Vəli VƏLİYEV

ABŞ prezidenti Bayden 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib. İlk baxışdan bir ölkə başçısının təbrik məktubu göndərməsində qeyri-adi heç nə yoxdur. Amma ABŞ kimi fəaliyyətində qaranlıq məqamların olduğu, Azərbaycanla münasibətində üçüncü ölkənin maraqlarına uyğun davranış cəhdi fərqli reaksiya tələb edir. Bəli, ABŞ supergücdür, qarşısına duracaq qüvvə hələlik yoxdur, dünya miqyasında apardığı siyasətə dirəniş göstərən dövlətlər qrupu belə bu ölkə ilə diapozonu normadan yuxarı səs tonu ilə danışa bilməyib. Bir sözlə, dünya gücü olan bu dövlət adi münaqişələrdə tərəf saxlamaqla, həqiqəti yox, yalanı dəstəkləməklə, işğalçı ilə işğala məruz qoyanı tərəzinin eyni gözünə qoymaqla öz imicinə, adına-sanına qara ləkə vurub. Bütün bunlara rəğmən ABŞ üzərinə düşən yükü lazımi səviyyədə daşımağı bacarmayıb, ona bəslənən ümidləri boşa verib.

Uzağa getməyək, Ermənistan-Azərbaycan münaqişəsində Vaşinqton daim İrəvanın haqsız tələblərinə, işğalçı siyasətinə yaşıl işıq yandırıb, törətdiyi cinayətlərə göz yumub, beynəlxalq qanunların ermənilər tərəfindən çeynənməsini qulaqardına vurub. Əvəzində işğala məruz qalan Azərbaycana hərtərəfli yardımların edilməsini əngəlləyən 907-ci düzəliş adlı sənəd qəbul edib. Bu düzəliş işlək vəziyyətdə olmasa belə onun varlığı iki ölkə arasında münasibətlərə zərər vurub. Vaşinqton işğalçının, həm də haqsızın yanında durmaqla öz reputasiyasına, imicinə böyük zərbə vurub.

Erməni lobbisinin rüşvətlə ələ aldığı konqresmenlər və senatorlar para qarşılığında öz ölkələrinin maraqlarını dəyər-dəyməzinə satıblar, ikili standartlar tətbiq etməklə ABŞ-ı Azərbaycan kimi etibarlı tərəfdaşından məhrum ediblər. Əvəzində heç bir perspektivi olmayan Ermənistanla əlaqələri süni şəkildə şişirdiblər. Hətta bu yaxınlarda Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli danışıqlarında İrəvana dəstək nümayiş etdirməklə özlərini gülünc hala saldılar. Həm də bu görüş Ermənistanla Azərbaycan arasında artıq başlanmış delimitasiya və demarkasiya prosesi fonunda baş tutub. Maraqlıdır, ABŞ və Aİ bununla nə demək istədilər? Cavablar çox olsa da, qəti fikir söyləmək mümkün deyil. Çünki, nə Vaşinqton, nə də Brüssel oyunu təmiz oynamaq niyyətində deyillər, ya da bunu bacarmırlar. Haqsız olanın yanında durmaq, işğalçıya haqq qazandırmaq nə deməkdir? Bu hansı ölkəyə başucalığı gətirib?

ABŞ-Azərbaycan münasibətlərinin indiki durumu çox isti olmasa da, soyuq da deyil. Vaşinqton sanki fakt qarşısında qalıb. Həqiqəti açıq şəkildə dana bilmir, bu günə qədərki əməllərini, xüsusən Ermənistana verdiyi dəstəyin yanlış olduğunu da etiraf etmir. Bu da münasibətlərimizdə sərinliyin saxlanmasında kondisioner rolunu oynayır.

Ermənistanla Azərbaycan sərhədində delimitasiya və demarkasiya işləri aparılır. Müharibənin aktiv fazası kimi aralıq dövrü də bitmək üzrədir, bundan sonra isə sülh müqaviləsinin imzalanması gözlənilir. 30 il ərzində Qərbin yaratdığı ATƏT-in Minsk qrupu sülh üçün bir iş görə bilmədi, Yüzlərlə görüş, sammit, konfrans keçirilsə də münaqişənin məntiqi sonluqla başa çatması mümkün olmadı. Çünki, ABŞ, Fransa və Rusiya triosunun həmsədrlik institutu münaqişəni haqlının xeyirinə başa çatmasında maraqlı deyildilər. Məhz bu cür yanaşma həm münaqişənin həllinə əngəl törədirdi, həm də hər ötən gün həmsədr dövlətlərin imicinə vurulan ləkəni bir daha tündləşdirirdi. Amma, Azərbaycan həmsədrlərin “dadına” vaxtında yetişdi, 44 günlük müharibə ilə ABŞ, Fransa və Rusiyanın 30 ilə edə bilmədiyini etdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni yerinə yetirməklə bu qurumun 3 daimi üzvünün həmsədrlik etdiyi Minsk qrupuna aid olduğu yeri göstərdi.

...Baydenin məktubu 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni reallığın bütün dünya kimi ABŞ tərəfindən də qəbul olunmasını göstərir. Azərbaycan təksə regionun yox, həm də dünyanın nüfuzlu dövlətlərindəndir, etibarlı tərəfdaşdır, hələ bu günə qədər verdiyi sözün altından qaçmayıb. Bu günün yeni reallıqları Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyən ölkələrin sayını da artırıb.

Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-ın Dövlət katibi Antoni Blinkenin görüşü də maraqlı nüansları ilə yadda qaldı. Blinken Azərbaycanı COP29-a rəhbərlik edən bir ölkə kimi dəstəklədiyini, eyni zamanda, ölkəsinin Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün faydalı işlər gördüyünü bildirib. Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

44 günlük Vətən müharibəsində əldə olunan qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşdırıb. Bu gün Azərbaycan qalib ölkə olaraq öz torpaqlarını işğaldan azad etməklə yanaşı, bölgənin gələcək inkişafının təhlükəsizliyi məsələsini də gündəmə gətirib. Baydenin məktubunda da elə bundan danışılır...

Bütün xəbərlər Facebook səhifəmizdə