Gen məbədimizə təcavüz -KÜNCDƏN BAXIŞ

Hazırda bütün dünyada GMO-nun ekologiya, insan sağlığı və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir. Üzərində anlaşmazlıq olan əsas məsələlər, GMO qidanın müvafiq şəkildə etiketlənməsi, dövlət tənziminin bu işdə rolu, GMO məhsullarının insan sağlığı və ətraf mühit üzərindəki təsiri, pestisid müqaviməti, aqronomiya və dünya əhalisini qida ilə təmin etmə prosesinə təsiri ətrafında cəmləşir.

Transgen orqanizm GMO-nun bir növü olub tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlər nəzərdə tutulur. GMO canlının öz DNTsində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə oluna bilər. Heyvan genlərinin bitkilərə köçürülməsi ilə də GMO toxumlar yaradılır.

GMO mikroorqanizmlər istehsalat sənayesində xüsusilə tibbdə istifadə olunan saflaşdırılmış farmaseptik insan züllalarının əldə olunmasında geniş istifadə olunmaqdadır. Bunların ilk və ən məşhur örnəyi genetik dəyişdirilmiş bakteriyalardan əldə olunan insulin hormonudur. GMO mikroorqanizmlər qida istehsalında istifadə olunan fermentlərin istehsalında da geniş istifadə olunur. Bunların arasında bakteriyadan əldə olunaraq nişastanı bəsit şəkərlərə çevirən alfa-amilaz, pendir emalında istifadə olunan, süd zülallarını çökdürən kimozin, kif və ya bakteriyalardan əldə olunan pektinesteraz, meyvə şirələrinin şəffaflığını artıran fermentləri saymaq olar.

GMO və məhsullarının elmi araşdırma laboratoriyasından çıxarılması, kütləvi istehsalı prosesinin qanuni tənzimi ölkədən ölkəyə böyük fərqliliklər göstərir. ABŞ, Kanada, Livan və Misir kimi ölkələrdə GMO digər məhsullardan xüsusi olaraq fərqləndirilmir. Dünyanın əksər ölkələrində isə GMO-nun idxal və istehsalatına qismi yaxud tam qadağa və məhdudiyyətlər mövcuddur.

Son dövrlərdə GMO məhsulların insan sağlamlığını məhv etdiyi, təbiətə və ekologiyaya ağır zərbə vurması çoxaylı elmi təcrübələrlə təsdiq edilmişdir. Bundan başqa GMO əkinçiliyə keçən ölkələr qlobal GMO korporasiyalarından asılı vəziyyətə düşür.

Çox sayda nüfuzlu alimlərin fikrincə, geni dəyişdirilmiş məhsullar insanlar və bütün canlı aləm üçün təhlükəlidir. Bu məhsullar insanın gen strukturunu və psixologiyasını dəyişir, onun immunitetini ağır vəziyyətə salır, onu öz təbii bioloji vəziyyətindən çıxarır və çox qorxunc xəstəliklərə səbəb olur. Xərçəng xəstəliyinin ən böyük səbəblərindən biri də geni dəyişdirilmiş ərzaq məhsullarıdır.

GMO özünü 2-ci nəsildə daha faciəvi şəkildə büruzə verir. Genetik strukturu pozulmuş yeni nəsillərin immuniteti zəif olur, xəstəliklərə, viruslara davamlılığa aşağı düşür. Heyvanlar üzərində aparılan təcrübələr də bunu göstərir.

Transgen məhsullar təkcə insanlar üçün yox, bütün canlılar, bütün təbiət üçün qorxunc təhlükədir. Belə ki, genetik tərkibi qarışdırılmış orqanizmlər torpaq fondunu məhv edir, onların əkildiyi torpaqlar təbii münbitliyini, faydalı mikroorqanizmləri itirir və sonra orada digər təbii məhsulların əkilməsi mümkün olmur. Heyvanlar da GMO yemlərdən qidalanaraq öz təbiiliyindən çıxır, xəstə bir yarımcan kütləyə çevrilir.

Dünyanın əksər ölkələrində buna qarşı dövlət və ictimai təşkilatlar səviyyəsində mübarizə aparılır, bir çox ölkələrdə GMO məhsulların istehsalı, idxalı, satışı qadağan edilib. Əksər ölkələrdə buna qarşı ciddi ictimai müqavimət var.

Azərbaycanda geni dəyişdirilmiş məhsulların istehsalı, idxalı və satışı bir neçə qanunla qadağandır. Lakin buna baxmayaraq uzun illərdir ki, satışda belə məhsullara çox rast gəlinir.

Bəzi qlobal mərkəzlər- başda Ümumdünya Ticarət Təşkilatı olmaqla- ölkələrdə qanunların dəyişdirilməsinə və GMO-ya icazə verilməsinə çalışırlar. Biz isə cəmiyyət olaraq qida təhlükəsizliyi kimi ən vacib məsələyə etinasız yanaşırıq.

Bu günlərdə Milli Məclisdə müzakirəyə çıxarılan Qida təhlükəsizliyi haqda qanun layihəsində GMO məhsullara icazə verilməsi bəndi ictimai təşkilatların narazılığına səbəb olub. Mediada geniş müzakirəyə çıxarılan bu məsələyə cəmiyyət də öz etiaznı bildirir. Bir çox deputatlar da sərt şəkildə bunun əleyhinə çıxırlar. Ümid edirik ki, Milli Məclis 3-cü oxunuşda həmin qanun layihəsindən GMO məhsullara icazə verən bəndlərin çıxarılmasından sonra qəbul edilməsinə səs verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə