Mən illərdir sizin yerinizə utanıram, bir az da siz UTANIN!!!!

Yenə onlar haqqında yazıram. Bilirsiniz kimlər haqqında? Bu ölkədə adlarının qarşısına yalandan “futbolçu” termini yapışdırıb on illərdir bütün azərbaycanlıları əsəb və stress girdabına soxan, amma əvəzində özləri utanmayan, utanmaq nə kəlmə, hələ bu azmış kimi utanmazcasına hər məğlubiyyətə görə “səxavətli” AFFA-dan mükafatlar alan, meydanlarda topdaşıyan uşaqlar qədər bacarığı olmayan “futbolçularımız” haqqında yazacam. Görəsən Gürcüstan və Qazaxıstan milli komandaları “Avro-2024”-ün pleyy-off mərhələsinə vəsiqə qazanan zaman bizim “futbolçular” utanıb yerin yeddi dibinə girdilərmi?-qəti inanmıram! İmkan, pul-para baxımından bizdən qat-qat aşağılarda yer alan Gürcüstan və Qazaxıstan milliləri pleyy-off mərhələsində, biz də qapımızdan hər dəfə 5-6 qol buraxmaqla “rekordlar” qırmaq “peşindəyik”.

Yağ-bal içərisində bəslənəsən, daima dövlətin güclü himayəsində olasan, hətta layiq olmadığın halda 1000 dollarlarla mükafatları cibişdanına dürtəsən, bunun da qarşılığında ömür boyu Azərbaycan millisini qapazaltı komanda kimi bütün dünyaya rəzil edəsən... Milli komandamızın acı taleyi, millidə o yana-bu yana qaçan “futbolçularımızın” real vəziyyəti bax, budur. Bəs gürcülərdən və qazaxlardan fərqimiz nə?- fərqimiz odur ki, onlar işi bacarana, futbolu əsl futbolçuya tapşırır, qohumbazlıqla, tanışlıqla futbolu təzim günə qoymurlar. Biz isə 21-ci əsrin yarısına yaxınlaşırıq, yenə də tanışlıq, telefon zəngi ilə milliyə futbolçu “TAPŞIRIRIQ”, küçədə qalan əcnəbiləri ilinə milyonlar ödəyib millinin sükanı arxasına keçiririk, vəssalam! Hə, o başqa məsələdir ki, heç kimə lazım olmayan, heç bir nəticə göstərməmiş küçədə qalmış əcnəbiləri milli komandaya gətirib kimlər nələr qazanırlar, o artıq bir ayrı və dərin məsələ mövzusudur ...
Sözsüz ki, millinin düşərgəsinə gələn futbolçular yadplanetli deyillər. Tam əksəriyyəti yerli çempionatda top qovan "futbolçulardır." Bunları da yerli klublara milliyə "tapşırılan" kimi tapşırırlar. Sonra da dönüb olurlar "FUTBOLÇU". Bunlar öz klublarında məşq üzü görmür, məşq əvəzinə baş girləyirlər, ordan da birbaşa yollanırlar millinin düşərgəsinə. "Qarabağ" xaric, avrokuboklarda bir mərhələ keçməyən Azərbaycan klublarının milliyə verəcəyi "futbolçu" potensialı budur. Neçə on illərdir uşaq futboluna milyonlar ayrılır, məhəllə-məhəllə mini stadionlar düzəldilir, amma bu layihələr üçün "silinən" pullardan başqa ortaya çıxan heç nə yoxdur. Yerli "materialın" vəziyyəti budur.
Məşq etmək, futbol biliyini və fiziki imkanlarını, texniki yaradıcılığını inkişaf etdirmək üçün zəhmət çəkmək əvəzinə gününü kafe-restoranlarda keçirən, meyxana məclislərində “qafiyə açan”, futboldan havayı qazanc kimi bəhrələnən tip – əksər müasir azərbaycanlı futbolçunun personajı bax belədir. Yalanmı yazıram?-qətiyyən! Son qarşılaşmada belçikalılardan düz 6 cavabsız qol yeyən, Lukakonun bir qarşılaşmada 4 qol vuran futbolçu kimi tarixə düşməsinə imkan yaradan bu rəzillər barədə danışmaq üçün cümlə qurmağın özü çətindən çətindir. Görəsən, Lukako Azərbaycan millisinə təkbaşına 4 qol vurandan sonra meydanda qoyun otaran çobanlar kimi gəzişən “milli futbolçular” qarabala Lukako ilə göz-gözə gələndə utanıb yerin dibinə giriblərmi?- buna da qəti inanmıram!
Adını futbolçu qoyub əvəzində futbol adına ləkə olanların Azərbaycan millisinə yaşatdıqları biabırçılıqları görməzlikdən gəlmək, özünü bilməməzliyə vurmaq qəti mümkün deyil. Bunu o mənada deyirəm ki, onsuz da futbolçudan daha çox stadion təmizlikçiləri təsiri bağışlayan belələrinin rəzalət “futbolunu” ürəyinə salmayasan, stress keçirməyəsən. Amma OLMUR!!! Nə qədər qulaqardına vuracaqsan? Tapşırıqla, tanışlıqla bu andıra qalmış milli komandaya futbolçu götürəndə, bunların məişət cinayətlərinin üstünü ört-basdır edəndə, uduzduqları oyunlara görə bunlara mükafat yazanda guya bilmirdilərmi ki, bunun axırı Azərbaycan adlı ölkənin adına ləkə olan biabırçılıqlarla bitəcək???? AFFA bu milliyə illik milyonlar ödəyib kimləri baş məşqçi gətirmədi ki? Berti Foqts Azərbaycandan qazandığı milyonlarla indi Bavariyada təmiz alman pivəsi içib bankdakı pulları ilə bir ömür kef-damaq içində yaşayacaq. Cianni De Byazini də küskün yola saldıq. Adam hələ də bizim səxavətimizdən faydalanmaq istəyirdi. Olsun, ona da bir ömür qocalığına bəs edəcək milyonlar qazandırmışıq. Ən azı bizim necə “sadəlövh və səxavətli” olduğumuz barədə uzaq Romada ağızdolusu danışacaq.

Mən şəxsən 1988-ci ildən “Neftçi” azarkeşiyəm. Düzdür, mənim azarkeşi olduğum komanda da acınacaqlı vəziyyətinə görə millidən heç nə ilə fərqlənmir. Bu “Neftçi”nin tayları Avropa Liqasında, Çempionlar Liqasında top qovur, başını başlara qoşur, mənim komandam da “Şamaxı”, “Sabah”, “Zirə” ilə yuxarı pillələr uğrunda “qırğına çıxır.” Adrian Mutunu müqəvva olaraq “ağ-qaralar”ın sükanı arxasına keçirməklə “Neftçi” komanda olası deyil. Yaxşı məşqçinin əl izi azı 2-3 aya bilinir. "Neftçi"də isə bu izdən əsər əlamət belə yoxdur. Kəsərsiz futboldan başqa heç nə... Amma olsun, qoy bir az da A.Mutu yesin, nə olasıdır...

Nə isə qayıdaq milliyə. Yadıma gəlmir ki, nə vaxtsa milli komandanın səs-küy yaradan qələbəsinə sevinim. Elə qələbəyə ki, bizi Dünya və Avropa çempionatları cəhənnəmə, heç olmasa bizdən də aşağı səviyyəli millilərin çıxış etdiyi Millətlər Liqasında pleyy-off cığırına çıxartsın. Bir dəfə də baş verməyib belə hal. Əvəzində Bizim İsveç, Finlandiya, başqa bu tipli milli komandalara qarşı qələbələrimiz də bilirsiniz nə vaxta təsadüf edir? O vaxta ki, artıq bu adıçəkilən millilər seçmə mərhələdə qrupun dibində qaldıqları vaxtlara. Yəni heç bir iddialarının qalmadıqları zamanlara. Amma etiraf edim ki, İsveç millisi ilə qarşılaşmada meydandakı komandanın Azərbaycan millisi olduğuna hələ də inana bilmirəm. Əgər bunlar elə həmin futbolçular idisə, cəmi bir tur sonra Belçika millisinə niyə rəzalət dolu məğlubiyyət yaşadılar? Özü də heç bir futbol oynamadan. Meydançada sürünən canlı ölülər kimi idilər. Ard-arda iki oyun arasında belə dəhşətli fərq necə yaranır axı?. Birinə 3 qol vur, o birindən 6 qol ye. Şok olunası məsələdir. Bəlkə artıq keçmişdə qalan De Byaziyə görə yas tuturmuşlar? Yoxsa onun “yolasalınma mərasimi” üçün belə “oynadılar”? Nə desən olar. Tapşırıqla milliyə futbolçu çağıranda, “görüm-baxım” ilə ayağında top durmayana zorla “futbolçu” adı yapışdıranda yüz cür böyük OYUN QURMAQ niyə olmasın ki? Əslində, millimiz belə “oyun qurmaq” işində belçikalılara bir ömür dərs deyər...

Və gələk yerli məşqçi məsələsinə. Hə, iş bizim məşqçilərə gələndə burada məsələ qəlizləşir. Tərlan Əhmədov, Qurban Qurbanov, bir vaxtlar “Abşeron”u yüksək liqaya çıxaran Mirbağır İsayev, Samir Abbasov, başqa istedadlı məşqçilərimiz – axı bunlara niyə imkan yaratmırıq? Məgər bu yerli məşqçilər B.Foqtsun, De Byazinin nəticələrindən aşağı nəticə göstərəcəklər ki? Axı bunlar yerli məşqçidirlər və yerli futbol fabrikinə (buna fabrik demək mümkünsə) yaxşı bələddirlər. Ən azından damarlarında azərbaycanlı qanı axan məşqçi kimi ürəkyananlıq edəcəklər milli komandaya. B.Foqtsun, D.Byazinin nə vecinədir Azərbaycan millisinin taleyi. AFFA-dan aldıqları milyonları alman və italyan banklarına yerləşdirib qocalığında kefə baxmağı düşünürdülər və elə də oldu. Yoxsa yalan yazıram? Amma bu yerli məşqçilərin yaxası həmişə sənin əlindədir. Yeri gələndə təpinib hərəkətə gətirəcəksən. Ən azından millidə ancaq ağ “konvertlərdə” verilən mükafatlara görə top qovan “futbolçulara” azərbaycanlı olduqlarını xatırlatmağa bu yerli məşqçilərin VİCDAN HİSSİ yetəcək. Ən azı onların yatmış, yaxud yoxa çıxan vicdanlarını geri qaytarmaq üçün çalışacaqlar. Əlbəttdə, vicdanı itmiş damarlarını tapa bilsələr əgər...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə