Ağıllansınlar və xəritələri versinlər, vaxt getdi..!

Növbəti erməni həyasızlığı bu dəfə qondarma “dqr”in saxta və antikonstitusion “fövqəladə hallar nazirlliyi” tərəfindən sərgilənib. Rusiya sülhməramlılarının nəzarəti altında var-gəl edən quldur rejimin “nazirliyi” şikayət edib ki, müharibə nəticəsində nəzarətlərindən çıxmış (işğaldan azad olunmuş-R.R.) ərazilərdə hərbçilərinin meyitlərini, ya da qalıqlarını axtarmalarına qadağa qoyulub.

Beləliklə, müharibədən sonra yalnız bir işlə - meyit axtarmaqla məşğul olan separatçıların “fhn”i şikayət edir ki, artıq fevralın 15-dən başlayaraq Azərbaycan tərəfi heç bir şərh və izah etmədən erməni axtarış-xilasetmə qruplarına öz ərazisində fəaliyyət aparmalarına icazə vermir. Hətta bununla bağlı sülhməramlılar kontingentinin rəhbərliyinə, eləcə də beynəlxalq təşklilatlara belə müraciətlər edilib, qadağanın tətbiqinə görə ermənilərin “narahat” olduqları məlum olub. Yaxşı, bəs reallıqda nə baş verir? Yaxud necə ola bilər ki, Azərbaycan hökuməti uzun illər torpaqları işğal altında saxlamış, ərazilərimizi dağıtmış, insanlarımızı yurd-yuvalarından didərgin salmış, qətlə yetirmiş, soyqırımı törətmiş işğalçılara, terrorçulara, separatçılara məhz humanizm prinsiplərini əsas gətirməklə axtarış işlərinin aparılmasına icazə verdiyi halda, birdən-birə bu icazəni aradan qaldırdı və qadağa tətbiq etdi? Axı Azərbaycan tərəfi müharibə bitər-bitməz axtarış-xilasetmə işlərinin aparılması üçün təşəbbüs irəli sürmüşdü və nəticədə bir neçə həftə ərzində erməni ordusunun 1485 hərbçisinin meyitləri qarşı tərəfə təhvil verilmişdi. Belədirsə, işlər nəyə görə anidən dayandırıldı? Bakının öz qərarına yenidən baxması səbəbi nədən yarandı? Belə bir informasiyalar var ki, axtarış-xilasetmə işləri əsasən pis hava şəraitinə görə dayandırılıb – kəskin şaxtalar və sürəkli yağan güclü qar bu kimi işlərin həyata keçirilməsinə çətinlik yaradır.

Digər tərəfdən, əgər Azərbaycan tərəfi həqiqətən də axtarış-xilasetmə işlərinə mane olmaq istəsəydi, ümumiyyətlə əvvəlcədən təşəbbüslə çıxış etməzdi, həmçinin yüzlərlə düşmən qalıqlarını qarşı tərəfə verməzdi. Bundan əlavə, havva şəraitinin kəskin pisləşməsi yalnız axtarış-xilasetmə işlərinə deyil, həm də sonsuz görünən minalanmış ərazilərin təmizlənməsinə də ciddi maneələr yaratmağa başladıb. Sirr deyil ki, işğaldan azad olunmum ərazilərimizin demək olar ki, hər qarışı minalarla basdırılıb. Bütün əhali yaşayan məntəqələr, rayonların mərkəzlərinə aparan yollar, qəsəbələr minalanıb və artıq müharibədən sonrakı müddətdə istər hərbçilərimiz, istərsə də mülki vətəndaşlarımız mina tələlərinə düşərək ya həyatlarını itiriblər, ya da ağır dərəcəli bədən xəsarətləri alaraq ömürlük əlil qalıblar. Baxmayaraq ki, hərbçilərimiz minaların təmizlənməsində, eləcə də digər görülən işlərdə yaxından iştirak edirlər və həyatlarını maksimum risklərə atırlar, amma bütün bunlar yaranmış problemin birdəfəlik aradan qalxmasına şərait yaratmır. Və bu məsələdə üzə çıxan amil erməni tərəfinin müvafiq orqan və strukturlarının obyektivlikdən kənar fəaliyyətləridir. Yəni erməni tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək fikrində olmadığını açıq-aydın, heç bir səbəb göstərmədən nümayiş etdirməyə başlayıb. Bu fakt isə azərbaycanlı hərbçilərin demək olar ki, hər gün real ölümlə üz-üzə qalmaları gerçəkliyini ortaya qoyur. Hətta belə demək mümkündürsə, erməni meyitlərinin axtarışları davam etdiyi müddətdə azərbaycanlı hərbçilərimiz minalara düşərək həyatlarını itiriblər.

Azərbaycanın erməni tərəfinə etdiyi müraciətlərinə isə məntiqsiz cavablar verilir və hər dəfə müxtəlif bəhanələr irəli sürülür. Bütün bunların arxasında dayanan daha bir faktor erməni məkri, erməni kini və erməni həyasızlığıdır. Halbuki... Halbuki bu gün axtarışların dayandırılmasını “qeyri-humanizm”, “qəddarlıq” kimi car çəkən ermənilər konvensiyalardan, hüquqlardan dəm vurarkən unudurlar ki, bu qanunları pozanlar elə onların özləridir. Paşinyan hökuməti itkin düşmüş erməni hərbçilərinin valideynlərinin təzyiqinə tab gətirməyərək, məhz Azərbaycana müraciət etdi, yalvardı ki, meyitlərin tapılaraq verilməsinə şərait yaradılsın və nəticədə 1485 hərbçinin meyiti düşmənə verildi. Bu missiya isə başa çatmayıb və davam etdirilə bilər. Ancaq Ermənistan rəhbərliyi və onun Qarabağdakı marionetinin ümumiyyətlə vecinə deyil ki, artıq onlarla azərbaycanlı minalanmış ərazilərdə həyatlarını itiriblər və həmin təhklükə bu gün də davam edir!

Bu gün Qarabağda müharibə başa çatsa da, onun müharibə fəsadları qalır, hətta bunu müharibənin bitməməsi kimi də qələmə almaq olar. Gənclərimiz həyatlarını itirir və yenə də Ermənistanın günahı üzündən. Əgər erməni tərəfi mina xəritələrini təqdim etmirsə, demək sülh istəmir və qarların əriməsinə, havaların mülayimləşməsinə də elə çox zaman qalmayıb. Sülh istəmədiyini açıq-aydın göstərən Ermənistan bunu unutmamalı və hələ də zamanının olmasını nəzərə alaraq özünü daha çətin vəziyyətə salmamalıdır. Çünki Azərbaycanın səbri tükənəndə çox pis tükənir, hətta daha çox pis. Ağıllansınlar və xəritələri versinlər, vaxt getdi..!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə