Gördüyüm fakt ondan ibarətdir ki, bu gün bəzi idarə və müəssisələrdə anormal vəziyyət hökm sürür. Problemlər, qüsurlar bir yana yeni təyin olunan rəis özündən əndrəbadi qaydalar tətbiq edir, qanunlar müəyyənləşdirir. Eşitdiyimə görə, yeni müdirin ilk işi kabinetindəki əvvəlki rəhbərin əyləşdiyi kreslonu dəyişdirmək olur. Sanki həmin stola it dəyib, ya da ki, cadu olunub. Deyən və başa salan lazımdır ki, ay müdir, 2500-3000 manat verib yeni kreslo almaq nəyə lazımdır? Olmazmı həmin vəsaitə işçilərin marağına uyğun xeyirxah bir iş görəsən? Əməkdaşlardan kimsə (hərçəndi belə hal qeyri-mümkündür - İ.Ə.) cəsarətə gəlib, yazdığım təklifi müdirin diqqətinə çatdırsa, o əməkdaşın işi fəna olar. Müdir deyər ki, çıx bayıra, sən işdən azadsan. Daha sonra qəzəbli şəkildə o əməkdaşın dalınca, söylənib deyər, - "ay səni filan-filan olmuş şüdə".
Kimsə özünü ağıllı hesab edib, ona məsləhət verməklə əsəbiləşdirsə də yeni gələn müdir, nəzərdə tutduğu layihəsinin icrasını davam etdirəcək. Təzə rəis otağına əl gəzdirib, mebelini dəyişər, stolüstü telefonunu təzələyər, pəncərələrin pərdələrini yeniləyər, sonra da keçəcək işçilərini gözdən keçirməyə. İlk olaraq katibə və köməkçi yeniləri ilə əvəzlənəcək. Mühasib də otağına edilən qəfil telefon zəngindən sonra yır-yığış edib iş yerini tərk edəcək. Müavin və şöbə müdirləri sözəbaxan olub maraqlarını təmin etsələr, onlara humanistlik göstəriləcək.
Təmizləmə daha çox süpürgəçilər, təmizlik işi aparanlar, fəhlələr, texniki işçilər, gözətçilər üzərində aparılacaq. Çünki günah keçisi məhz onlardır. Bir də ki, kollektiv müdirin qəzəbli, sərt iş metodu olan müdir olduğunu bilməlidir axı. Fikir verin, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat olandan dərhal sonra kollektivin 200-ə qədər süpürgəçisi, maşinisti, bələdçisi işləri ilə vidalaşdılar. İndi də eyni damokl qılıncı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin işçilərinin başları üzərində fırlanır. Hədəf yenə də gözlərini aylıq 280-300 manata dikən sadə işçilərdir. Ümumiyyətlə, bu gün səhiyyə sistemində bir hərc-mərclik hökm sürür. Demək olar ki, üçtirəlikdir. Yəni, Səhiyyə Nazirliyi TƏBİB-in kitabını oxumaq istəmir, İcbari Tibbi Sığorta da hər ikisini qəbul etmir, TƏBİB-də deyir ki, "burada mənəm, Bağdadda kor xəlifə". Biçarə vətəndaşlar da qalıblar bu üçtirəliyin arasında.
Bu gün əhalinin müəyyən hissəsi səhiyyə sistemindəki anormal idarəetmədən narazılıqlarını bildirirlər. Həkimlər də iş rejimindən razı deyillər. Baxmayaraq ki, əlləri pulla oynayır, kef-damaqları da sazdır. Lakin bu, onlara kifayət etmir. İstəkləri ondan ibarətdir ki, daha çox qazansınlar, daha çox vara-dövlət sahib olsunlar. Məqsədləri baş tutmayanlar üz tuturlar xarici ölkələrə. Sanki oralarda "yel əsib, qoz tökülüb". Əksər hallarda istəkləri baş tutmur, ancaq geri qayıtmaq daha pis, hətta rüsvayçılıqdır - deyib, oralarda vurnuxurlar. Mətbuatda oxuduğuma görə, yalnız Almaniyaya 1400 -ə yaxın həkim gedib. Onların durumunun necə olduğunu demək çətin olsa da, görünən fakt ondan ibarətdir ki, beyin axını baş verib. Bunun qarşısını almaq üçün necə və hansı tədbir görmək lazım olduğunu Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta baş sındırıb, çıxış yolu tapmalıdır. Bu problem əhalinin problemi deyil, birbaşa üçtirəlik yaratmaqla insanlara zərər vuran sözügedən qurumlarındır. Başa düşmək lazımdır ki, əksər xəstəxanalarda həkim çatışmazlığı mövcuddur. 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkim çatışmazlığından xəstələr əziyyət çəkirlər. 35 -40 xəstənin müayinəsini cəmi bir həkim və bir tibb bacısı həyata keçirir. Başına gətirilən bu cür müsibətdən ürək ağrısı ilə danışan Fərəh Əsgərova adlı şəxs deyir ki, ağır vəziyyətdə olan bacısını 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) qəbul etsə də, 6 saat dəhlizdə gözləməli olublar: "Xəstəxananın təcili tibbi yardım şöbəsində 23-25 yaşlı özünü həkim kimi təqdim edən cavan oğlan ora-bura vurnuxmadan başqa bir iş görmədi. Xəstələrin narazılığından sonra həmin cavan həkim də gözdən itdi. Çarəsiz qalıb, xəstəmizi özəl xəstəxanaya apardıq".
Bu sahədə ciddi, arzuolunmaz problemlərdən biri də, İcbari tibbi sığortanın imkanlarından yararlanmaqda insanların süni problemlərlə üzləşmələridir. Müayinə və müalicə olunmaq üçün ərazi üzrə poliklinikalardan arayış almaq ağır və üzücü prosesdir. Şöbə müdiri müxtəlif bəhanələrlə arayışı xəstəyə verməkdən imtina edir. İnsanlar çək-çevirdən və ötür-ötür oyunundan bezərək özəl xəstəxanalara müraciət edirlər. Bu kimi halların aradan qaldırılması və çevik, operativ idarəetmənin tətbiq olunması üçün Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta bir qurumda birləşməlidr. Bəlkə bu halda səhiyyədəki özbaşınalıq, yanlış idarəetmə, bərbad müayinə-müalicə və bu kimi digər neqativ halları aradan qaldırmaq mümkün olar.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə