Vəli VƏLİYEV

Bir el məsəli var, deyir, “keçmə namərd körpüsündən, qoy aparsın sel səni”. Həmin namərd bu gün Avropadır, dünənə qədər minnətçi, bu gün üstümüzə hürən Avropa. Bizi öhdəlikləri yerinə yetirməməkdə ittiham edirlər, guya onlara cənnət vəd etmişik, amma sözümüzü tutmamışıq. Bəs qarşı tərəf bizə nə vəd etmişdi? Ola bilməz ki, tərəflərdən yalnız biri öhdəlik götürsün, digər tərəf isə yox. Belə anlaşma olmur. Ya hər iki tərəfin öhdəliyi olur, ya da heç birinin. Azərbaycan Avropa Şurasına ona görə üzv olmadı ki, Qarabağ problemi yerində saysın, iclaslar, müzakirələr formal xarakter daşısın. Bakının arzu və istəyi bu idi ki, AŞPA-nın imkanları ilə bu platformada Ermənistanın işğalçı olduğu sübuta yetirilsin və haqq-ədalət öz yerini tutsun.

Avropa Şurası iddia edir ki, Qarabağ münaqişəsinin həll edilməsi bu qurumun səlahiyyətlərinə aid olmayıb. Yalnız insan haqlarının qorunması və digər siyasi məsələlərin müzakirəsi ilə məşğul olublar. Əla, çox gözəl. Belə isə məsələyə epizodik yanaşmaqda AŞPA-nın məqsədi nədir? Niyə insan haqları deyəndə təkcə ermənilərin haqqı tanınır, guya onların Qarabağdan çıxarılması, yəni “etnik təmizləmə” “fakt”ı götürülür? Niyə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren, bütün dünya ölkələri tərəfindən tanınan ərazilərinin işğalı nəticəsində yüz minlərlə azərbaycanlının pozulmuş hüquqları barədə bir kəlmə də danışılmır? Əgər, ədalətli mühakimə etmək, cəzalandırmaq istəyirsinizsə 1988-ci ildən 2020-ci ilin sentyabr ayına qədər baş verən hadisələri də masaya gətirin və tərəzinin gözünə qoyun. Gətirə bilmirlər, demək istədim, amma gətirmək istəmirlər, desək daha doğru səslənər.

Avropada Azərbaycanın dəfələrlə səsləndirdiyi xəbərdarlıqlardan bixəbər deyildilər. “Əgər sülh yolu ilə torpaqlar qaytarılmasa, müharibə qaçılmazdır”, fikri ölkə rəsmilərinin dilindən tez-tez eşidilirdi. BMT Təhlükəsizlik Şurasının (TŞ) 4 qətnaməsi də xarici hərbi qüvvələrin Azərbaycanın ərazilərindən çıxarılması barədə idi. Əvəzində nələri gördük? Nə Qərb ölkələri, nə də TŞ Ermənistana işğalı dayandırması üçün az da olsa təzyiq etmədi, qətnamələrin məcburi xarakter daşıdığını ermənilərə anlatmadı, onları qandırmadı. Əksinə, haqqı tapdalanan 1 milyona yaxın məcburi köçkünümüzün düşdüyü ağır durumu görməzdən gəldi, Ermənistanın işğalçı siyasətinə, Qarabağdakı separatçı quruma dəstək verdi, Azərbaycanı da reallıqla barışmasını istədi.

“Qazan dedi dibim qızıldı, çömçə dedi gəzib gəlmişəm”, atalar məsəlini siz də eşitmisiniz. AŞPA və Avropanın digər institutları haqdan, ədalətdən danışır, başqalarına da norma və prinsip nağılı danışırlar. Əməllərində isə tam əksini görürük. 23 ildir ki, AŞ-ın qazanında nə bişdiyindən xəbərdarıq. Bizə qarşı qərəzi, ədalətsizliyi, ikili standartı, xəyanətkarlığı az görməmişik. Günahsız olduğumuz halda günahkar, suçsuz olduğumuz halda suçlu olmuşuq. Ermənistan ərazilərimizin 20 faizini işğal edib, Qərb susub, insanlarımız doğma evindən qovulub, haqqı tapdalanıb, yurdu talanıb, öldürülüb, əsin-girov götürülüb, soyqırımına məruz qalıb, avropalılar qulağına pambıq tıxayıb. Bəs biz daha hansı məhrumiyyətlərə məruz qalmalıyıq ki, daş qəlbli avropalılar bizim halımıza yansınlar, heç olmasa min ildə bir bizim haqqımızı müdafiə etsinlər. Bütün bu olanlardan və son hadisələrdən belə nəticə çıxarmaq lazımdır ki, “demokratiyanın beşiyi” sayılan Qərbin insanları yalnız öz mənafeyini düşünən zavallı yığını imişlər. Bu qədər karlıq, korluq olarmı? Canları cəhənnəmə…

Avropalıların azərbaycanlılara qarşı olan öfkəsinin, qərəzinin arxasında nə dayanır, onu çox yaxşı bilirik. Azərbaycandan olan deputatların passiv olduqlarını düşünmək ədalətsizlikdir, AŞPA-da ən aktivlər sırasında yer alırlar. Səbəb Qarabağdan köçən ermənilərdirmi? Yox, bu da deyil, çünki onları Qarabağdan köçməyə vadar edənlərin elə ermənilər olduğu hər kəs bilir, sübutlar var. Ölkəmizdə guya insan haqları ilə bağlı problemlərin olduğuna gəlincə, Azərbaycan bu reytinqdə Avropada orta yerləri tuturŞ fikrini qətiyyətlə söyləyə bilərik. Həm də dünyanın heç bir ölkəsidə insan haqqı ideal şəkildə qorunmur, hər ölkənin özünəməxsus problemləri var. Avropa ölkələrinin 100-200 illik müstəqillik tarixi var, amma Azərbaycanın cəmi 30 yaşı var. İndiki Azərbaycan istənilən Avropa ölkəsinin 30 yaşı ilə müqayisədə ideal səviyyədədir.

Mətləbə gələk, yəni, bizə qarşı olan münasibətin arxasında nə dayanır, sualına. Azərbaycan varlı ölkədir, yeraltı və yerüstü sərvətləri, o cümlədən insan resursu yetərincədir. Azərbaycanda münbit investisiya mühiti yaradılıb, xarici şirkətlərin fəaliyyəti üçün hər cür şərait var. Amma Avropa ölkələrinin dərdi başqadır. Yəni bütün iqtisadi əlaqələrdə yalnız öz çıxarları, qazancları barədə düşünürlər. Daha çox gəlir əldə etmək üçün əvvəlcə siyasi təzyiqlərini artırır, bu da yetməyəndə müxtəlif bəhanələrlə sanksiyalar, embarqolar tətbiq edir, qarşı tərəf yorulanda isə əsl mətləbə keçirlər. Müqavilələr Avropa şirkətlərinin şərtləri ilə imzalanır və təbii ki, qazanclı çıxan da Avropa ölkələri olur. Buna “vur-yıx, qap-qaç” üsulu deyirlər.

Azərbaycan Avropa ölkələrinə nə ixrac edir? Öncə ağlımıza təbii qaz gəlir. Bəli, Rusiya Avropanı ötən iki ildə qaz imtahanına çəkdi. ABŞ isə “qoca qitə”dəki dostlarını tam olaraq bu yanacaqla təmin edə bilmir. Azərbaycanın dövrəyə girməsi, avropalıların soyuqdan gəbərməsinə imkan verməməsi bəzi dairələrin xoşuna gəlməyib. Əvvəlcə yeni tariflərlə bağlı narazılıqlarını bildiriblər, sonra təzyiqlərini artırıblar. Hədələr effekt verməyəndə isə AŞPA-da “insan haqları” oyununu dövrəyə qoşublar. Məqsəd Azərbaycanı masaya oturtmaq, diqtə etmək, istəyinə nail olmaqdır. Bundan başqa, “Orta dəhliz”də ən mühüm mövqeni ələ keçirmək də Avropanı hər an düşündürür. Azərbaycanın ideya müəllifi olduğu meqalayihədə başda oturmaq niyyəti Qərbi bizimlə savaşa qədər apara bilər. Diqqətli olmalıyıq…

Bütün xəbərlər Facebook səhifəmizdə