Xəbər verildiyi kimi, bu gün Bakıda Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı öz işinə başlayıb. Bu, hakim partiyanın VII qurultayıdır. Məlumatlara görə, qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq. Qurultay qabağı mediada yayılan məlumatlarda o da qeyd olunur ki, partiyanın həm mərkəzi, həm də regional rəhbər strukturlarında çox yaşlı nəsil gənc nəsillə əvəzlənəcək.

Bu, bir tərəfdən baxanda optimal yanaşmadır. Əlbəttə, hər hansı bir təşkilatda, idarədə, nazirlikdə bir şəxsin çox üzün dövrdə vəzifədə qalması istər-istəməz həmin strukturda ətalət yaradır, yenilənməyə və müasir tələblərə cavab verən iş prinsiplərinin bərqərar olmasına mane olur. Məhz bu səbəbdən son dövrlərdə dövlət strukturlarında, özəl müəssisələrdə, ictimai təşkilatlarda bu proses gedir- pensiya yaşını keçmiş nəsil gənc nəsillə əvəzlənir. Bu, dediyimiz kimi, çox müsbət haldır, lakin burada bir balaca “əmma” var.

Bu “əmma” ondan ibarətdir ki, əksər hallarda bu dəyişiklik baş verərkən bir mərhələ hoppanma baş verir, nəsillər arası davamlılıqda qırılma olur. Belə ki, yaşlı nəsli ortayaşlı nəsil əvəzləmək əvəzinə, gənc nəsil əvəzləyir. Yəni, konkret misalda desək, 70-80 yaşlı bir şəxsi məsul vəzifədən azad edirlər, amma yerinə... 25-30 yaşlı gənci təyin edirlər. Burada artıq davamlılıq, sistemlilik pozulur. O gəncdən daha təcrübəli, daha bilikli, daha çox dünyagörüşə malik orta nəsil var, onlar sanki itir, buxarlanır.

Əvvəla, bu gənc məsul vəzifə üçün hələ hazır deyil, ola da bilməz. Xalqın, ölkənin taleyinə təsir göstərəcək qərarları hazırlayan, qəbul edən 25-30 yaşlı şəxsin yaşı, həyat təcrübəsi, bilik bazası, insanlarla işləmək üçün psixoloji hazırlığı yetərli deyil. Buna görə də, o nərdivanın bir neçə pilləsini birdən hoppanıb keçəndə burada problem olur. Lakin orta yaşlı nəsil, deyək ki, 1965-1985-ci illər arası doğulanlar, hazırda 35-55 yaş arası şəxslər həm yaşlılardan, həm də gənclərdən bütün sahələrdə daha üstündürlər, təəssüf ki, onlara həm dövlət, həm də ictimai təşkilatlarda çox az rast gəlinir.

Bu nəsil tarixin ən keçməkeşli dövrünü, ən aktiv prosesləri yaşayıb- Sovet dövrunu də görüb, müstəqilliyin əldə olunması dövründəki proseslərdə iştirak edib, beynəlxalq və ölkədaxili siyasi proseslərin içində olub, 1-ci Qarabağ müharibəsində döyüşüb, ölkənin yenidən qurulmasında əsas işçi qüvvə olub, həm əvvəlki, həm də sonrakı sosial və iqtisadi sistemləri, bilir, üstəlik, o müasir texnologiyaların yaranması və formalaşmasında lap başdan iştirak edib, daha çox xarici ölkələrdə olub görüb-götürüb, ölkəni və xalqı daha yaxşı tanıyır. Beləliklə, bu nəsil idarəetmə və peşəkarlıq cəhətdən ideal nəsildir. Çünki həm yaşı, həm dünyagörüşü, həm təcrübəsi, həm bilik səviyyəsi, həm texnoloji sahəyə bağlılığı, həm psixoloji vəziyyətinə görə hər iki nəsildən üstündür. Bu, “Qızıl Orta” nəslidir. Lakin bu nəsil ortalıqda görünmür, başqa sözlə desək, bu, itmiş, itirilmiş nəsildir.

Son dövrlərdə çox uzun müddət vəzifələrdə ilişib qalmış bu çox yaşlı (70-80) nəsildən bezən vətəndaşlarımız tələb edirdilər ki, onlar dəyişilsin, yerinə gənclər təyin edilsin. Bir çox hallarda belə də edildi. Lakin çox azsaylı istisnalarla bu, əksər hallarda bu heç də yaxşı nəticə vermədi. Həmin sahədə daha çox problemlər yarandı, əvvəlkindən daha çətin vəziyyət yarandı.

Məhz bu səbəbdən də bu itirilmiş ortayaşlı nəslin “tapılması” və onların dövlət və ictimai strukturlarda irəli çəkilməsi, daha doğrusu yaşlı nəsli əvəzləməsi lazımdır. Belədə, həm nəsillər arası əlaqə pozulmaz, həm yanaşma daha optimal olar, həm də yaşlı və gənc nəsilə xarakterik problemlər aradan qalxar. Estafet sistemi də pozulmaz- yaşlı nəsil estafeti ortayaşlı nəslə verməli, onlar da sonradan onu gənc nəslə ötürməlidirlər. Beləliklə, həm təbiətin qanunları pozulmur, həm cəmiyyət sistemi sağlam olur, həm də ölkədə zamanın tələblərinə uyğun inkişaf baş verir.

Dövlət sistemində, ictimai və siyasi təşkilatlarda, özəl strukturlarda belə yanaşmaya üstünlük versə, bu, ölkəmiz və xalqımız üçün daha çox faydalı olar.

İtmiş nəsli tapmalıyıq və ölkənin və xalqın yükünü onların üzərinə qoymalıyıq. Heç şübhə yoxdur ki, onlar bu yükün öhdəsindən digər nəsillərə nisbətən daha yaxşı gələcəklər və ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...