Bu günlər yolum şəhərimizin Nəsimi rayonuna düşmüşdü. Metronun “Nizami Gəncəvi” stansiyasından çıxıb mənzilbaşına üz tutdum. Arada ətrafa baxarkən yaxınlıqda əzəmətli bir bina diqqətimi çəkdi. Tanımaq istədim. Bu dəfə isə üzərindəki lövhə xüsusilə diqqətimi çəkdi. Uzağı yaxşı görə bilmədiyim üçün yazıya gözlərimi qıyıb xeyli baxdıqdan sonra bunu oxudum: ZAMİ Mall...

İndi dayanmışam yolun bu tayında, gözlərimi də zilləmişəm o taydakı binanın üzərindəki lövhəyə. Nə qədər fikirləşirəmsə, anlaya bilmirəm. ZAMİ Mall, görəsən, nə deməkdir? Maraqlıdır... Yanımdan insanlar ötür, keçir, yəqin ki, mənim yolun ortasında dayanıb yolun o üzündəki binaya gözümü zilləməyimə də reaksiyasız qalmazdılar. Çox güman ki, məni anormal sananlar da az olmadı. Lakin mən bilməliydim ki, o binanın üzərində nə yazılıb. Kim nə deyir-desin, mənə nə var...

Bu “Mall” sözü axı bizdə çoxdan dəbdədir. Bunu başa düşdük. Şəhərimizdə belə “Mall”ar çoxdur. Lakin AVM də ola bilərdi. Yəni iki dildə olsaydı, daha yaxşı olardı, hamı anlayardı. Yəqin ticarət mərkəzi sahibləri binanın üzərinə Mall yazdırmaqla düşünürlər ki, məhz bizim dildə olmayan bu sözə görə oraya insanlar axın edəcəklər. Qəribə də burasıdır ki, elə düz də düşünürlər, çünki indi insanlar harada öz dilimizdə olmayan lövhələri görürlərsə, oraya axın edilər. Yəqin onlar da özlərini müasir görmək istəyirlər.

Hə, xeyli sonra mənə çatdı. Daha doğrusu intuisiyam köməyimə çatdı. Düşündüm ki, Nizami Gəncəvi metrosundan çıxmışamsa, bura sözsüz “NİZAMİ Mall”dır. Siz Allah, yazıya baxın: NİZAMİ Mall. Vallah, məncə bu NİZAMİ Mall elə metro stansiyasının adına verilən Nizami Gəncəvinin adı ilə bağlıdır. Yox, bu, ticarət mərkəzi sahibinin özünün buraya verdiyi “Nizami” adıdırsa, bu, başqa məsələ. Lakin fərq etməz.

Hər iki halda, İlahi pərvərdigara, görün biz dilimizin, qrammatik qanunlarımızın başına nə oyun açırıq. Birincisi, əgər böyük şairimiz Nizami Gəncəvinin adı ilə bağlıdırsa, ticarət, alış-veriş mərkəzinə nə üçün belə dahilərin adı verilməlidir. Onların adı muzeylərimizə, kinoteatrlara, məktəblərə, park və küçələrə verilir də. Yox, əgər ikinci variant-şairə aidiyyatı olmayan NİZAMİdirsə, onda da yenə günahkarıq. Çünki dilimizdə “zami” adlı söz yoxdur, Nizami var və biz hər yerdə, xüsusilə şəhərin mərkəzində düzgün yazılış qaydasına əməl etməyə borcluyuq.

Vallah bilmədim güləm, ya ağlayam. Dahi şairimiz Nizami Gəncəvinin dahiyanə misraları beynimdə dolaşmağa başladı:

Bir elm öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Yox, onu demək istəmirəm ki, bu söz səhv yazılıb, kimsə onu düzgün yaza bilməyib. Düzgün yazıblar. Lakin necə olubsa, qarşıdakı ilk heca-ni düşüb, söz Nizami yox, Zami olub. Fərq etməz, düzgün yazmamaq da, düzgün yazılanı qorumamaq da məsuliyyətsizlikdir. Yəni bunu görməməyin mümkün olmadığını nəzərə alsaq, dilimizin qanunlarına tabe olmağın hər kəsin borcu olduğu məsələsinə gəlirik və düşünürük ki, içəridə alış-verişə başı çox qatmaq lazım deyil. O, onsuz da gedəcək. Arada bir bayıra çıxıb, ətrafa göz gəzdirmək lazımdır ki, həm dilimizə, həm də şəhərimizin gözəlliyinə xələl gəlməsin. Axı bu şəhərə dünyanın hər yerindən turist gəlir. Mən azərbaycanlı ola-ola oxuyub dərk edə bilmədiyim lövhəni o turst necə oxuya bilər? Lakin yazılarınız yerində olsa, inanın ki, ticarət mərkəzinə axın da daha çox olar.

Lövhəni tezliklə qaydaya salmağınız diləyi ilə...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə