Düşünürsən ki, Allah belələrinə nə üçün övlad verir ki, bunlar da onun qədrini bilməyələr, atalar küçəyə, həm də 10-15 günlük uşağı. Soyuqdan donub ölmüş uşağın görüntülərini sosial şəbəkələrdə ürək ağrısı ilə izlədik. Və əminəm ki, onu izləyənlərin hər biri də həmin o ana haqqında mənim söylədiyim sözləri deyiblər: lənət sənə, belə ana.

Ana. Bu üç hərfdən ibarət, lakin çox böyük bir məna daşıyan, hər birimizin qarşısında baş əydiyimiz adı bu lənət olmuş qadın daşıya bilməz. O, analıq hissinin nə olduğundan xəbərsiz, cani və qatildir. Şərt uşağı sadəcə 9 ay bətndə gəzdirmək deyil. Bəli, bu hələ analıq da deyil. Analıq övladını ağuşuna alıb ona bir damla süd verəndən, onun ətrini ciyərlərinə çəkəndən, yuxusuz gecələr keçirəndən, onun səsinə şirin yuxudan dik atılanda formalaşır. Analıq övladının hər gün, hər ay bir az da böyüməsində, ona qayğı və nəvazişdədir. Analıq bir qadının gözünün övladının gözünə dikilməsindədir.

Bəli, ana olmaq tək uşağı dünyaya gətirmək deyil. Bu 9 ayın da böyük əziyyətləri, stressləri, özünəməxsusluqları olsa da, görünür ki, bu, bütün qadınlarda da eyni deyil. Bu günlər övladını küçəyə ata o qadın, o ana kimi. Çox yəqin ki, o uşağı dünyayagətirmə istəyi onda olmayıb. Bu, təsadüfi bir hal olub. Və o da çox yəqindir ki, həmin o qadın ötən ayların hər birini çox səbirsizliklə gözləyib ki, uşaq doğulsun və onu atmaqla xilas olsun. Azadlığa çıxsın, azad həyatını yaşaya bilsin. Bəlkə də aylardı ki, gizlənmişdi haradasa. İnsanlar arasına çıxmırdı, görən olar deyə. Uşaq bəlkə də aylardır ki, bu qadının ayağına kəndir olub. Belə imiş ki, qadın ayağından çıxardığı kəndiri dünyaya gəlişi cəmi 10-15 gün olan övladının boynuna keçirdi və onu bazar torbasına qoyub məişət tullantısı kimi küçəyə atdı.

Siz o uşağın üzündəki ifadəni seyr etdinizmi? Onun üzündə yazılanları oxudunuzmu? Onun üzündə bu dünyadan ağlaya-ağlaya qoparkən donuqlaşmış ifadəni gördünüzmü? Bu görüntülər o “Anaya” ünvanlanan sualları yağdırırdı: nə idi mənim günahım? Nə üçün məni bu qədər təhqir etdin? Nə üçün mən başqa uşaqlardan bu qədər seçilən oldum? Nə üçün mənim yerim isti bir ana qucağı deyil, qışın soyuqlu-sazaqlı küçələri oldu?

Lənət olsun sənə, ana. Lənət olsun məni dünyaya gətirdiyin günə. Lənət olsun mənim taleyimin sənin taleyinlə birləşdiyi günə…

Ölkəmizdə yüzlərlə ailələr var ki, bir uşaqdan yana, necə deyərlər, burunlarının ucu göynəyir. Belə ailələrdən əksəriyyəti bir övlada görə dağılır. Bir-birini candan sevən iki gənc bir uşaq üçün bəzən zorla bir-birindən qoparılır. Həyatları alt-üst olur. Belə olan təqdirdə sən necə qıyıb bu uşağı küçəyə atırsan, ay lənət olmuş ana. Bu, kiçik bir canlıya sənin böyük sayğısızlığındır. Qatilliyini sübut edən amildir. Şərt o deyil ki, bir insanı öldürüb qatil olasan. Elə onun ölməsi məqsədilə attığın addım da qatillikdir.

Necə qıydın, bu körpəyə, ay bağrı daş qadın! Necə qıydın. Sən bədənində ürək daşımırsanmı? Nə üçün başqasına olan nifrətini bu dilsiz-ağızsız uşağa verirsən?

Sən heç qadın adına da layiq deyilsən. Sən qadın adına ləkəsən. İnsanlar bir qarışqanı ayaqlamamaq üçün diqqətli olduğu təqdirdə bir uşağı torbaya qoyub küçəyə atmaq, gör bir nə deməkdir. Bunun üçün səni nə zaman, nə Allah, nə də tanıyanlar bağışlayacaq. Həyatda atdığın bütün addımlar belə uğursuz olacaq. Heç vaxt hansısa bir iş dalınca gedib gülə-gülə dönməyəcəksən. Çünki o uşağın ahı hər zaman səninlə yol yoldaşı olacaqdır.

Belə qadınlar, “analar” çoxdur. Qatil qadınlar. Hələ gördüyümüz budur, görmədiyimiz atılmış uşaqları isə biz görməsək də, Allah görür. Elə Allah da belə qadınlara, analara lənət eləsin. Qadın, ana adına ləkə olanlara ar olsun!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə