hər nemət gələcək ilin firavan və xoş keçməsinə töhfə verir. Su çərşənbəsi süfrəsində su dolu qab, təzə göyərtilər və südlü yeməklər də qoyulur. Su saf və təmiz həyatın başlanğıcı, göyərtilər isə təbiətin yenilənməsini simvolizə edir.
Bu gün də insanlar bulaq başında niyyət tutur, axar suya arzularını pıçıldayır və inamla yenilənməyə çalışırlar. Miflər zamanla dəyişə bilər, lakin Su çərşənbəsinin ruhu, - təmizliyə, ruzi-bərəkətə və yeni başlanğıclara inam, - daim yaşayır.
Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş Şərqdə doğub, Qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Su çərşənbəniz mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə