Müsahibim Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli teatr və kino aktyoru Hacı İsmayılovldur.

- Hacı müəllim, salam. Necəsiniz? Sizin Azərbaycan Teatr muzeyində keçirilən yubiley tədbirinizi sosial şəbəkələrdə izlədim. Sənət adamlarına verilən dəyər məni çox sevindirdi. Fürsətdən istifadə edərək, sizi 80 illik yubileyiniz münasibəti ilə “Səs” qəzetinin çoxsaylı oxucuları adından bir daha təbrik edirəm.

- Çox sağ olun.

- Hacı müəllim, siz, Akademik Milli Dram Teatrının aparıcı aktyoru kimi fərqli obrazlarla hər zaman tamaşaçılara sevinc bəxş edirsiniz. Həm teatrda, həm də kinoda mükəmməl obrazlar qalereyası yaradan sənətkarsınız. Bunlardan əlavə siz, həm də Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin səlahiyyətlərini icra edən şəxssiniz. Mümkünsə, Teatr Xadimləri İttifaqında fəaliyyətiniz haqqında oxucularımıza ətraflı məlumat verərdiniz.

- Böyük məmnuniyyətlə. Bu il mənim ittifaqdakı fəaliyyətimin on ili tamam oldu. On il bundan əvvəl Teatr Xadimləri İttifaqının keçmiş sədri Azər Paşa Nemətov məni ittifaqa dəvət edəndə, düzü tərəddüd keçirirdim. Düşünürdüm ki, aktyor olaraq, mənim üçün teatrda rollarımı oynamaq, kino və televiziya filmlərində çəkilmək daha vacibdir. Lakin Azər müəllim təkid etdi ki, sən mütləq TXİ-da olmalısan. Bu gün artıq düşünürəm ki, yaxşı ki mən onunla razıılaşdım və artıq 2014-cü ildən buradayam. Sən də o vaxt burada işləyirdin. TXİ-da Mustafa Mərdanov səhnəsini, sənin yazdığın “Mənim müasirlərim, mənim xatirələrim” əsəri ilə açdıq. Azər Paşa Nemətovun rejissorluğu və mənimlə xalq artisti Rafiq Əzimovun rol aldığı tamaşa uğurla oynanıldı.

- Yadımdadır.

- Burda çalışdığım müddətdə TXİ-dakı işimə məndə həvəs çoxaldı. Əvvəl elə bilirdim ki, bu sahədə çox şeyi bilirəm. Amma bura gələndən sonra məlum oldu ki, bilmədiyim çox mətləblər var. Yaradıcı insanın bunları bilməyi yaxşıdır. On il ərzində TXİ-da bir çox tədbirlər, yubileylər, ad və anım günləri, təqdimatlar və sairlər keçirdik.

- Bütün bu tədbirlər milli teatr sənətinin inkişafına xidmət edir.

- Elədir ki var. Mən TXİ-ya gəldiyim ilk gündən anladım, bu bizim nisamnaməmizdə də var. “TXİ milli teatr sənətinin inkişafının həllində yardımçı olmalıdır”. Biz buna çalışırıq. Bilirsiniz ki, ölkədə 27 Dövlət, 10 özəl teatr fəaliyyət göstərir. Düzdür, özəl teatrlarla bizim əlaqəmiz bir qədər zəifdir və buna da səbəbkar özləridir. Nədənsə, müstəqil teatrlar özlərinə aludədirlər...

- Onlar özlərini kənarda saxlayırlar.

- Bəli. Amma gələcəkdə biz onlarla da əlaqəni gücləndirəcəyik.

- Sağlıq olsun.

- Keçən ilin aprel ayında, uzun illər TXİ-ya rəhbərlik etmiş Azər Paşa Nemətov rəhmətə gedəndən sonra, ittifaqda çaşqınlıq yaranmışdı. Çox adam elə bilirdi ki, TXİ fəaliyyətini ya dayandırar, ya da zəiflədər. Biz buna imkan vermədik. TXİ-da bütün məsələləri İdarə heyəti həll edir. İdarə heyətinin iclasında belə qərara alındı ki, mən TXİ-nın sədrinin səlahiyyətlərini icra edim və elə o vaxtdan bu işi yerinə yetirirəm. Kiminsə şübhələri, iradları var idi. Bunları aradan qaldırmaq üçün, ilk növbədə, mənim təklifimlə bölgə teatrları ilə əlaqələri daha da möhkəmlətdik. Çünki onlarla əlaqələr zəifləmişdi. Onalrın fəaliyyətləri haqqında kifayət qədər məlumatımız yox idi. Bütün bu çatışmazlıqları aradan qaldırmaq üçün Mədəniyyət nazirliyi ilə birlikdə TXİ-da “Qonaq teatr” layihəsini həyata keçirdik. Bunun formasını düşündük. Araşdırıb, gördük ki, keçən il ölkənin 4 dövlət teatrlarının yubiley ilidir. Birinin 100, o birinin 90, digərinin 55, o birinin də 50 illik yubileyidir. Biz o teatrları paytaxta TXİ-nın zalında tamaşalarını oynamağa dəvət etdik...

- Deməli, siz ilk olaraq bölgə teatrlarından başladınız?

- Bəli, onlardan başladıq. İlk qonağımız 100 illik yubileyi qeyd olunan Ağdam Dövlət Dram Teatrı oldu. Onlar yerli dramaturq N.Qədimlinin ”Şuşadan gələn səs” tamaşasını yüksək səviyyədə oynadılar. Yubileyləri olan o biri teatrlar da tamaşalarını TXİ-nin səhnəsində uğurla təqdim etdi. Sonra belə məlum oldu ki, yubileyi olan teatrların sayı 4 deyil, 8-dir. Beləliklə, Mədəniyyət nazirliyi ilə birgə “Qonaq teatr” layihəsi çərçivəsində TXİ-nın səhnəsində 8 tamaşa oynanıldı. Bölgə teatrlarının Bakıda tamaşalarını oynaması, bir növ onlar üçün imtahan idi. Onlar çox böyük coşqu və həvəslə tamaşalarını paytaxt tamaşaçılarına təqdim etdilər. Bu bölgə teatrlarının yaradıcılığının inkişafına müsbət təsir edən bir proses idi. Biz “Qonaq teatr” layihəsini daha da genişləndirmək istədik. Bu məqsədlə Antaliyadan Böyük Şəhər Teatrını Bakıya dəvət etdik. Onlar Pərvin Unalpın “Gec qalanlar” tamaşasını təqdim etdilər. Tamaşanın quruluşçu rejissoru, həmyerlimiz, əməkdar artist Nofəl Vəliyev idi. O, eyni zamanda TXİ-nın Mustafa Mərdanov səhnəsində Elçin Hüseynbəylinin ”Qaçaq qocalar” tamaşasını hazırlamışdı. Bu tamaşa Türkiyənin bir çox şəhərlərində oynanılmış və yüksək səviyyədə qəbul edilmişdi. Dənizlidə, Bursada, Antaliyada, Mudaniya deyilən məkanda bu tamaşa uğurla oynanmışdı. Hətta Antaliyada tamaşaçıların xahişi ilə tamaşa iki gün təqdim edilmişdi. Mən Antaliya Böyük Şəhər Teatrının repertuarının “Geç qalanlar” tamaşasını gördüm və haçansa tamaşanı Bakıya dəvət etməyi qərarlaşdırdım. Keçən ilin dekabr ayında biz onları Bakıya dəvət etdik. Bakı tamaşaçısı bu tamaşanı maraqla qarşıladı. Türk qardaşlarımız da Bakı səfərindən çox məmnun qaldılar. Biz bir millət iki dövlətik. Bizim iqtisadi, siyası əlaqələrimizlə yanaşı, mədəni əlaqələrimizin də möhkəm olması vacibdir. Bu bizim “Qonaq teatr” layihəmizin uğuru idi. Tamaşaçıların layihəmizə marağı böyük idi. Bu bir növ teatr bayramı idi. Məsləhət oldu ki, bu ildə layihəni davam etdirək. “Qonaq teatr” layihəsi çərçivəsində Lənkəran, Qazax , Qusar və Ağdam teatrlarını tamaşaları ilə bir daha TXİ-yə dəvət etdik. Beləliklə, “Qonaq teatr” layihəsində oynanılan tamaşaların sayı, artıq 13-ə çatdı. Yazıçı, dramaturq Firuz Mustafa Trabzon şəhər teatrını Bakıya dəvət edilməsini təkid etdi. Çünki bu teatr onun əsərini tamaşaya qoymuşdu. Teatrla əlaqə yaratdıq. Nəhayət, bu layihə çarçivəsində Türkiyənin Trabzon şəhər teatrında həmyerlimiz Firuz Mustafanın ”Neytral zona” (“Tarafsız bölgə”) tamaşası Bakıya dəvət olundu. Bu il may ayının 5-də Trabzon şəhər teatrı Bakıda olacaq və may ayının 6 və 7-də adı çəkilən tamaşa tamaşaçılara təqdim olunacaq. May ayının 8-də adı çəkilən teatrla TXİ-nın konfrans zalında Trabzon şəhər teatrının kollektivi ilə görüş keçiriləcək. May ayının 9-da isə, qonaqlar məmləkətlərinə yola düşəcəklər. Amma gördüklərimiz işlər bunlarla bitmir. Biz Azərbaycanda keçirilən Özbəkistan günlərində Səmərqənd DDT-nın “Leyli və Məcnun” tamaşasını seyr edib, onlarla TXİ-nın konfrans zalında görüş keçirdik. Biz “Qonaq teatr” layihəsi çərçivəsində ittifaqa dəvət edilən teatrların yaradıcı kollektivləri kimi, Səmərqənd teatr kollektivini də yaradıcılıq uğurlarına görə fəxri fərmanlarla mükafatlandırdıq. Tədbirlərimiz haqqında hələlik bu qədər...

- Bir ildə kifayət qədər böyük işlər görmüsünüz.

- Milli teatr sənətinin inkişafına xidmət etməyə çalışırıq. Bilirsiniz ki, qarşıda TXİ-nın konfransı gözlənilir. İttifaqın konfransı 5 ildən bir keçirilir. Bu il oktyabr ayının 15-20-si arası TXİ-nın növbəti konfransının keçirilməsi nəzərdə tutulur. Konfransa TXİ-nın üzvləri dəvət olunurlar. Burada sədr konfrans iştirakçılarına ötən dövr ərzində görülmüş işlər haqqında məruzə edir. Sədrin gördüyü işlər müzakirə olunub, səsə qoyulur və növbəti 5 ilə yeni sədr seçilir. Sədr isə, öz növbəsində müavinləri seçir. Konfransa hazırlaşmaq lazımdır. Həm video materiallar hazırlanır, həm də digər təşkilati işlər görülür.

Mən bu məsələyə ona görə toxunuram ki, keçən il sədrimiz rəhmətə gedəndən sonra Teatr Xadimləri İttifaqı haqqında müxtəlif mülahizələr, xoşagəlməz söz-söhbətlər olmuşdu. Bəzi insanlar özlərini TXİ-nın sədri vəzifəsində görürdülər. Mən yuxarıda bu məsələyə toxundum. TXİ-nın idarə heyətinin qərarı ilə sədr vəzifəsinin səlahiyyətlərinin icrası mənə həvalə olundu. Mən hamının fikirlərinə həmişə hörmətlə yanaşıram. Tarixə müraciət etsək görərik ki, 1897-ci ildən yaradılan ittifaq, əvvəl “Artistlər İttifaqı” adı ilə fəaliyyətə başlayaraq, sonralar 1920-ci ildə “Türk Aktyorlar İttifaqı”, 1948-ci ildə “Azərbaycan Teatr Cəmiyyəti” kimi fəaliyyətini davam etdirərək, 1987-ci ildən “Azərbaycan Teatr Xadimləri İttifaqı” adlandırılıb. Teatr cəmiyyətinin başında Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları və Abbas Mirzə Şərifzadə kimi maarifpərvər insanlar durmuşlar. Sonralar bu təşkilata Azərbaycanın görkəmli sənətkarları Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Məmmədov, Şəmsi Bədəlbəyli, Mehdi Məmmədov, Lütfiyar İmanov, Həsən Turabov, Azər Paşa Nemətov rəhbərlik etmişlər. Şövkət Məmmədova, Mərziyə Davudova, Lütfiyar Məmmədov və Mehdi Məmmədov SSRİ xalq artistləri olublar. Teatr Xadimləri İttifaqına rəhbərlik edən şəxs həm teatr tarixini mükəmməl bilməli, həm də teatr fəaliyyəti ilə yaxından məşğul olmalıdır. Teatr Xadimləri İttifaqı yaranandan bəri sədrliyə, bir qayda olaraq, yaradıcı insanlar seçiliblər. TXİ uzun, keşməkeşli və şərəfli bir yol keçib. Biz Azərbaycanda belə bir ittifaqımızın olmağı ilə fəxr etməliyik.

Teatr Xadimləri İttifaqının fəaliyyətinə qalınca, biz işimizi davam etdiririk. TXİ-nın son illərdə keçirdiyi “Qonaq teatr” layihəsi bölgə teatrlarının bir çox yaradıcılıq problemlərini üzə çıxardı. Bu layihə çərçivəsində oynanılan tamaşalar içərisində yaxşı, orta və zəif səviyyədə olan tamaşalar təqdim edildi. Bizim üçün əsas olan bölgə və digər teatrların yaradıcılığına stimul vermək idi. Mədəniyyət nazirliyinin bütün tədbirlərimizdə bizi dəstəsləməyi sevindirici haldır. Biz bütün tədbirlərimizi onlarla birlikdə keçiririk.

Mədəniyyət nazirliyinin də bir layihəsi var. Bu paytaxt teatrlarının bölgələrə səfəridir. Mənim çalışdığım Akademik Milli Dram Teatrı da tamaşaları ilə iki dəfə Mingəçevir Dövlət Dram Teatrında, Lənkəran Dövlət Dram Teatrında, Şəki Dövlət Dram Teatrında, Gəncə Dəvlət Dram Teatrında tamaşaları ilə çıxışlar ediblər. Bunlar ümumilikdə Azərbaycan teatrının inkişafına xidmət edən silsilə tədbirlər hesab edilmədir.

- Hacı müəllim, siz ömrünüz boyu milli teatr və kino sənətinin inkifana çalışan sənət xadimisiniz. Mən, düzü on il bundan əvvəl, siz TXİ-ya yaradıcılıq üzrə sədrin müavini vəzifəsinə gələndə, düşünürdüm ki, görəsən yaradıcı insan olaraq burada necə işləyəcəksiz? Çünki, siz teatrda və kinoda daim məşğul bir adamsınız. TXİ isə, necə olmasa da, müəyyən qədər, məmur işidir. Amma bir qədər keçəndən sonra, məlum oldu ki, siz TXİ-da da işlərinizi uğurla həyata keçirirsiniz. Milli teatrın inkişafına xidmət edən layihələr, saysız-hesabsız tədbirlər, o cümlədən, “Qonaq teatr” layihəsində bölgə teatrlarının paytaxta dəvət olunması və sair dediklərimizə əyani sübut ola bilər.

- Çox sağ olun. Biz bölgə teatrlarını Bakıya dəvət edib, geniş ictimaiyyətə onların tamaşalarını təqdim etməklə, qeyd etdiyim kimi, onların problemləri ilə yaxından tanış olduq. Bölgə teatrlarında tamaşaçı və repertuar, ixtisaslı kadrların azlığı və sair problemləri var. Amma problemlərin tədricən həll olunacağına inanıram.

Onu da qeyd etməliyəm ki, TXİ-da həmçinin dörd yaradıcı laboratoriya fəaliyyət göstərir. Onlar, dramaturgiya, rejissura, aktyor və eksperimental teatr laboratoriyalarıdır. Bundan əlavə TXİ-da həm də bölgə teatrlarının işi üzrə laboratoriya fəaliyyət göstərir. Bu laboratorayalar üçün dram əsərləri yazılaraq, tamalar hazırlanır. Artıq 4 ildir ki, TXİ-da fəaliyyət göstərən laboratoriyaların hazırladığı tamaşaların baxış festivalları keçirilir. Bu il artıq 4-cü baxış festivalını keçirdik. Onu da qeyd etməliyəm ki, laboratoriyalarda hazırlanan tamaşalarda iştirak edənlər arasında qeyri-peşəkarlar, peşəkarlardan çoxdur. Onlar teatrı sevən, teatra xidmət etmək istəyən insanlardırlar. Belə insanlar həmişə olub, bu gün də var. Sevindirici haldır ki, TXİ-nın artıq öz tamaşaçıları var. Bizim tədbirlərə və tamaşalara maraq böyükdür. Bizim tədbirlərə və tamaşalara həm sənət adamları, həm də qeyri sənət adamları məmnuniyyətlə gəlib, qiymətli vaxtlarını bizə ayırırlar. Buna görə onlara minnətdarıq.

- Hacı müəllim, müsahibim olaraq, Azərbaycan Teatr Xadimləri İttifaqınının fəaliyyəti və uğurları haqqında oxucularımıza ətraflı məlumat verdiyiniz üçün sizə minnətdaram. Sizə gələcək fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayırıq. Çox sağ olun.

- Mən də sizə minnətdaram. Siz də sağ olun.

Müsahibəni apardı: Teatrşünas Çingiz Ələsgərli

Bütün xəbərlər Facebook səhifəmizdə