20 Yanvar: Milli rəşadət tariximizin müəmmalı məqamları (I yazı)

Azərbaycan xalqı yüz illər boyu yadellilərin maraq dairəsində olan müqəddəs Vətən uğrunda qan tökmüş, ən güclü imperiyalara belə mətanətlə sinə gərərək, varlığını qoruyub-saxlamağa nail olmuşdur. Hələ eramızdan əvvəlki dövrlərdən başlayaraq cənnət diyar olan müqəddəs torpaqlarımıza sahib çıxmaq üçün çox fatehlər yolunu burdan salmış, lakin hər dəfə xalqımızın dəyanətli müqaviməti ilə üz-üzə gəlmiş və istəklərinə müvəqqəti nail olsalar belə, sonda yenilməzliyini sübut edən ulularımız Vətəni azad etməyə nail olmuşlar.

Tarixə ekskurs etməyimiz baxımından, zaman-zaman içimizdən olan bəzi "mənəmlik" iddialı hünərvərlərimizin də tarixi yanlışlıqlarını xatırlatmağa ehtiyac var. Bilərəkdən, ya bilməyərəkdən bu hünərli cəngavərlərin yanlışlıqları ucbatından parçalanıb, hissələrə bölünmüş Azərbaycan XIX əsrin əvvəllərindən etibarən həm cənubdan, həm də şimaldan basqılara məruz qalaraq, yenidən müstəmləkə altına alındı. Bu tarixi yanlışlığın nəticəsində, Azərbaycan ikiyə bölündü və tarixin millətimizə vurduğu bu yaranın qanı hələ də axmaqdadır. On illər boyu müstəmləkə zəncirini qırmaq uğrunda gedən savaş da hər dəfə nəticəsiz qalır, xalqımızın mübarizə öncülləri məhv edilirdi. Yalnız ötən əsrin 70-ci illərində ölkəmizdə formalaşan yeni düşüncə, xüsusilə, milli- mənəvi dəyərlərin ideologiyamızın ana xəttinə çevrilməsi xalqımızı yeni mübarizə dalğasına ruhlandırdı.

Ulu Öndər Heydər Əliyevin müxtəlif vasitələrlə Moskvanın hücumlarından qoruduğu disidentlərin genişmiqyaslı millətçilik təbliğatı yaranan tarixi şəraitdə dərhal özünü büruzə verdi və xalqımız yenidən özünün azadlığı və suverenliyi uğrunda savaşa qalxdı. Bunun qarşısına kötük kimi itələnən Dağlıq Qarabağ problemi süni şəkildə SSRİ rəhbərliyi tərəfindən ortaya atılsa da, bütöv bir millətin suverenliyi uğrunda ayağa qalxan xalqı susdurmaq üçün yetərli olmadı. Azadlıq mücadiləsinin günbəgün kükrədiyini görən Kreml başbilənləri növbəti planı işə salmalı oldular. Bu plan xalqımızın mübarizə əzmini qırmalı, onu azadlıq uğrunda savaşdan döndərməli, Moskvanın itaətində yaşamaq məcburiyyətində qalmağa məcbur etməli idi. Beləliklə, Kremlin divarları arasında dinc xalqa divan tutmaq planı hazırlandı. Bu plana gedən yolda həm Bakıda yaşayan ermənilərə qarşı hücumların təşkili, həm ruslara qarşı hansısa təxribatların törədilməsi, eyni zamanda, hakimiyyət dairələrinin iflic vəziyyətinə gətirilməsi və Azadlıq Hərəkatının önündə gedən insanlar arasında emissarların hazırlanması, içəridən təxribat planlarına şərait yaradılması kimi məkrli planlar yer almışdı.

Milli mücadiləyə soxulmuş emissarlar: onların rolu nədən ibarət idi? Kimsə elə düşünməsin ki, 20 Yanvarda xalqımıza qarşı yönəldilən vəhşiliyin birbaşa günahkarlarına haqq qazandırmaq kimi əcaib bir fikrim var. Əksinə, xalqımızın yenilməzliyinin, mübarizə əzminin və genimizdən gələn hünər və rəşadətinin bir daha təstiqi olan 20 Yanvarın baş cinayətkarını da, onun əmrinə boyun əyən qulbeçələrini də həm biz, həm də bütün dünya tanıyır və bu barədə danışıb vaxt almağa ehtiyac görmürəm. Moskvanın ortasında, bu qanlı hadisəni törədənlərin gözü qarşısında özünün və ailəsinin həyatını risqə ataraq imperiya rəhbərliyini kəskin şəkildə ifşa edən Ulu Öndər Heydər Əliyevin, milyonların mübarizə əzmini özünə qaytaran, tərəddüddə olanları da qəti qərar verməyə cəsarətləndirən tarixi çıxışı və bu çıxışdan sonra ölkənin digər cəsarətli ziyalılarının dünyaya ədalət çağırışları, nəticədə, Kremlin gözlədiyinin əksinə olaraq, xalqın daha düşünülmüş və qətiyyətli mübarizəyə atılması, birmənalı olaraq bu xalqın yenilməzliyindən və mübarizliyindən xəbər verirdi.

Əgər Sumqayıt hadisələrini törətmək üçün Paşa ləqəbli erməni Qriqoryandan istifadə olunmuşdusa, bu dəfə öz içimizdən ələ alınmış emissarların əli ilə bu təxribatlar törədilirdi. Və bütün bunların sonunda hakimiyyəti yuxarıdan verilən göstərişlə iflic vəziyyətə gətirən Moskva, nəhayət, öz əli ilə yetişdirdiyi şəraiti bəhanə gətirərək, Bakıya ordu yeritdi. Bununla yanaşı, o zaman Milli Azadlıq Hərakatının lokomativi olan Azərbaycan Xalq Cəbhəsi daxilində parçalanma salmağa, radikal və liberal qanadlar adlanan tərəflərin bir-birinə rəqib deyil, düşmən münasibət bəsləməsinə də nail oldular ki, bu da hərəkatı daxildən iflic vəziyyətinə gətirib çıxardı və Bakıda, eləcə də, regionlarda baş verən hadisələr de-fakto nəzarətdən çıxmış oldu. Bu məqamda bir epizodu oxucuların diqqətinə çatırmadan ötə bilmərəm. AXC daxilində liberallarla radikallar arasında qarşıdurma pik həddə çatdığı 1989-cu il dekabr ayının ortaları idi. İsa Qənbərov çox inandığı yaxını kimi məni evinə dəvət etdi. Axşam saat 17:00 radələrində gəldim. Liberal qanadın bütün üzvləri burdaidi. İsa Qəmbərov məni kənara çəkib dedi: Əbülfəz bəy, Etibar və Nemət indi Becan gildədi (AXC nəzarət qrupunun üzvü Becan Fərzəliyev nəzərdə tutulurdu). Sənə etibar edirəm. Get onlara, gör nə danışırlar? Mən dərhal ciddi şəkildə "Sən nə danışırsan,mən deyirəm siz bir araya gələsiniz, sən mənə sukalıq təklif edirsən? Davam elədi: Yox,sadəcə, Etibarın, Nemətin, Rəhimin məsələsi həll olunub. Onlar cəzaların alacaqlar. Biz istəmirik ki, Əbülfəz bəylə Nəcəf bəy də (AXC idarə heyətinin üzvü, milli fədai Nəcəf Nəcəfov nəzərdə tutulurdu) onların oduna yansınlar. Onları xilas eləməliyik. Təbii ki, mən Becan bəyin evinə getdim və həqiqətən, Nemət də, Etibar bəy də, bir neçə başqa AXC fəalı da burda idilər. Ancaq burda söhbət liberalların əleyhinə getmirdi, söhbət gərgin sitüasiyadan necə çıxmağın yollarının müzakirəsindən gedirdi...

1990-cı ilin 7-8 yanvar tarixlərində AXC rayon şöbələri İdarə Heyəti üzvlərinin toplantısına, qanunsuz olaraq konfrans səlahiyyətinin verilməsi və bəzi sağlam hərakatçıların idarə heyətindən kənarlaşdırılaraq özlərinə lazım olan yeni üzvlərin gətirilməsi də, əminəm ki, məhz DTK-nın planı olmuşdu. Əsas məqsəd də gənc, çılğın Nemət Pənahlını AXC-nin idarə heyətindən kənarlaşdırmaq, onu daha da çılğınlaşdırmaq, hərakat daxiində qarşıdurmanı maksimum həddə çatdırmaqdan ibarət idi ki, buna da nail oldular. Nemət Pənahlının sonrakı günlərdə Sovet Ordusunun tankları qarşısında əliyalın xalqın geri çəkilməsinə imkan verməməsi də, əvvəlcədən planlaşdırılmışdı və bunun üçün Neməin daha da radikallaşması yönündə addımlar atılırdı.O zaman bütün bunları təcrübəsizliklə, siyasi naşılıqla əlaqələndirsək də, zaman keçdikcə niqabı düşən emissarların digər əməlləri kimi bu əməlləri də bilərəkdən, imperiya rəhbərlərinin planına xidmət edərək "hərəkat liderlərinin iradəsilə reallaşdığı çılpaqlığı ilə məlum oldu.Əlbəttə, Moskva Azərbaycanda azadıq və torpaqların toxunulmazlığı uğrunda kükrəyən xalq hərəkatını söndürmək üçün dərs verəcəkdi. Bu, 20 Yanvarda, yaxud hansısa başqa bir gündə hökmən baş verəcəkdi. Çünki məhz Azərbaycanda getdikcə güclənən xalq hərəkatı SSRİ-nin iqtisadiyyatını diz çökdürmüş, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Lakin bu "dərsin" miqyası az ola və "dərsverənlər"ə bəhanə üçün əsas verməmək olardı ki, buna nail olmağa da, məhz həmin emissarlar mane oldular. Götürülən niqabların altındakı həqiqətlər...

1998-ci ilin noyabr ayında Azərbaycanın böyük ziyalısı, ölməz Səməd Vurğunun yadigarı, rəhmətlik Yusif Səmədoğlunun "Moskovskoye novosti" qəzetinə verdiyi müsahibə, bu baxımdan, çox qaranlıq mətləblərin üzərinə işıq saldı. Həmin müsahibədə müxbirin sualına cavab verən Yusif bəy, keçmiş SSRİ-də, o cümlədən, Azərbaycanda yaranan xalq cəbhələrinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əli ilə yaradıldığını bildirir. Müxbir onun özünün də AXC idarə heyətinin üzvü olduğunu xatırladanda isə cavab verir: "Bəli, mən, məhz SSRİ DTK-nın tapşırığı ilə ora getdim. Sədr olmalıydım. Ancaq yaranan gərginlikdə bunun mümkün olmadığını görüb, namizədliyimi geri götürdüm. Ancaq idarə heyətində çoxluq bizdə idi və sonradan AXC-nin sədrinin də DTK-nın ssenarisi ilə hərəkət etməsinə nail olduq".

Keçmiş hərəkatçılar xatırlayarlar. 20 Yanvardan sonra, AXC ali məclisinin, martın 22-23-də Ağstafada keçirilən səyyar sessiyasında AXC sədri Ə.Elçibəyə etimad məsələsi gündəmə gəldi və ciddi ittihamlar, hətta DTK və MKİ(ABŞ)-in agenti olduğu iddia edilirdi. Məsələni gündəliyə təklif edən idarə heyətinin üzvü Hikmət Hacızadə oldu. Yusif Səmədoğlu, İsa Qəmbər, Pənah Hüseynov, Arif Hacıyev, Tofiq Qasımov, Firidun Səməndərov da məsələyə dəstək verdilər. Lakin məclis üzvlərinin tam əksəriyyətinin tələbi ilə məsələ gündəlikdən çıxalıdı və istəklərinə nail ola bilmədilər. Sonradan məlum oldu ki, "Moskva" mehmanxanasının restoranında, 1990-cı il mayın əvvəllərində bir toy məclisində insanlığa yaraşmayan bir üsulla bəyin iyrənc videosunu çəkib, onu özlərinə tabe etdirə və DTK-nın ssenarisi ilə hərəkət etməyə məcbur etmişlər. Beləliklə, AXC rəhbərliyində yaranan radikallarla liberallar arasında (məhz ikincilər DTK ssenarisi ilə fəaliyyət göstərənlər olublar) qalan Ə.Elçibəy bundan sonra birbaşa liberalları seçdi və bütün məsələlərdə onların mövqeyindən çıxış etdi. Bu və bundan sonrakı digər faktlar hərəkatın içindəki DTK emissarlarını bizə tanıtdı. Ancaq təəssüf ki, o zaman hərəkat daxilindəki əksər qüvvələr onların niqabları altında əsl simalarını görə bilmədilər ki, nəticədə, sonrakı faciələrlə üz-üzə qalmalı olduq. Vicdanı qarşısında özünü mənəvi əzabdan xilas etməyə risk edərək Yusif Səmədoğlu həmin müsahibədə həqiqətləri söyləməsəydi, bəlkə də bizlər adlarını yuxarıda çəkdiyim və pərdə arxasında qalan , tanımadığımız digər emissarların gerçək üzünü, gec də olsa, xalqa göstərməkdə çətinlik çəkə bilərdik... Bu yerdə bir məqama da toxunmadan keçə bilmərəm. Milli mücadilənin ilk illərində yalnız təhsil aldığı Bakı Dövlət Universitetindəki "Yurd" birliyinin fəallarından biri olan, indi AXCP-nin sədri postuna sahiblənərək özünü az qala millətin xilaskarı(???) kimi həyasızcasına insanların gözünə dürtməyə çalışan Əli Kərimli, məhz 20 Yanvar hadisələrindən az sonra, həmin ilin may ayında AXC ali məclisinin Gəncədə keçirilən səyyar sessiyasında "Məclisin intellektual səviyyəsini yüksətmək" adı altında, yerdən seçilmədən ali məclisə üzv "seçildi". Həm də birinci səsvermədə yetərincə səs yığılmadı və yuxarıda adlarını sadaladığım emissarların təkidi ilə yenidən səs verməyə buraxıldı və bu dəfə "seçildi".

Həmin dövrü yaxın keçmişimizdə baş verən digər məqamlarla yanaşı təhlil edərkən bu məqam məni hər zaman düşündürüb: əcəba, necə oldu ki, AXC-yə, məhz ildırım sürətilə Əli Kərimli daxil edildi? Az keçmədən "liberallar"ın, yəni emissarların hesabına AXC-də xüsusi fəallığı ilə nüfuz qazanan bu adamı kimlər və nə məqsədlə daxil etdilər Milli Azadlıq Hərəkatının özəyinə? Həmin dövrü vərəqləyərkən, Əli Kərimlinin Moskvada dərc olunan "Komsomolskaya pravda" qəzetinə 1990-cı ilin mart ayında verdiyi müsahibə köməyimizə çatdı. Həmin müsahibədə Sovet ordusunun Azərbaycana müdaxilə etməsinin qaçılmaz olduğunu, Bakıda avantüristlərin, təxribatçıların qarşısının alınmasının vacibliyini qeyd edirdi Əli "bəy"! Bu fakt kifayətdir ki, Ə.Kərimlinin Azərbaycan Milli Azadlıq Hərəkatının lokomativi olan AXC-nin ali orqanına daxil edilməsinin və burda az zaman daxilində nüfuza mindirilməsinin arxasında hansı qüvvələr və hansı maraqlar durduğunu anlayaq. Bu, beli bükülmüş müxalifət oyunbazının bugünkü fəaliyyəti də, bu adamın həmişə kimlərinsə marağına xidmət göstərməyə can-başla hazır olduğunu bir daha təsdiq edir.

TƏHMASİB NOVRUZOV

Bütün xəbərlər Facebook səhifəmizdə