Vəli VƏLİYEV

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov beynəlxalq təşkilatların müşahidəçilərini məzəmmət edəndə düşündüm ki, yenə hansısa yaramazlıqla məşğul olublar. Ya da özlərini, fransızlar demişkən “véritable opposition”, yəni “əsl müxalifətçi” adlandıranların seçkilərdə niyə iştirak etmədiyini bəhanə edib bizə qarşı həmişə “ehtiyatda” saxladıqları ittiham variantlarını işə salıblar. Ona görə Məzahir müəllim əsəbləşib. Məlumatla tanış olanda məlum oldu ki...

Sən demə seçkilərdə müşahidəçi qismində iştirak edəcək beynəlxalq müşahidəçilər daha çirkin oyunlar qurublar. Müşahidəçilər Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına salırlar, Qarabağı Ermənistan ərazisi kimi qəbul edirlər. Yalan deyirəm? Bu, da sübut, həmin müşahidəçilər Qarabağ və Şərqi Zəngəzurda – Ermənistan silahlı qüvvələrinin 30 il işğalı altında saxlanılan və 2020-ci ilin sentyabr-noyabr aylarının cəmi 44 günü ərzində azad edilən, dünya birliyi tərəfindən Azərbaycanın suveren əraziləri sayılan və nəhayət BMT sənədlərində bizim torpaqlarımız kimi qeyd olunan iki iqtisadi rayonda yaradılan seçki məntəqələrində müşahidə aparmaq istəmirlər. Buraları hələ də Ermənistanla Azərbaycan arasında mübahisəli ərazilər hesab edirlər.

Vallah dəhşətdir, nə kitab, nə sənəd, nə suverenlik, nə də beynəlxalq aktlar, qətnamələr bunlar üçün keçərli deyil. “Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatı illik hesabatında “Azərbaycanda insan hüquqlarına dair uzun müddətdir narahatlıq doğuran halların 2023-cü ildə də davam etdiyini” qeyd edib. Təşkilat il ərzində Azərbaycanda baş verən insan hüquqları pozuntularını sıralayaraq hökumətin ifadə, toplaşma və birləşmə azadlıqlarını ciddi şəkildə məhdudlaşdırdığını bildirib. Xəbəri “Amerikanın səsi” yayıb. Bəs Ermənistanda yaşananları necə, qeydə almısınızmı? Uzağa getməyin, özümüzə də əziyyət verib araşdırma aparmayın. Ermənistan mediasını izləmək kifayət edər ki, hələ filtrdən keçən bu qədər faktın içində insan haqlarının pozulmasını sübut edən neçə-neçə faktı üzə çıxarasan. Amma “Human Rights Watch” özünü elə aparır ki, Ermənistanda qurdla quzu bir yerdə otlayır, hər şey yağ kimi gedir, haqqı tapdalanan, qanunsuz həbs edilən, oğurlanan, öldürülən fəallar, siyasət adamları isə sadəcə yox imişlər. Ermənistan parlamentində qətliam, 18 etirazçının güllələnməsi, 2013-cü ildə prezidentliyə namizəd, Milli Müqəddərat İttifaqı Partiyasının sədri Paruyr Ayrikyana sui-qəsd və digər siyasi qətllər barəsində Dunya Miyatoviçin hesabatında bircə cümlə yazılıbmı? Əlbəttə, yox.

Azərbaycana gəlincə, yenə yapışıblar “insan haqları”ndan. Tamam, yapışmısınızsa, onda məsələyə bütövlükdə, cəm halda yanaşın, epizodik yox. İnsan haqlarından danışanda Ermənistan dövlətinin və ermənilərin dini və milli ayrıseçkilik siyasəti nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün adi yaşamaq hüquqlardan məhrum edildiyini hesabatınızda niyə qeyd etmədiniz? 30 il o təşkilat, o dövlət qalmadı haqqımızı sübut etmək üçün qapılarını döyməyək. Nə oldu, törətdikləri vəhşiliklərə, vandalııqlara, soyqırımılara görə bircə dəfə erməniləri ittiham etdinizmi? Yox, sanki öz evindən qovulan, öldürülən, girov götürülən, asılan-kəsilən, haqqı tapdalanan, mülkünü, varını-yoxunu itirən azərbaycanlılar insan deyilmişlər.
Hesabatda Qarabağa ayrıca hissə verilib. Burada Azərbaycanın ötən il ərzində “Laçın dəhlizi ilə hərəkəti əngəlləməsindən”, Qarabağda humanitar böhranın yaranmasından, daha sonra 19 sentyabr əməliyyatının ardınca demək olar bütün erməni əhalinin bölgəni tərk etməsindən bəhs edilir". Hesabatın “Hökumət tənqidçilərinin təqibi” hissəsində hakimiyyətin tanınmış fəalları, müxalif siyasətçiləri və müxalif siyasi partiya nümayəndələrini hədəfə almağa davam etdiyi qeyd edilir. Ən dəhşətlisi isə nəinki cəmiyyət, hətta öz ailəsi tərəfindən rədd edilən “çinsi azlıqların diskriminasiya və pis rəftara məruz qaldığını”n qeyd olunmasıdır. Sanki, bu murdar məxluqları bir qorumalı, onlara hörmətlə yanaşmalı, yeri gələndə isə sırtımıza alıb gəzdirməli imişik. Bəli, biz bunu etməmişik və “cəzamızı” da çəkməliyik.

Qayıdaq yenə Məzahir müəllimin beynəlxalq müşahidəçilərin işğaldan azad edilmiş ərazilərdə keçiriləcək seçkiləri izləmək istəməmələrinə. Anlamaq olmur, bu müşahidəçilər seçkilərinmi monitorinqini aparacaq, yoxsa Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında vasitəçilik edəcəklər. Bəlkə sərhədlərin delimitasiya və demarkasiya məsələləri ilə məşğul olacaqlar. Hər halda öz mövqelərini tam olaraq açığa çıxarmayana qədər seçkilər zamanı hansı məzhəbə qulluq edəcəkləri də müəmma olaraq qalacaq.

El arasında bir misal var, deyir “itin kəlləsini xonçaya qoydular, o da dığırlanıb yerə düşdü”. Bu qədər...

Bütün xəbərlər Facebook səhifəmizdə