Papa İraqda nə axtarırdı: Sülh, yoxsa...?

Orta yaşlı insanlar yaxşı xatırlayarlar, sovet dövründə əksər uşaqlar atalarına ATA əvəzinə PAPA deyirdilər və rus uşaqlarının dilindən götürülmüş bu kəlmələr yamanca dəbə düşmüşdü o vaxt. Xüsusilə, hər əsən zaman küləyinə “yenilik” deməkdə mahir olan bizim cəmiyyət, o zaman bu “papa” kəlməsini elə əxz eləmişdi ki, evdəki atasına çöl-bayırda “papa” deməyənlərə cəmiyyətdə birtəhər baxırdılar. Sanki ATA və DƏDƏ kəlmələri keçmişin xatirəsi kimi sovetin başına daş salırdı...

Sovet dövründə rus dilinin on beş respublika arasında geniş ünsiyyət vasitəsi olmaqdan daha çox əməllicə prestij sayılan hegemon vaxtları idi və həmin vaxtlarda ən ucqar kəndlərdə, hansısa ailədə uşaqların atalarına çöl-bayırda “papa” deyə səslənməsi, o ailənin kənddəki prestiji baxımından çox önəmli idi. Bakının özündə belə, idarələrdən başlamış “torqovu” küçəsinə qədər rus dilində danışmayanlara ayağı çarıqlı kəndli kimi şəbədə qoşurdular...

Yəni iş o yerə çatmışdı ki, həttda kənd-kəsəkdə də atasına papa deyə səslənən ailələr daha çox qabağa gedən, inkişaf edən sayılırdı və elə başına daş düşən həmin “inkişaf” və “prestijin” ucbatından minillik dədə və ata kəlmələri qoca nənələrin qədim sandıqlarındakı aksesuarlar kimi tarixə gömülürdü. Sanki yenilənmişdik və dədə, ata deməklə artıq sovet cəmiyyətində geridəqalmış sayılacaqdıq. Elə həmin illərdə ATA və DƏDƏ kəlmələrini rus papası ilə əvəzləməklə bu günkü mənəvi iflasın binəsini qoymuş olduq. Sovetin həmin kəsəkəs vaxtlarında gürcülər, ermənilər, pribaltikalılar bizlərdən fərqli olaraq sovetin yenilənməsinə uymadılar və öz qədim ənənələrini qoruyub saxladılar. Bunun bəhrəsini də sovetlər can verəndə gördülər.

Diqqətlə fikir verin, sovet höküməti bizimkiləri pambıq tarlalarında çürüdəndə, xaricdəki erməni diasporu erməni uşaqlarını min bir yolla Xruşşovdan, Brejnevdən qoparıb Parisdə, Nyu-Yorkda, Londonda ən bahalı məktəblərdə oxudur, sonra da maliyyə institutlarında, Qərbin aparıcı mətbuat orqanlarında yerləşdirirdi. Nəticəsi də ortadadır...

Keçək mətləbə. Mətləb də budur ki, bu gün haqqında danışacağım Papa ağ geyimlidir, dindardır və neçə günlər öncə İraqa səfər etmişdi. Roma Papası hara, İraq hara?, müəmma dolu səfər idi. Sanki Roma papası dinc səlib yürüşünə çıxmışdı. Papa uzaq Romadan İraqa qədər beynində nələri çək-çevir eləməmişdi ki...
Həəə, bax məsələnin əsl mahiyyəti elə burda açıldı ki, aləm bir-birinə dəydi. Roma Papası İraqa beynində çox dumanlı fikirlərlə gəldi və bunun səsi az sonra aləmə yayıldı. Papa İraqda kimlərlə görüşmədi ki?. Sistanidən tutmuş kürd idarəçiləri ilə. Həttda iş o yerə çatdı ki, Papanın bu səfəri Türkiyə. İran və həttda ev sahibi olan İraqı belə çılğına çevirdi. Hər üç ölkə bir ağızdan Roma papasının keçirdiyi görüşlərə açıq etirazlar səsləndirdilər. Papa bu üç ölkəni niyə qəzəbləndirmişdi?, səbəb çox ağır idi. Sən demə Papa, kürd idarəçiləri ilə görüşəndə ona üzərində rəsminin əks olunduğu marka bağışlanıb. Markanın üzərində Türkiyənin Sivas, Ərzincan, Ərzurum, Qars və cənubu, habelə İskəndərun, Qaziantep, Mardin və Hakkari “Kürdüstan torpağı” olaraq göstərilib. Diqqətçəkən məqam odur ki, bu marka Roma Papası Fransiskin tarixdə ilk dəfə İraqa səfərindən sonra ortaya çıxdı. Xüsusilə Türkiyənin bölgədə olduqca güclü qüvvə kimi önə çıxdığı bir zamanda Roma Papasının belə xəritə ilə ortada görünməsi, yeni qanlı tamaşalar qabağı “premyera”ya da bənzəyir.

Deməli, Papa uzaq İraqa təkcə katoliklər üçün moizələr oxumağa və müsəlmanlara “sülh mesajı” verməyə gəlməyibmiş. Kataliklərin rəhbəri həm də İraq, Türkiyə, Suriya və İranla bağlı yeni plana “xeyir-dua” vermək üçün bu torpaqlara gəlmişdi. Bu cür “Xeyir-dua”nın Qərbin viranə qoyduğu bu torpaqlara sülh gətirəcəyi heç inanılası deyil. Çünki Səddam Hüseynin asıldığı, Qəddafinin yalvarışlar və al-qan içində alçaldılıb öldürüldüyü, Hüsnü Mübarəkin iflic edilib məhkəmə zalında məhv edildiyi, bütün Şərqin “ərəb baharı” adı ilə viranə qoyulduğu alçaq layihə məhz Qərbin layihəsi idi. Məhv edilən müsəlman dövlətləri idi, çalıb-talanan müsəlman sərvətləri idi, elə həmin bu İraqda öldürülən, demokratiya əvəzinə itlərə yedizdirlən müsəlman qadın və uşaqları idi. Papa, bütün yollar İraqa aparmır, bütün yollar geriyə, Romaya qaytarır...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə