Dünyada uşaq böyütməkdən, tərbiyə etməkdən, onu bir məqama gətirib çıxarmaqdan çətin iş yoxdur. Belə isə 2024-cü ilin ilk günlərində bir-birinin ardınca dünyasını dəyişən 3 gəncin vaxtsız bitən ömrü adamı kədərləndirməyə bilmir. Çünki həmin gənclərdən hər birimizin evində var. Onların evlərimizi bəzəyən gülüşü, bizimlə bölüşdükləri arzuları, gələcəyə qurduqları planları, bir sözlə, dünya qədər istəkləri var. Onlar bütün bunları tək yaşamırlar. Ana olaraq biz də onlarla birgə yaşayırıq bu pillələrin hər birini.

Bu gün bir istəkləri reallaşanda bəlkə də onların özündən çox sevinirik. Sabah seviləndə, sevəndə onlarla birlikdə biz də sanki keçmişə dönür və yaşadıqlarımızı yenidən yaşamağa başlayırıq. Bir kədərləri, bir qüssələri olanda onlarla birlikdə ağlayır, kədərlənirik. Eyni zamanda, onlarla birlikdə gülürük, şənlənirik.

Dırnaqlarına bir kiçik daşın dəyməməsi üçün ürəyimizi qabağa veririk. Ta ki onların canı sağ olsun, üzləri gülsün, həyatı sevinclə, xoşbəxt yaşaya bilsinlər.

Bütün bunların fonunda 3 gündə 3 övlad itirən valideynlərin nələr yaşadığını təsəvvür etmək o qədər asandır ki... İki tələbə oğlanın dəm qazından boğularaq həyatını itirməsi, 1 tələbə qızın, hələlik, bilinməyın səbəbdən vəfat etməsi üç ailənin faciəsi deməkdir. Üç gəncin gələcəyinin məhv olması deməkdir. 3 ananın gözünün yaşının ta dünyanı tərk edənədək qurumaması deməkdir.

Biz övladlarımızı nə qədər sevsək də, lakin bəzən onların təhlükəsizliyinin də böyük sevgi ilə təmin olunmasının əhəmiyyətini dərk etmirik. Bu səbəbdən də budur, dəm qazı övladlarımızın qəniminə çevrilir, onların ömrünü yarımçıq qoyur.

Nihad və Sənan öz evlərindəmi, yoxsa kirayə yaşadıqları evdəmi dəm qazından boğulublar, maraqlıdır. Əslində, harada həyatlarının nöqtəsi qoyulub, dəxli yoxdur. Fakt budur ki, artıq iki gəncimiz həyatda yoxdur. İki arzu, iki dilək, iki gələcək torpağa gömüldü. Bəs onların ölümünə səbəb olanlar necə, bu vicdan əzabı ilə necə yaşayacaqlar? İstər öz evləri, istər kirayə yaşadıqları evlər olsun, onların məsuliyyəti ev sahiblərinin üzərindədir. Hələ bu ev sahibi ata-ana olarsa...

Bir valideyn evində təhlükəli sistem qurub bütün ailənin həyatını necə təhlükə qarşısına qoya bilər? Axı o düşünməlidir ki, evdə oldu-olmadı, bu təhlükə hər an var.

Evlərini kirayə verib pul qazananlar necə, nə üçün təhlükəsiz bir sistem qurmaq fikrində deyillər. Bu iki gəncin harada vəfat etməsi məlum olmasa da, lakin çoxsaylı ölümlər, yaranan təhlükələr əsasən ucuz qiymətə verilən kirayə evlərdə baş verir.

İstər öz evlərimiz, istərsə də kirayə evlər olsun, biz övladımızın harada, hansı şəraitdə yaşamasına cavabdehik. "Əşi, heç nə olmaz" deyib,- keçə bilmərik. Baxmayaraq ki, hər payız-qış aylarında təhlükəsizliklə bağlı aid qurumlar xəbərdarlıq edir, lakin hər il eyni hadisələrlə üz- üzə qalırıq. Deməli, bizdə nə qədər övlad sevgisi varsa, bir o qədər də məsuliyyətsizlik var.

Belə isə Nihadı, Sənanı və Aytəni bir daha geri qaytara bilərikmi? Əsla. Hər üç gəncin vəfatı sözsüz, valideyn məsuliyyətsizliyinin "töhfəsidir". Onların yarımçıq qalmış arzuları, həyatları naminə heç olmasa, digər övladlarımızı qoruyaq!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə