Pay atonnan! Bu nə qəliz mətndi əə. Yüz dəfə demişəm bu "donqili"yə ki, yazanda mürəkkəb cümlələrlə yazma, çox elmi, siyasi, iqtisadi terminologiyadan istifadə eləmə. Həm çoxunu başa düşmürəm, həm də tələffüz edə bilmirəm. Sonra jurnalistlər başlayırlar məni lağa qoymağa ki, bu adam "kolxoznik"dir, niyə nazir işləyir.

Bu adamı qohumdu deyə işə nahaq götürdüm, bilsəydim küçədə işsiz qalan savadlı kardlardan birini götürərdim. Bunu da başqa nazirliyə düzəldərdim qarşılıqlı razılıq əsasında. O nazirin də bir qohumunu mən götürərdim işə, qurtarıb gedərdi, heç kim də deyə bilməzdi ki, biz qohumbazlıq edirik...

Tərs kimi bu beynəlxalq konfrans çox ciddi mövzudadır, bütün dünyanın diqqəti burda olacaq. Yaxşı, tutaq ki, çıxışın mətnini birtəhər oxudum, amma fasilədə jurnalistlər cumacaqlar üstümə, “şpitilni” suallar verəcəklər. Gəl indi vəziyyətdən çıx. Nə ola ağzından bir “quş” buraxasan. Pay atonnan... Bir həftə mətbuatda, sosial şəbəkələrdə rüsvay edəcəklər məni.

Bunlar məni qaralayıblar elə, qəzetdə-jurnalda yazırlar ki, bəs 15 ildən çoxdur nazir işləyirsən, artıq qocalmısan, çıx pensiyaya, qoy bir az da gənclər işləsin. Mən ölüm, heç hənanın yeridir?

Əvvəla, məndən də çox nazir işləyən adamlar var, onlara niyə demirsiniz? İkincisi, qoca nöş oluram, Məşədi İbadın sözü olmasın, min cavana dəyərəm. Üçüncüsü də ki, hansı köpəyoğlu könüllü şəkildə belə vəzifədən imtina edər?

Bəzi qəzetlər yazırlar ki, bəs bunun filan yerdə villaları, bahalı maşınları, böyük şirkətləri var. Hələ çoxunu bilmirlər ha, Hind okeanındakı şəxsi adadan, təyyarədən və yaxtadan xəbərləri yoxdur, gör onları da öyrənsələr, nə qalmaqal salarlar?

Ay balam, nə istəyirsiniz məndən? İndi hansı dövrdür ki, nazir gedib adi fəhləylə eyni binada yaşasın, ictimai nəqliyyatdan istifadə eləsin, eyni restoranda nahar eləsin, eyni sanatoriyada dincəlsin filan.

Bunlara bax haa, mən ölüm, guya mənim uşaqlarım bunlarınkı ilə eyni bağçada, məktəbdə, universitetdə təhsil, tərbiyə almalıdir, bunlar kimi metroya-zada minməlidir, ucuz produkt, palçıq kimi zavod çörəyi yeməlidir. Ay siz öləsiniz...

Sovet hökuməti elə buna görə dağıldı də. Hərə öz yerini bilməlidir...

Gedim kostyum kolleksiyama baxım görüm bir əməlli şey tapa bilirəmmi. Andıra qalmış bir deyil, iki deyil, 50-dən çoxdur. Bax, bu “Pyer Kardin” xoşuma gəlir, keçən dəfə Parisdən 15 minə almışdım, o birilərə baxanda elə də bahalı deyil, amma çox yaraşır mənə.

Bu saatı da belə tədbirlərdə taxa bilmirəm, jurnalstlər nayezd eləyib yaxından çəkirlər, sonra internetə qoyub hay-həşir salırlar ki, bu adam 2 min manat maaşla 200 minlik saatı necə almışdır. Özü də gündə bir bahalı saat taxır.

Bu arvad da məni lap boğaza yığıb. Həftə səkkiz, mən doqquz xarici sanatoriyalardadır. Evdə axtardığımı da tapa bilmirəm. Qısqandığından özü burda olmayanda qulluqçuları da buraxır evlərinə ki, birdən...

Gedib özümdən 5 yaş böyük qızla evlənəndə bilirdim ki, belə olacaq. Nədi-nədi filan nazirin qızıdır. Mənim əqidəmə görə, kişi arvaddan neskolko da olmasa, xotya bı 3-4 yaş böyük olmalıdır, həm də gərəkdir ki, atası vəzifəcə səndən aşağı olsun. Yoxsa ona sözün keçməz. Amma neyləyim kişi zorla evləndirdi ki, nazir qızıdır.

Hələ bu kiçik oğluma bax, sən Allah. Oğraş gedib yarım milyonluq maşınla şəhərdə lotuluq edir. Videosunu çəkib qoyurlar internetə, döşəyirlər qabırğama ki, guya mən lap qudurmuşam. Heç sözdü, mən ölüm? Aman-zaman bir sonbeyişim var, indi ona "kakoy ni bud" 50 minlik maşın alası deyiləm ha. Uşaq üzümə də baxmaz ey.

Əsəbiləşdim ee lap, yaxşısı budur, bir siqar çəkim. Yaxşı ki, keçən dəfə Kubadan dənəsi 50 dollardan gətirtdiyim siqardan qalıb, görüm hara qoymuşam... Deyəsən, 4-cü mərtəbədəki kabinetimdə qalıb. Ev də ev deyil ey, Allah göstərməsin, elə bil oteldir, eni-uzunu-hündürlüyü bilinmir. Arvad evdə olanda liftlə çıxmağa qoymur ki, hərəkət elə, şişirsən getdikcə. Yaxşı ki indi evdə yoxdur, yorulmuşam ey, gərək liftlə çıxım.

Öz aramızdı, yaşlanıram haa, daha işləməyə də taqətim qalmayıb. İşləmək deyəndə onsuz da elə sən deyən işləmirəm. O gün prezident müşavirədə abrımı ətəyimə bükəndən sonra, düşündüm ki, lap ağını çıxarmışam.

İclasda görəydiniz, mən tər tökəndə, o birilər necə sevinirdilər. O qədər göz dikən var ki yerimə. Söz verdim ki, nöqsanları tezliklə düzəldəcəm, indi gərək başlayım doğru-düzgün işləməyə.

Nə isə, daha gecdir, düşüm zirzəmidəki saunada bir az istirahət eləyim, sonra yatım. Mühafizəçi və xidmətçi dəstəsinə də gərək tapşırım səs eləməsinlər. Bu neçə hektarlıq bağda neçə-neçə nadir heyvan növü var, amma gör birinin səsi çıxırmı, amma o delfinlə krakadil lap həyasızdırlar, yaman səs salırlar, başıma düşür.

Arvad elə bil burda zoopark açıb. Nə qədər adam acından ölür dünyada, biz bunlara nələr yedirdirik, o dünyada dərimə saman təpəcəklər. Bir dəli şeytan deyir, hamısını sat, puluna yoxsullara yardım elə, xəstəxana tik, məktəb aç. Amma onda da sərvətim azalır, dost-tanış yanında biabır oluram, prestijim aşağı düşür...

Nə isə, yuxum gəlir... bu məsələni konfransdan sonra bir yaxşı-yaxşı fikirləşərəm...

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə