Azad və demokratik dünyanın ayrılmaz hissəsi olan Azərbaycanın dövrün və zamanın tələblərinə uyğun olaraq sosial, iqtisadi islahatlar həyata keçirməsi səmərəli nəticə verir və qüdrətini hər keçən il daha da artırır. Yerləşdiyi regionun lideri olan və qazandığı yeni nailiyyətlərlə bu statusunu davamlı şəkildə möhkəmləndirən Azərbaycan artıq beynəlxalq hüququn güclü, nüfuzlu müstəqil subyekti kimi çıxış edir. Siyasi, iqtisadi, sosial, mədəni və digər sahələr üzrə yaşanan inkişafın biri-birini tamamlaması isə öz növbəsində ölkəmizi daha güclü, beynəlxalq miqyasda daha böyük nüfuz sahibi olan bir dövlətə çevirir.

Azərbaycanda 1990-1992-ci illərdə mövcud olan anarxiyanın, xaosun yaranmasında dağıdıcı müxalifətin indi ən maraqlı tərəflərdən biri kimi çıxış etməsinin səbəbləri hamıya yaxşı məlum olan həqiqətdir. Belə ki, ölkəmizdə demokratiyanın inkişaf etdiyi, cəmiyyətin maddi rifah halının davamlı olaraq yüksəldiyi bir şəraitdə radikal düşərgənin təmsilçiləri yenidən hakimiyyətə gəlmək şanslarının sıfıra bərabər olduğunu yaxşı başa düşürlər. Hətta utopik olsa da, özlərini xalqın hakimiyyətinə alternativ ola biləcək bir qüvvə kimi təsəvvür edirlər.

Məhz bu səbəbdən radikal müxalifəti maraqlandıran əsas məsələ ölkəmizdə yenə qanunsuzluğun hökm sürməsi, insanların ən elementar hüquqlarının belə, pozulduğu bir şəraitin yaranmasıdır. Çünki dağıdıcı müxalifət 1990-cı illərin əvvəllərində olduğu kimi, belə bir şəraitdə yenidən insanların kortəbii inam dalğasında hakimiyyətə gələ biləcəyinə dair xəyallar qurur, bu xəyalın reallaşması üçün Azərbaycanın ən qatı əleyhdarları ilə, hətta ermənilərlə belə işbirliyi qurmaqdan çəkinmirlər. 44 günlük Vətən müharibəsində güclü və qüdrətli Azərbaycan ordusunun Ermənistanın hərbi texnikasını və canlı qüvvəsini tamamilə məhv edib torpaqlarımızı işğaldan azad etməsindən sonra dağıdıcı müxalifət ciddi narahatçılıqlar keçirməyə başlayıb. Çünki, parlaq qələbə həm də onu diqtə edir ki, artıq onların istənilən hay-küyü, təxribatları “it hürər, karvan keçər” kimi dəyərləndiriləcək. Bu isə onların xarici maliyyə yardımlarından məhrum olmaları deməkdir.

Vəziyyətdən çıxmaq üçün şər və böhtana, yalana daha çox üstünlük verirlər. Demək olar ki, hər gün AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı xarici internet tv-lərə müsahibələr verib, erməni dostlarının maraq və mənafeylərinə uyğun açıqlamalar verirlər. Hələ arada bir utanıb çəkinmədən Paşinyanın, Koçaryanın, Sarkisyanın “demokrat” olmalarından misallar çəkib, yanıqlı ah da çəkirlər. Bununla bir növ sözügedən məxluqatlarla həmrəy olduqlarını nümayiş etdirirlər. Ancaq Azərbaycanın geri zəkalı müxalif məxluqları maliyyə əldə etmək üçün Koçaryana qardaş, Sarkisyana dost və digərlərinə əmidən, dayıdan demələrindən asılı olmayaq erməni diasporasının rəğbətini qazana bilməyəcəklər. Çünki, erməni lobbisi Paşinyandan imtina etdiyi kimi, kərimlilərə, hacılılara da diqqət göstərmək marağında deyillər. Bu isə hələ uzun müddət Müsavatın, AXCP-nin maliyyə krizisi yaşayacağından xəbər verir. Söz yox ki, müxalifət yeni mənbələr axtarışına çıxacaqlar. Bu isə birbaşa Azərbaycanın dövləti və milli təhlükəsizliyinə təhlükə mənbəyidir. El arasında nahaq yerə demirlər ki, “özgəsinin buğda süfrəsindən yalmanan pişik məqam düşəndə özününkünün qəsdinə duran çaqqala çevrilə bilər”. Müxalifət baş bilənlərinin bu gün sərgilədikləri xəyanət dolu siyasət el məsəlinin əsaslı və düzgün olduğunu təsdiqləyir.

Siyasi partiyaların yeniləşməsi, məzmun və forma etibarilə daha məhsuldar və effektiv gedişləri ehtiva edən yeni taktiki konsepsiya müəyyənləşdirməsi əsas şərt kimi dəyərləndirilir. Yəni seçkilərdə uduzanlar siyasətdən getməli, onların yerini praqmatik, konstruktiv qüvvələr tutmalıdır. Seçki məğlubiyyətinin dəfələrlə təkrarlanmasına rəğmən, radikal müxalifət liderləri belə bu addımı çoxdan atmalı idilər. Artıq nəinki cəmiyyət, heç rəhbərlik etdiyi partiyaların üzvləri də onların gələcəyinə inanmır. Son illər ərzində Müsavat və Xalq Cəbhəsi partiyalarının sıralarındakı "yarpaq tökümü"nə nəzər salmaq kifayətdir. Kimlər getmədi? Kimlər tərk etmədi yumşaq "divan"dakı yerini? Müsavatda ancaq A.Haclı və onun qardaşı Mustafa Hacıbəyli qalıbsa, AXCP - də yalnız Ə.Kərimli bir növ yalqız olaraq başını girləməkdədir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə