Dostlu-düşmənli, yaxşı-pis bütün qüvvələrin diqqəti gələn ay Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə yönəlib. 2003-cü ildən Türkiyədə hakimiyyətdə olan, çağdaş Türkiyə tarixində ən uzunömürlü iqtidar sahibi olan Rəcəb Tayyib Ərdoğanın bu seçkilərdən necə çıxacağı dostlarının və düşmənlərinin diqqətində olacaq. Xüsusilə, Okeanın o tayındakı Co Baydenin və Kremldə oturan Vladimir Putinin diqqətləri mayın 14-də Türkiyədəki bülletenlərin nəticələrinə dikilib. Ərdoğan çağdaş Türkiyə tarixində təkcə uzunömürlü hakimiyyət sahibi olan lider kimi yer tutmayıb.
AK partiya liderinin son 20 ildəki siyasətinin ən uğurlu faktorlarına diqqət edək. Ötən əsrin 90-cı illərində ABŞ-ın Şərqdəki müttəfiqindən daha çox ələbaxım, Vaşinqtonun təlimatlarına uyğun hərəkət edən Türkiyədən indi əsər-əlamət qalmayıb. Bu gün çağdaş Türkiyəni təkcə regionda deyil, dünya siyasətində də ağırçəkili güclərdən birinə çevirməsi, öz maşınqayırma sənayesi, hərbi sənayesi, dünya gücləri ilə döş-döşə gəlmək qüdrəti olan güclü dövlətə çevirməsi R.T.Ərdoğanın son 20 ildəki hakimiyyət fəaliyyətinin nəticəsidir. Bu, birmənalı belədir. Ötənlərdə, Ərdoğan hakimiyyətindən öncə Koalisiyon hökumətlərin cəngində boğulan, inkişaf etməmiş Türkiyənin yerində bu gün tam başqa bir Türkiyə dayanır qarşımızda. Ərdoğana rəğbət və nifrət bu reallığı qətiyyən dəyişdirmir. Fakt faktlığında qalır.
Təkcə onu qeyd edim ki, bu gün Türkiyə ABŞ ilə Rusiya arasında son dərəcə zərif xətt üstündə etibarlı körpü rolunu oynayan ölkədir. Təkcə dünyanın ərzaq təhlükəsizliyi üçün Ukraynadan dünyaya taxıl dəhlizinin açılmasını qeyd etmək kifayətdir ki, Türkiyənin gücünü, bir etibarlı və nüfuzlu lider kimi isə Ərdoğanın xarizmasını təsəvvür edəsən. Üstəgəl, Türkiyənin öz daxilindəki sosial və infrastruktur islahatları siyasəti də 20 illik hakimiyyət üçün yüksək nəticə sayılmalıdır. Bəs Ərdoğan əleyhdarları seçkiyə hansı formatda gedir, vədləri və niyyətləri nədir?
Elə bəribaşdan xatırladaq ki, altı partiyanın birləşdiyi Millət İttifaqı-“altılı masa” çox təhlükəli hakimiyyət xəritəsi hazırlayıb. Plan belədir ki, K. Kılıçdaroğlu prezident seçilsə, bu altı partiyanın təmsilçiləri birbaşa vitse-prezident təyin olunacaqlar. Ən əsas odur ki, K.Kılıçdaroğlu qərarlar qəbul edərkən mütləq bu altı müttəfiqin də razılığı olmalıdır. Hələ mən parlamentdəki fraksiyalar arasında yaranacaq gərginliyi demirəm. Üstəgəl, Millət İttifaqı Türkiyəni yenidən parlament üsul-idarəsinə qaytarmaq istəyir. Bu isə o deməkdir ki, Türkiyəni yenidən köhnə koalisiya cəngəlliyinə qaytarmaq istəyirlər. Üstəgəl, sol partiya olan CHP daxili siyasətdə PKK tərəfdarı və siyasi qolu olan HDP-nin də səslərini qazanmağı hədəfləyir. Bu isə o deməkdir ki, K.Kılıçdaroğlu həm də HDP-nin “sözünə qulaq asacaq”. Özü demişkən, “hamının maraqları nəzərə alınacaq”.
Bəs mayın 14-də Türkiyədəki seçkilərdə bülletenlərdən Ərdoğan əvəzinə CHP lideri Kamal Kılıçdaroğlu çıxarsa o zaman nə baş verəcək?. Gəlin bunu təhlil edək. K.Kılıçdaroğlu prezident seçilərsə ilk olaraq qərb dairələri Türkiyəni Ərdoğan kursundan tamamilə və sürətlə yayındıracaqlar. Xüsusilə müstəqil siyasət xətti arxa plana keçəcək, daha çox digər NATO ölkələri kimi ümumi qaydalar çərçivəsinə qayıdacaq Türkiyə. Bütün əmrlər Ağ Ev-dən gələcək, vəssalam!
K.Kılıçdaroğlu prezident seçilərsə, ən əvvəl görüləcək işlərdən biri də Yaxın Şərq siyasətində böyük dəyişikliklərin olacağıdır. Hazırkı müxalifət Ərdoğanın Suriya və İraqın şərqindəki siyasətini dəyişdirəcək. Bu isə, böyük ölçüdə Türkiyənin təhlükəsizliyi üçün yenidən risk yaranmasını qaçılmaz edəcək.
Bundan başqa, K.Kılıçdaroğlu hakimiyyətə gələrsə, R.T.Ərdoğanın hazırkı türkdilli ölkələrin birliyi istiqamətindəki aktual və mühüm siyasi kursu da naməlum olacaq. Çox güman ki, qərb dairələri yeni hakimiyyətdən Türkiyənin regional güc və söz sahibi olmasına hesablanan türkdilli ölkələrin birliyi məsələsini arxivə atmağı tələb edəcəklər.
Çünki bu fakt, yəni türkdilli ölkələrin birliyinin yaradılması siyasəti Türkiyə əleyhdarlarını ən çox narahat edən faktdır. Türkdilli ölkələr faktoru rəsmi Ankaranı keçmiş sovet ərazilərində söz sahibinə çevirir ki, bu məsələdə qərbin düşməni olan Rusiya da Türkiyəyə qarşıdır.
Bundan başqa Türkiyədəki mövcud hakimiyyət dəyişikliyi, həm də Rusiyaya qarşı münasibətin dəyişikliyi ilə mütləq şərtlənəcək. Qərbyönümlü hakimiyyət Vladimir Putin rejimi ilə hazırkı “haqq-salama” əlvida deyəcək. Halbuki ən doğru siyasət hazırkı siyasi kursdur. Dünya siyasətinin diktə etdiyi və Türkiyənin maraqları üçün nəzərə alınan kurs çox real kursdur. Qərb K.Kılıçdaroğlu hakimiyyəti üçün hər məsələdə olduğu kimi, bu məsələdə də yeni “yol xəritəsi” hazırlayacaq. Yəni “hər şey Türkiyə maraqları üçün” deyil, “hər şey qərbin maraqları üçün”.
Bir sözlə, mayın 14-də Türkiyədə həm də regionun və dünya siyasətinin qədəri bəlli olacaq. Sözün bütün mənasında!
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB