2023-ün dünyası və yaxud dünyanın 2023-ü

Təhmasib Novruzov

2023-cü il həyatımıza qədəm qoyandan dünyanın bütün ölkələrində olduğu kimi bizim məmləkətdə də siyasilər və özünü siyasətçi hesab edənlər müxtəlif məzmunlarda proqnozlar verirlər. Çox düşünüb-daşındım, axırda qərara gəldim ki, mən də oturum, 2023-cü illə bağlı bir-iki cümlə quraşdırım. Kimdən əskiyəm ki?

Proqnozlar bir yana, bəzən qınayıcı tərzdə deyirlər ki, gərək biz Laçın-Xankənd yolunda aksiyadansa, antiterror əməliyyatına başlayaydıq. Və sonra da bu il mütləq bu əməliyyatın gerçəkləşməsinin vacibliyini qeyd edirlər. Bir başqası da hay salır ki, İrandakı vəziyyətdən istifadə edib, qərbin də İranla münasibətlərinin
gərginləşdiyi bir zamanda Güney Azərbaycanın problemini həll etmək lazımdır. Hələ bir az da irəli gedib “Rusiyaya da yerini göstərməliyik” deyənlər də var. Qəminiz kəm, deyirsiniz deyin, deməkratiyadır, kim nə istəyirsə deyə bilər.Amma bu dediklərinizi özünüz aksioma kimi qəbul etsəniz də, başqalarına zorla qəbul
etdirmək istəyinizdən vaz keçməyiniz məsləhətdir. Mən də bir Azərbaycan türkü olaraq dediklərinizin hamısının dərhal həll olunmasını çox istəyərdim. Amma biz nağıllar dünyasında yaşamırıq ki, şüşədən çıxan bir cin hamısını göz qırpımında həll eləsin. Məsələn, qərbin İranla bağlı son bəyanatlarına inanıb da, güneyli
qardaşlarımıza açıq dövlət dəstəyi, hətta silahlı dəstək verməyimizin vacibliyindən danışanlar, hələ də bilmirlərmi ki, tarix boyu Azərbaycan türklərinin ərazisində İran-fars dövlətini yaradan və hakimiyyət dəyişsə də münasibətini dəyişməyən elə qərb özüdür? Aralıq dənizindən Yapon dənizinə qədər avrasiya materikini ikiyə
bölən türk dünyasının ortasında erməni və fars layihələrini yaradan qərb, bu regionda istədiklərinə nail oldumu ki, yaxud istəklərindən vaz keçdilərmi ki, İranın parçalanmasına dəstək versinlər? İslam dünyasını ikiyə bölmək siyasətini uğurla icra edən molla rejimindən qərbin belə asanlıqla əl çəkməsini düşünmək sadəlövhlükdür. Bəzi qərb dövlətləri sadəcə mır-mır edir ki, burda vəziyyəti daha da qızışdırsın və bölgədə daha bir qaynar ocaq yaradılsın.

Yaxud, Ukraynada başı nə qədər qarışır-qarışsın, Qafqazı nəzarətindən buraxmağın özü üçün nə demək
olduğunu yaxşı bilən Rusiyanın “Sülhməramlı” adlanan qüvvələrinin başı üstündən Qarabağda anti-terror əməliyyatı keçirməyin necə nəticələr verə biləcəyini də düşünmək gərəkdir. Əminəm ki, məqamı və vaxtı yetişəndə bu addım atılacaq və həllini də tapacaq. Ancaq siyasət gecikməyi sevmədiyi kimi, tələsməyi də sevmir axı!..

Labirintləşmiş dünyadan baş çıxarmaq nə qədər çətin olsa da, bu labirintin bir halqasına çevrilməmək üçün gərək səbr və təmkini əldən verməyəsən. Kimlərsə düşünə bilər ki, ABŞ da, qərb dövlətləri də İranın və Rusiyanın tezliklə parçalanmasını istəyirlər. Mənim proqnozum isə bunun əksini deyir. Deyim, görün
ağılabatandı, yoxsa yox! Rusiyada federasiyanın parçalanması nəticəsində yaranacaq yeni dövlətlərin əksəriyyəti hansı xalqa məxsusdu? Çox doğru dediniz. O zaman indi Aralıq dənizindən Altay diyarına qədər uzanan türk birliyi gedib çıxacaq Yapon dənizinə kimi, şimalda da buzlu okeanın buz dağlarına qədər!

Görəsən ABŞ və Qərb dövlətləri bunu istəyirmi? Eynilə də İran parçalanarsa, böyük turanın ortasında süni yaradılan İran ərazisindəki türk xalqlarının azadlığa çıxması, bu birliyin quru torpaqlarda da birliyini təmin edir. Bunu necə, istəyirmi qərb? Ötən əsrin əvvəllərində Rusiyaya da güzəştləri buna görə etmədimi qərb dövlətləri? İndi necə ola bilər ki, yüz il sonra qərb birdən-birə türkün birliyində bu qədər maraqlı oldu? Mən siyasətçi-flan deyiləm, amma bu dediklərimi idrak etmək üçün siyasətçi olmaq vacib deyil. Sadəcə, keçmişdə baş verənləri bilmək və bu gün baş verənlərlə müqayisə etmək kifayətdir. Mənim də bu müqayisədən gəldiyim qənaət budur.

Bir sözlə, deyəsən labirintin ilgəyi tapılmayacaq və tapılmasa qiyamət qopacaq. Əslində Ukrayna-Rusiya savaşı adlandırılan, reallıqda isə dünya güclərinin savaşına çevrilən hadisənin özündə qiyamətin bəzi əlamətləri görünməkdədir. Hələ yaxın, orta və uzaq şərqdə, afrikada, cənubi amerikada baş verənləri demirəm. İş o yerə çatıb ki, dünənə kimi nüvə silahının əleyhinə olan İran, Cənubi Koreya kimi dövlətlər də nüvələşməyə doğru addımlarını böyütməkdədirlər. Yəni deməyim odur ki, biz nə qədər nüvəsiz dünya arzulasaq da, bunun əksi baş verməkdədir. Görünən odur ki, 2023-ün dünyası nüvə silahı yaratma yarışının güclənməsi ilə yadda qalacaq. Dünyanın 2023-ü bu baxəmdan bəşəriyyətə yaxşı nəsə vəd etmir. Böyük şairimiz Bəxtiyar Vahabzadə demişkən,

Bir tükdən asılıb taleyi indi,
İnsan əməlinə kaş dözə dünya!

Ölkəmizə, türk dünyasına qayıtsaq, narahat olmağa əsas yoxdu. Yetər ki, nə tələsək, nə də gecikək!.. Bu təmkiimiz sayəsində son 20 ildə Azərbaycan çox olmazları oldurub, çox xəyalları gerçəyə çevirib. Ən vacibi labirintin içindən ilgəyi tapıb rahat yola girən məmləkətimizi yenidən labirintə soxmamaqdır. O zaman nəinki gözlədiyimiz, hətta gözləmədiyimiz çox nailiyyətlərimiz olacaq, inşaallah!

Bütün xəbərlər Facebook səhifəmizdə