Vəli VƏLİYEV
Ermənilər seçim qarşısında: ya inaddan vaz keçməli, ya da...
Ermənistanın inadı və iddiası başına bəla olub. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra “müstəqilliyinə” qovuşmuş “hay”ların yaşadığı ölkə formal olaraq qəbul etdiyi müstəqillik bəyannaməsində elə yanlışlıqlara yol verib ki, bunu düzəltməyin özü bir həngamədir. Məsələnin qayəsi budur, maksimalist düşüncədə olan ermənilərə ötən əsrin 90-cı illərində “ağaları” tərəfindən elə tapşırıq verilmişdi ki, bunu heç bir ağılsız millət etməzdi. Bir az da aydınlıq gətirək, ermənilər Azərbaycan torpaqlarından pay qopara biləcəklərini anlayınca əldə edəcəkləri və “perspektiv” planda nəzərdə tutulan əraziləri artıq sənədləşdirməyə başlamışdılar. Müstəqillik bəyannaməsinə Türkiyə və Azərbaycanın suveren ərazilərini Ermənistanın torpaqlarına qatmaq “müddəalarını” da əlavə etmişdilər. Halbuki, tarix boyu belə nataraz yanaşmanı dünyanın heç bir xalqı, dövləti etməyib. Amma ermənilər bu təcrübəni sınaqdan keçirməkdə iddialı görünürdülər.
Bu ölkənin baş naziri Nikol Paşinyan da Ermənistan Konstitusiyasının dəyişdirilməsi barədə bir neçə dəfə çıxışlar edib. Bu barədə İctimai radionun efirindəki müsahibəsində də ətraflı danışıb. Deyib ki, keçmiş prezident Serj Sarkisyanın istəyi ilə 2015-ci ildə tələsik qəbul olunan Ermənistan Konstitusiyasında boşluqlar var. Misal üçün, hazırkı Konstitusiyaya görə baş nazirin Konstitusiya Məhkəməsinin rəhbərini vəzifəsindən azad etmək hüququ yoxdur. Bu, Paşinyanın şəxsi yanaşmasıdır, yəni o baş nazir olmasaydı, yəqin ki, bu maddə ətrafında ajiotaj da yaratmazdı. Nikol Paşinyan 2018-ci ildə inqilab yolu ilə Sarkisyanı devirdi və hakimiyyətə yiyələndi. Buna baxmayaraq Paşinyan Konstitusiya Məhkəməsinin tərkibini dəyişdirə bilmir, buna səlahiyyəti çatmır. Nikol da istəyir ki, onun səlahiyyəti məhdudiyyətsiz olsun.
Paşinyanın əsas məqsədi gələcəkdə prezident kürsüsünə yilyənləməkdir. Sarkisyan 2015-də konstitusiya dəyişikliyinə ona görə getdi ki, hakimiyyət müddəti bitirdi, özü yeni kürsüyə sahib olmaq istəyirdi. Ancaq plan baş tutmadı, Nikol Paşinyan tərəfdarları ilə küçəyə çıxaraq onu devirdi. İndi də Paşinyan Sarkisyanın yolunu tərsinə getmək istəyir.
Digər bir məsələ də Azərbaycan və Türkiyə faktorudur. Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir. Burada Bakının tələbi sülh müqaviləsinin mətni və onun imzalanması ilə bağlı deyil. Ermənistan tərəfi qanunvericiliyindəki bütün məsələlərə aydınlıq gətirməlidir. Müstəqillik aktı və konstitusiyası ilə yanaşı, parlamentin qondarma rejim, keçmiş “Dağlıq Qarabağ”ın Ermənistanla münasibətlərinə dair qəbul edilmiş qərarların ləğvi tələb olunur. Məhz bundan sonra iki ölkə arasında sülhdən danışmaq olar.
Şərt belədir, Ermənistan bir dövlət kimi “orjinal” formasına qayıtmalıdır. Qəbul etdiyi konstitusiya, ideologiya ilə bağlı qərarlar ləğv olunmalıdır. Yalnız bundan sonra Bakı və İrəvan arasında yeni münasibətlər formalaşa bilər. Konstitusiyada dəyişiklik edilməsə, Azərbaycanla Ermənistan arasında münasibətlərdə köhnə qanunlara istinad ediləcəksə, sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Belə olan halda Ermənistanın Azərbaycana torpaq iddiası davam edəcək. Bunun üçün isə ən yaxşı qarantiya sülh müqaviləsində Ermənistanın Azərbaycan torpaqlarına iddia etməyəcəyi ilə bağlı ifadənin yer almasıdır. Bunun üçün Ermənistan konstitusiyasını dəyişdirilməlidir.
Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur, Ermənistanın da yanaşması belə olmalıdır. Ermənistan isə reallıqdan qaçmaq üçün 1975-1991-ci ilin xəritələrinə istinad etmək istəyir. SSRİ-nin sonuna aid olan xəritəyə istinad doğru deyil. Çünki SSRİ hər iki ölkənin müstəqilliyinə son qoymuş rejim idi. Keçmiş sovet dövründə Azərbaycan torpaqlarının Ermənistana verilməsi faktları var.
Ermənistanda məsələyə fərqli yanaşırlar və konstitusiya islahatlarını Paşinyanın satqınçılığı kimi hallandırırlar. Guya bütün bunlar Nikolun öz beyninin, sərbəst düşüncəsinin məhsuludur. Halbuki, bu zamanın tələbidir, sülh müqaviləsi imzalamaq istəyirsənsə, yalançı ideologiyadan və əsassız iddiadan əl çəkməlisən. Ermənistanın müxalif partiyaları bütün “milli qüvvələri” yeni hərəkata qoşulmağa və prosesi dayandırmağa çağırırlar. Bu islahatları konstitusiya çevrilişi hesab edirlər. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə ölkəyə konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac olduğunu bildirib. Xarici işlər naziri Ararat Mirzoyan isə gizlətməyib ki, həm Ermənistan, həm də Azərbaycan bir-birinin konstitusiyalarında hüquqi problemlər görüb, təqdim edirlər.
Müxalifət konstitusiya islahatlarını Ermənistan dövlətçiliyinin məhvinə cəhd kimi təqdim etməklə, Paşinyanın ölkəni Türkiyə və Azərbaycandan asılı olan yarımdövlət quruluşuna çevirdiyi fikrini tiraşlayır. Qeyd edirlər ki, “yeni konstitusiyanın qəbulu Ermənistanın Müstəqillik Bəyannaməsinin ləğvidir. Bu sənəddə erməni xalqının əsas məqsədləri - güclü dövlət qurmaq, soyqırımın beynəlxalq səviyyədə tanınması və pislənməsi, Ermənistanın və Dağlıq Qarabağın birləşdirilməsi öz əksini tapıb. Hakimiyyət özləri də bunu Ankara və Bakının diktəsi ilə, eləcə də yeni müharibə təhlükəsi ilə etdiyini etiraf edirlər”.
Yeni konstitusiya əlehdarları təslim olmaq niyyətində olmadıqlarını və planlı şəkildə mübarizə aparacaqlarını deyirlər. Anlamaq istəmirlər ki, zaman təkcə saatların tıqqıltısı ilə deyil, bütövlükdə dəyişib. Nə Azərbaycan o dövrdəki zəif, idarəçiliyində naşıların at oynatdığı ölkə, nə dünya birliyi, nə də Ermənistan əvvəlki kimi deyil. Ermənistan bu islahatlara getmək zorundadır, əks təqdirdə...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB