Yazdıqlarım kimin xətrinə dəyəcəksə, bəri başdan üzr istəyirəm. Ona görə üzr istəyirəm ki, həm üzr istəmək qabiliyyətinə, mədəniyyətinə malikəm, həm də bu gün Ümumdünya Üzr İstəmə Günüdür.

İnsanlar xarici görünüşcə bir-birinə bənzəmədikləri kimi, xasiyyət və xaraktercə də bir-birinə əsla bənzəmirlər. Məsələn, adamlar var ki, onlara Allah-təala tərəfindən üzr istəmək qabiliyyəti nəsib olmayıb. Nə qədər səhv etsələr də, bilə-bilə ki, səhv edən tərəf onlardır, lakin ya üzr istəməyi bacarmır, ya da özlərinə sığışdırmırlar. Üzr istəmədikcə isə itirirlər: yaxınlarını, övladlarını, dost və rəfiqələrini, ətrafdakı bir heyvanı, bir ağacı, bir yarpağı, bir udum nəfəsi...

Kaş ki, bu gün-üzr istəmə günündə bir möcüzə baş verərdi. Hər kəsə bir günlük də olsa, üzr istəmə qabiliyyəti bəxş olunardı. Bununla da üzr diləməyin necə böyük mədəniyyət olduğunu bilməyənlər bəlkə bu gün üzr diləyərdilər.

Məsələn, kaş ki pəncərəmizin önündən hər gün maşınla-həm də toy karvanı kimi siqnallaya-siqnallaya keçərək başımızı xarab edən sürücülər nə qədər zülm etdiklərini anlayıb bu gün bizdən üzr diləyərdilər...

Marketlərdə bizi endirimli qiymətlərlə aldadan və paxırları kassa qarşısında faş olan market müdirləri əməllərinə görə bizdən məhz bu gün üzr istəyərdilər...

Eləcə də böyük endirim adı ilə camaatı axmaq yerinə qoyduqlarını zənn edən böyük ticarət mərkəzləri, mağazalar şəbəkəsi rəhbərləri heç olmasa, səhv etdiklərini, bizimsə onların kələklərini çox yaxşı bildiyimizi anlayıb heç olmasa, bu gün üzr diləyərdilər...

Yerdə hər addımda qarşılaşdığımız iyrənc tüpürcəyin sahibi olan kişilər ovqatımızı hər gün təlx etdiklərini dərk edib heç olmasa, bu gün bizdən üzr istəyərdilər...

Taksidə, ictimai nəqliyyatda, yolda, küçədə siqareti yandırıb bizi də tüstüsünə bürüyənlər, bəlkə bu gün nə etdiklərini anlayıb bizdən üzr istəyərdilər...

Metroda, küçədə ucadan danışıb-gülən bəzi gənclər bizə nə qədər mənfi enerji verdiklərini düşünüb heç olmasa, bircə dəfə-bu gün bizdən üzr diləyərdilər...

İctimai nəqliyyatda tərlərinin qoxusu ilə anadan əmdiyimiz südü burnumuzdan gətirən kişi-qadınlar kaş bunu anlayıb heç olmasa, bu gün bizdən üzr istəyərdilər...

Səs-küylərindən cana gəldiyimiz, guppultudan otaqların çilçıraqlarını yerindən qoparmaqda olan qonşular, özlərinə sığışdıra bilsələr, heç olmasa, bu gün bizdən bir üzr istəyərdilər...

Məişət tullantılarını, xüsusilə uşaq bezlərini balkonlardan aşağı tullayıb çoxlarımızın başında bərqərar edən insanlar, mədəniyyətin nə olduğunu 365 günün bircə günü anlayıb heç olmasa, bu gün bizdən üzr diləyərdilər...

Hər gün evində qanqaraçılıq yaradan, qadınına utanmadan əl qaldıran kişilər barı bu gün qadınlardan üzr istəyərdilər...

Valideyninin üzünə ağ olan, ona səsini qaldıran övladlar kaş ki bu gün səhvlərini anlaya, onlardan üzr diləyərdilər...

Ya tərbiyəsizliyinin, ya insafsızlığının heyfini küçədə bir itdən və ya pişikdən çıxaraq qulağını kəsən, ayaqlarından tutub başıaşağı sallayıb, hələ bunu özünə şan bilərək videosunu da utanmadan Tiktoka yerləşdirənlər bəlkə bu gün o it-pişikdən utanıb üzr istəyərdilər...

Ağacları qıraraq yerində hündürmərtəbəli evlər tikib öz biznesini quran "kişilər" bəlkə bu gün təbiətə vurduğu ziyanı dərk edər, ondan üzr diləyərdilər...

Düşünməyin ki, üzr istəyərik, qəbul etməzlər, pərt olarıq. Atalar deyir ki, qanan qanmazın hər zaman quludur. Bir də belə bir deyim var, üzr istəmək böyüklükdürsə, qəbul etmək fəzilətdir. Gəlin üzr istəyək, inanıram ki, üzrümüz qəbul olunacaq.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə